Yeni nəqliyyat imkanları ilə Naxçıvan iqtisadi üstünlük əldə edəcək- ÖZƏL

"Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputaı Malik Həsənov deyib: "Minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması həyata keçirilən dövlət siyasətinin ayrılmaz istiqamətidir. Dövlət başçısının Naxçıvana səfərinin gündəliyində də bu məsələ xüsusi diqqətdə oldu. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış oldular. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir".
 Malik Həsənov qeyd edib ki, muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat infrastrukturu mühüm rol oynayır: "Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31