Məktəb qarşısında duran mühüm sifariş sosial cəhətdən fəal insan yetişdirməkdir
2 Avqust 2018 16:00 SosialSon illər ərzində ölkədə bütün sahələr kimi təhsil sahəsi də nəzərəçarpacaq dərəcədə inkişaf edib, bu sahədə bir çox nailiyyətlər əldə edilib. Təhsil sahəsində maddi-texniki bazanın gücləndirilməsi onun keyfiyyətinə də öz müsbət təsirini göstərib. Hər il inşa edilən yeni-yeni məktəb binaları, təhsil ocaqları indi bütün respubkanı əhatə edir. Təhsil sahəsində qazanılan nailiyyətlər bu sahənin təmsilçiləri tərəfindən də təqdir olunur, qənaətbəxş sayılır. Qaradağ rayonu, Ələt qəsəbəsinin 302 saylı məktəbinin direktoru Səkinə Rzayeva deyir ki, insan yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Onun sözlərinə görə, əsl vətəndaşlıq səmimiyyəti, fərdi əlaqə, mühitə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı , bir sözlə , bütöv şəxsiyyət probleminin həlli məktəbdən , tədris sistemindən asılıdır: "Biz müəllimlər təkcə biliyimizi yox, ömrümüzü də şagirdlərin arasinda paylayırıq. Lakin şagirdləri tərbiyə zamanı tənbehlər islahedici olmalıdır. Bəzən valideynlər də şagirdin məktəb , müəllimə olan marağının azalmasında yardımçı olurlar. Məktəb-Valideyn əlaqələri gücləndirilməlidir. Məktəbdaxili nizam-intizamı gücləndirmək üçün birlikdə səy göstərməli, şagirdlərə fiziki güc tətbiq etmədən qanunlar çərçivəsində həyata keçirməliyik. Övladınızın təhsilini dəstəkləmək üçün ən yaxşı yollardan biri sizin tərəfdən çox yaxşı məktəb -valideyn əlaqəsinin yaradılması , inkişafı və qorunub saxlanılmasıdır. Hamı birlikdə uşağınızın mənafeyi üçün çalışdıqda o mütləq müəyyən akademik və sosial faydalar əldə edəcəkdir. Sosial adaptasiya, problemləri həll etmə bacarığı ,fəallıq, yeniliklərə asanlıqla öyrənmə belə insanın kompentensiyalarındandır. Ünsiyyət mədəniyyət , vərdişləri ".
Bəs görəsən, uşaq cəzanlandırma alternativi, utancaqlığı aradan qaldırma, güclü məktəb-valideyn əlaqələrini necə qurmalı?. Səkinə Rzayeva hesab edir ki, uşağı dərsə apararkən və götürərkən valideyn müəllimlərlə ünsiyyət qurmağa çalışmalıdır: "Müəllim-valideyn müzakirələrinə gedin. Məktəb klublarına, proqramlarına və təlimlərnə kömək edin. Valideyn komitələrinə üzv olun. Məktəb cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Sosial mühit təhsil sifarişçisi kimi məktəbə təsir edir və məktəb də öz növbəsində ətraf mühiti dəyişdirir. Bu gün məktəb qarşısında duran mühüm sifariş sosial cəhətdən fəal insan yetişdirməkdir". O, qeyd edib ki, hazırki dövrdə Təhsil Nazirliyi ictimaiyyətə açıq olan, haqlı-haqsız iradlara, tənqidlərə etik reaksiya verən(verməyən) az sayda qurumlardan biri, bəlkə də, birincisidir: "Yaşadığımız informasiya dünyasında isə pozitiv və neqativliyindən asılı
olmayaraq, istənilən informasiya mübadiləsi olduqca əlverişlidir. Mən bu gün cəmiyyətimizin təhsilimiz, onun keyfiyyəti haqqındakı rəyə münasibət bildirmək istərdim. Aydın məsələdir ki, hazırda sosial şəbəkələr üzərindən Azərbaycan təhsilinə həm ziyalı, yəni hadisələri düzgün analiz etmək və ədalətli qərar çıxarmaq, rəy vermək bacarığı olanlar və həm də belə bir imkanı məhdud olub, lakin kor-koranə rəy verənlər vardır. Təbii ki, inkar olmadan cəmiyyət durğun bir bataqlığa bənzər, bu öz yerində. Lakin konkret olaraq təhsilimiz haqqında daha tez-tez rast gəldiyim: "biliyin keyfiyyəti il-ildən aşağı düşür", yaxud "filan layihələri bəyənirik, lakin çatışmazlıqlarla qarşılaşdıq" kimi rəylərə bir təhsil idarəçisi kimi cavabım belədir: Təhsilimizdə davamlı olaraq həyata keçirilən təhsil islahatları hər kəsə məlumdur. Bu istiqamətdə yüzlərlə yenilik və dəyişiklikləri nümunə gətirmək olar. Və bu gün sizin gördüyünüz göstəricilər də real rəqəmlərdir. Düz yola çıxmaq üçün nəhayət bir dəfə hansı bataqlıqda çabaladığını anlamalısan. İllər uzunu qeyri-obyektiv, şişirdilmiş bilik keyfiyyəti göstəriciləri ilə gözə kül üfürməkmi yaxşıdır, yoxsa bir dəfə gücümüzü toplayıb həqiqətin üzünə düz baxmaq və doğru, işıqlı yolu seçmək? Gec-tez bilməliydik şagirdlərimizin və müəllimlərimizin həm akademik, həm sosial biliyinin hansı səviyyədə olduğunu. Yaraları gizlətməklə onu müalicə etmək olmaz. Əlbəttə, hamımıza çətindir ölkənin lokomotivi olan təhsilimizdə axsaqlıqları görmək, amma başqa yolumuz yoxdur. Mən uzağa getmirəm, elə hazırda çalışdığım məktəbi götürək. Məktəbin 2014-cü il üçün siniflərdə bilik keyfiyyəti nəticələri yüksək olub rəsmi hesabatlarda. Təyin olunduğum il monitorinq komissiyası yaratdıq və fənlər üzrə monitorinqlərə başladıq. Nəzərinizə çatdırım ki, suallar fənn müəllimləri tərəfindən hazırlanırdı, sadəcə obyektivliyi və şəffaflığı təmin edirdik. Nəticələr fərqli oldu. Bir çox siniflərdə bilik keyfiyyəti göstəricisi aşağı endi. Biz bunu fənn kafedralarında və pedaqoji şuralarda müzakirə etdik və şagirdlərin bilik keyfiyyətini yüksəltməyin adekvat yollarını aradıq. Və bunu çox etik şəkildə, biri-birimizdən incimədən, ifşaedici və təhqiredici mövqeydən yanaşmadan etdik. Artıq şagirdlər də öz həqiqi qiymətləri ilə üz-üzə gəlməyə alışdılar. Sizdən xahişim odur ki, təhsilimizin inkişafı yolunda bizə kömək edin. Təhsil millətin gələcəyidir".
