Tros Qüdrətin başı bəlada
9 Oktyabr 2018 13:00 SosialBakı Lifttəmir İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun bütün əmlakı əlindən alınaraq müsadirə ediləcək. "Olaylar"a daxil olan məlumata görə, artıq sabiq baş direktorun varidatının dəqiqləşdirilməsi istiqamətində araşdırma başlanıb. Xatırladaq ki, Bakı Lifttəmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifəsindən azad edilib. Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lifttəmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı Bakı şəhər Baş Prokurorluğunda cinayət işi açılıb. Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Belə xəbərlər var ki, işdən qovulandan sonra Qüdrət Şükürova yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb.
Onu da qeyd edək ki, Bakı Lifttəmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi. Qüdrət Şükürovun adı illərdir ki, liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanır. Onun sərvəti, ailə üzvlərinin dəbdəbəli həyat tərzi haqda da məlumatlar illərdir ki, mətbuatın gündəmindən düşmür. Bakıda liftlərin durumu hər ötən il pisləşdiyi göz önündə ikən "baş liftçi"nin varidatı əksinə, artıb. 500-600 manat məvacib alan bir məmurun dünyanın dörd bir tərəfində, Türkiyədə, Avropada, Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi xəbərləri də var. Ən son məlumatlar isə belədir ki, Qüdrət Şükürov mülk-mülklərini, bank hesablarındakı vəsaitləri müxtəlif şəxslərin adına keçirib. Lakin Lift İdarəsinin direktoru məşhur "Gümüş Plaza"dakı 2 mənzilini ( 900 min + 900 min ) 1, 8 milyona sataraq vəziyyətdən çıxa bilib.