Kolbasa alarkən nələrə diqqət etmək lazımdır?

İnsanlarda bu məhsula qarşı asılılıq yaratmaq üçün kolbasaya nə qatılır?

Günümüzdə gündəlik qəbul etdiyimiz qida vasitələri arasında kolbasa da mühüm yer tutur. İstər ev şəraitində, istərsə də məclislərdə bu məhsuldan kifayət qədər geniş şəkildə istifadə edilir. Ancaq onu da etiraf etmək lazımdır ki, bir çox hallarda kolbasa məmulatları heç də gigyenik qaydalara uyğun şəkildə hazılanmır və ya tələb olunan norma və şəraitdə saxlanılmır. Hətta bəzi hallarda kolbasa hazırlanması zamanı tələf olmuş heyvan ətindən istifadə edildiyi də bildirilir. Düzdür, bu kimi neqativ hallara qarşı müvafiq qurumlar, hüquq-muhafizə orqanları, eləcə də bir müddət əvvəl yaradılmış Qida Təhlükəsizliyi Agentliyi mübarizə aparsa da, lakin hələ də bu sahədə müəyyən problemlər qalmaqdadır.

Ümumiyyətlə, kolbasa müxtəlif ədəvalar, duz və piy qatılmış, bağırsaq və ya onun süni əvəzedicisinin içərisində preslənmiş ət farşıdır. Hər halda yarandığı ilk dövrlərdə kolbasa belə olub. Həmin dövrlərdə kolbasa insanlar üçün yeni dad demək idi. Eyni zamanda kolbasa qiza bir zaman kəsiyində dadlı nahar və şam yeməyi hazırlamağa, eləcə də, əti və ət məhsullarını uzun müddət saxlamağa geniş imkanlar yaradırdı. Yarandığı gündən etibarən kolbasa insanlar arasında çox populyar olub və bu gün də öz populyarlığını saxlamaqdadır.

Kolbasa haqqında ilk yazılı məlumatlara təxminən e. ə. Y əsrdə Çin, Babil və yunan mənbələrində rast gəlmək mümkündür. Daha sonra kolbasanın təsvirinə digər mənbələrdə də, məsələn, Homerin "Odisseya"sında rast gəlmək olar. Epixarm hətta "Kolbasa" adlı komediya da qələmə alıb. Hərçənd, bu heç də o demək deyildir ki, kolbasanı qədim yunanlar ixtira ediblər. Bir çox kulinar ixtiralar yalnız ona görə yunanların adına çıxılır ki, onların hazırlanma reseptlərini ilk dəfə olaraq məhz yunanlar yazıya alıblar.

Çox güman ki, kolbasanın resepti Yunanıstandan Romaya keçib. Orada da yeyib-içməyi sevsələr də, isti iqlim şəraiti ət və ət məhsullarını uzun müddət saxlamağa imkan vermirdi. Ətin korlanmasının qarşısını almaq məqsədilə təmizlənmiş heyvan bağırsaqlarını xırda-xırda doğranmış ət tikələri ilə doldurur, daha sonra isə ədəvalar və duz əlavə edərək ucların bağlayıb qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asırdılar. Əti bu formada uzun müddət saxlamaq mümkün olurdu.

Tüstünün üzərində asılmış kolbasa daha tez quruyur və yandırılan alma və qızılağac budaqlarının ətrini canına çəkir. Tüstü həmçinin milçək və digər həşaratları qaçırır. Bu üsulla hazırlanmış kolbasa daha dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz idi. Ləzzətli yeməyi xoşlayan romalılar kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, hətta delfin ətindən də istifadə edirdilər. Kolbasa bütün dövrlərdə mürəkkəb hazırlanma reseptinə malik delikates olub. Onun hazırlanması həm də xeyli vaxt tələb edirdi. Bu səbəbdən kolbasanın miqdarı həmişə az, qiyməti isə yüksək olub. Ötən əsrlərdə kulinarlar kolbasaya konyak, madera və ən yaxşı hind ədədvaları əlavə edirdilər. Təsadüfi deyil ki, kolbasa ilə bağlı bir çox rəvayət və əfsanələr mövcuddur. Orta əsrlərdə Avropada kolbasa istehsalı iki istiqamətdə gedib. Soyuq iqlimə malik şimal ölkələrində əsasən tüstüdə qurudulmuş çiy kolbasalar hazırlanıb. Cənub regionlarda isə günəş altında qaxac etmək üsulundan istifadə olunub. Buna misal olaraq sucuq və basdırmanı göstərmək olar. Almanlar və avstriyalılar kolbasa hazırlanmasının mahir ustaları hesab olunurlar. Kolbasa və sosis növlərinin bu cür rəngarəngliyinə dünyanın digər heç bir ölkəsində rst gəlmək mümkün deyildir. Avstriyanın paytaxtı Vyana ilə Almaniyanın Frankfurt-Mayn şəhərləri bu günədək sosislərin vətəni adlanmaq uğrunda mübarizə aparırlar. Kolbasa sözünün mənşəyi barədə müxtəlif mülahizələr mövcuddur. Lakin əsas versiyaya görə, bu məfhum türk dillərindən götürülmüşdür və "kol" (qol, əl) ilə "basmaq" sözlərinin birləşməsindən yaranıb. Çox güman ki, ruslara da bu söz türklərdən keçib.

Qeyd etdiyimiz kimi müasir dövrümüzdə kolbasa heç də günün tələbləri, gigiyenik qaydalara uyğun hazırlanmır. Belə məhsulların bazarlara ayaq açması isə ondan istifadə edənlərdə problemlər yaradır. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi tövsiyə edir ki, kolbasa alarkən bir sıra nüanslara diqqət etmək lazımdır. Bəs,  kolbasa alarkən nələrə diqqət etməliyik?

Agentlikdə hesab edirlər ki, ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. İstehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış) , kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır. 
Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. 
Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.
Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır. 
Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 - Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. 
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 - qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır.
E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir. 
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31