Səkinə Rzayeva onu da diqqətə çatdırıb ki. bu gün Azərbaycan təhsil sistemində əsası hələ 1999-cu ildə milli öndər H.Əliyev tərəfindən qoyulmuş təhsil islahatları məqsədyönlü şəkildə həyata keçirilir: "Bu islahatların çox vacib istiqamətləri vardır. Buna görə də hər bir təhsil iştirakçısının qarşısında özünəməxsus vəzifələr dayanır. Bildiyimiz kimi təhsil iştirakçıları da təhsilalanlar, valideynlər və müəllimlərdir. Və təhsilimizi dünyanın müstəqillik əldə etmiş mütərəqqi dövlətlərinin təhsil standartlarına uyğunlaşdırmaq üçün isə təbii ki, lokomotiv qüvvə müəllimlərdir. Hazırda
məktəblərdə bir çox innovativ vasitələr tətbiq olunmaqdadar. Bütün bunlar çox sevindiricidir. Lakin bir çox fədakar, əsl müəllim ruhlu təhsilverənlərlə yanaşı, təəssüflər olsun ki, məhdud düşüncə tərzinə malik olan, köhnə ideyaların əsiri olan müəllimlərimiz də vardır. Əlbəttə mən heç də dəyərli klassik ənənənlərin üstünə getmək fikrində deyiləm. Konkret olaraq demək istədiyim odur ki, müəllim olmaq üçün rəssam kimi, heykəltaraş kimi yaradıcı olmalıyıq. Şagird bizim əsərimizdir və biz yeni informasiya cəmiyyətinin sifariş etdiyi hərtərəfli şəxsiyyət modeli yaratmaq istəyiriksə, bu məqsədə gedən yolda qarşılaşdıgımız problemlemləri ilk növbədə çevrədə deyil, öz kontrol otağımızda axtarmalıyıq. Bəzən belə ifadələr eşidirik:"Bunu etməsəm,maaşımı kəsməyəcəklər ki","Valideyni maraqlanmır, mən nə edim?"chr("39") Oxumur,ondan adam olmayacaq" "Direktor nə üçün qovmur belə yaramaz şagirdləri?" Bütün bu sualların isə çox konkret cavabları var. Biz vicdanla və qərəzsiz, loyal olaraq çalışacağımıza andiçmə mərasimi olmadan belə müəllimlik kimi şərəfli bir peşənin daşıyıcısı kimi ilk dəfə sinif otağına girib şagird qarşısına çıxanda özümüzə söz verməliyik. Valideynin maraqlanmamasına görə uşağı qurban edə bilmərik. Biz bacardığımızı edək. Axı bu ,bizim cəmiyyətimizdir. Savad bir yana qalsın, hər hansı bir ictimai yerdə vətəndaşlarımızın qeyri-etik hərəkətini görəndə, yaxud mənəvi dəyərlərini maddiyata satanlarla qarşılaşanda o dəqiqə sinifdə şagirdlərimizə necə təlim-tərbiyə verdiyimizi xatırlamırıqmı?! Qoy bu şagirdlərin beşi, altısı mühitin təsirinə düşsün, lakin çoxu öz bünövrəsi üzərində inkişaf edəcək. Heç birini qovmaq haqda düşünməməliyik. Təhsilin icbari olması Təhsil Haqqında Qanundan hamıya məlumdur, bundan əlavə, hara qovuruq ki, qonşu məktəbəmi? Əksinə, biz onları qanadımızın altına alaq. Valideynin əsirgədiyini biz verək. Qoy getsin o da valideyninə öyrətsin. Elə valideyn var ki, heç özünün mükəmməl təlim-tərbiyəsi yoxdur. Amma o da bizimdir, övladı da. Ümumtəhsil məktəblərinin cəmiyyət üçün 100 faiz yüksək savadlı şəxsiyyət yetişdirmək kimi vəzifəsi olmadığını bilirik. Lakin buna bacardıqca motivasiya etməliyik".
Məhəmməd