Yaşıl terror
2 Avqust 2018 14:05 SosialOksigensiz həyatı təsəvvür etmək mümkün deyil. İnsan yeməksiz 1 aydan çox, susuz bir neçə gün davam gətirə bilər, havasız isə 5-6 dəqiqədən artıq yaşaya bilməz. Hava udmaqda məqsəd onun tərkibindəki oksigeni mənimsəməkdir. Orqanlara və hüceyrələrə oksigen qan vasitəsilə çatdırılır. Qanı isə oksigenlə zənginləşdirən ağ ciyərlərdir. Ağ ciyərlər tənəffüs vaxtı havadan oksigeni qəbul edərək, qandakı müvafiq cisimciklərə birləşdirir və qan damarlar və kapilyarlar vasitəsilə orqanizmin ayrı-ayrı orqan və hüceyrələrinə çatdırır. Aydındır ki, nəfəs aldığımız havada oksigen kifayət qədər deyilsə və hətta çirklənmişsə, qanda da oksigenin miqdarı azalacaq və ayrı-ayrı orqan və hüceyrələr oksigen aclığı hiss edəcəklər. Nəticədə orqanlar öz funksiyalarını layiqincə yerinə yetirə bilmir, müxtəlif fəsad və xəstəliklər meydana çıxır. Alimlər sübut ediblər ki, 4.000 kvadratmetrlik ağaclıq sahə bir ildə 18 insana kifayət edəcək qədər oksigen istehsal edir.
Hər gün küçələrdə şütüyən yüzlərlə avtomobillər tozunu udub, bizim sağlam həyat sürməmizə yardım edən yaşıllıqlarla artıq "vidalaşırıq". Ona görə ki, müxtəlif ərazilərdə yaşıllıqlara qarşı "soyqırımı" həyata keçirilir. Uşaqdan böyüyə hər kəs yaşıllığın insan həyatındakı rolunu bilir. Bu gün nəfəs alırıqsa və yaşayırıqsa demək ki, zamanında əkilən, qulluq edilən o ağacalara borclu idik. Amma indi...
İndi təbii ağacı kəsib yerinə elektrikli ağac "əkirik" və sonra da canımızın ağrılarından şikayət edirik. Doğulmamış körpələr də belə həkimlər artıq oksigen azlığı diaqnozunu qoyurlar. Niyə? Çünki bu gün uşaqların təhsil aldığı məktəblərin həyətləri yaşıllıqdan məhrumdur, yaşadıqları evlər güclə qonşu binaya pərçimlənib. Sakinlər öz evlərinin girişlərinə az qala mərkəzi yoldan daxil olurlar. Biz isə binaların qarşısında yaşıllıq xəyal edirik.
Kənar, gözə görünməyən yerlərdə qalan ağaclar isə bizlərə bir yadigar idi. Sağlamlığımız bir az da o yaşıllıqlardan asılı idi. Bəli, idi. İndi artıq o gözəgörünməz yerləri də bəzi sahibkarlar "görüb"lər. Hər gün şəhərin müxtəlif ərazilərində qocaman ağacların diblərinə müxtəlif maddələr, turşular tökülərək məhv edilir. Hər gün TV-lərdə izlədiyimiz, mətbuatda oxuduğumuz bu problemin qarşısı nədənsə alına bilmir, səbəbkarlar hələ də axtarılır. XXI əsrdə bütün küçələrin təhlükəsizlik kameraları ilə əhatələndiyi bir zamanda nədənsə ekoloji cinayətkarları tapmaq müşkül iş olub. Hamı axtarır, amma heç kim tapa bilmir.
Sabahımızın məhvinə indidən başlayan bəzi qüvvələr çox "ustaca" davranaraq nəfəsimizi boğmağı hədəf alıblar. Hər gün onlarla ekoloqun həyəcan təbilini nədənsə aidiyyatı qurumlar eşitmir. Dəfələrlə dövrü mətbuatda bu haqda çıxış edən ekoloqlar bildirirlər ki, bu cür səhlənkarlıq gələcəkdə böyük problemlər yarada bilər. Onların fikrincə, şəhərin ən sıx yerlərində şəhərciklərin salınması da tamamilə yanlışdır. Hətta o şəhərciklərdə mənzil alan insanların özləri hədsiz belə problemlər yaşayırlar. Günəşin düşməməsi, havanın kifayət qədər dövr etməməsi, nəqliyyat vasitələri üçün heç bir şəraitin olmaması, bütün bunlar yalnız bir sıra şəxslərin pul qazanmaq marağından yaranır.
Yer kürəsində ilk dəfə insanlar məskunlaşan vaxtlarda havada oksigenin miqdarı 40 faizə olub. Zamanla insanların təbiətdən amansız istifadələri nəticəsində havanın tərkibində oksigenin nisbəti tədricən azaldı. Hal hazırda təbiətdə oksigenin 21 faiz olduğu bildirilir. Qeyd olunan bu faiz meşələrdə olan havanın tərkibinə aiddir. İri şəhərlərdə isə bu nisbət 20 faizdən artıq deyil və üstəlik, çirklənmiş haldadır. Buna da səbəb isə iri şəhərlərin mərkəzi hissələrində şəhərciklərin salınmasıdır. Dünya praktikasında belə bir qayda var ki, salınacaq yeni şəhərciklərə şəhərin kənarında yer ayrılır və ora su, yol, elektrik, qaz və digər kommunikasiya xətləri çəkilir. Min illik tarixi olan, özünün arxitektur ənənələri olan şəhərin ortasında kiçik bir yeri boşaldıb, şəhərcik salmaqla şəhərin tarixi məhv edilir. Beləliklə də, şəhərciklərdə məşkunlaşan insanlar və digər sakinlər gündəlik həyatlarında müxtəlif problemlərlə qarşılaşırlar.
Almanların "Yaşıl ciyər" adlandırdıqları meşələr bu gün təhlükə altındadır. Lakin sevindirici haldır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları davamlı olaraq bölgələrdə reydlər apararaq, meşələrdə xammal məqsədi ilə ağacları kəsən şəxslərə qarşı cərimələr tətbiq edir. Kömür və müxtəlif istehsalat üçün kəsilən ağaclar sayəsində bu gün ölkə ərazisinin 11,8 faizini meşə örtüyü təşkil edir. Bir ölkə üçün təbii ki, bu göstərici artıq həyəcan təbillinin çalınma vaxtının yetişdiyini göstərir.
Problemin qarşısının alınma yollarından biri yalnız insanların ekoloji maariflənməsidir. Dünya praktikasında bu cür maariflənmə hələ orta məktəblərdən başlayır. Ekologiyaya, yaşıllıqların insan həyatında əvəzsiz rolunu təbliğ edən kitablar, jurnallar nəşr edilir. Sabahın naziri, sahibkarı hələ körpəikən bu haqda məlumatlandırmaqla gələcəyini sığortalayan dövlətlərin praktikasından istifadə olunmalıdır.
Bir anlıq dünyanı ağacsız, yaşıllıqsız təsəvvür edək və o zaman həyatımızın sözün hər mənasında qaralacağının şahidi olacağıq. Bu tarazlığın pozulması dünyanı fəlakətə sürüklüyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Dünyamızı öz əllərimizlə məhv etməyək!
Ay An