Dövlət Miqrasiya Xidməti yeni layihəyə start verir
8 Oktyabr 2018 15:49 SosialDövlət Miqrasiya Xidməti (DMX) və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - "ASAN Radio" birgə yeni layihəyə start verir. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, "Miqrasiya xidməti" adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.
Qeyd edək ki, "Miqrasiya xidməti" verilişini hər həftənin çərşənbə günü saat 11.05-də dinləyə bilərsiniz. Verilişdə vətəndaş sualları da qəbul ediləcək.