Naxçıvan enerji istehsal və ixrac edən mərkəzə çevriləcək- ÖZƏL
15:38 Sosial"Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi yer tutur. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması mühüm hadisədir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Naxçıvan Sənaye Parkı ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu, sadəcə yeni sənaye obyektinin yaradılması deyil. Bu layihə Naxçıvan iqtisadiyyatının istehsal yönümlü inkişafına, yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb olunmasına və məşğulluğun artırılmasına hesablanıb". "OlaylaR" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib:
"İllər ərzində Naxçıvan iqtisadiyyatında müəyyən irəliləyişlər əldə olunsa da, qarşıdakı mərhələnin əsas fərqi sənayeləşmənin daha sistemli xarakter almasıdır. Sənaye Parkının yaradılması yerli xammal və resurslardan istifadə etməklə yeni istehsal sahələrinin formalaşmasına, məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yarada bilər. Burada əsas məqsəd yalnız yeni müəssisələrin sayını artırmaq deyil. Əsas hədəf iqtisadi fəallığın yüksəldilməsi, özəl sektorun imkanlarının genişləndirilməsi və Naxçıvanın özünü təmin edən, eyni zamanda ixrac potensialına malik iqtisadi məkana çevrilməsidir.
Prezidentin qeyd etdiyi kimi, regionda enerji böhranları və müxtəlif risklər artır. Müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı problemlər və nəqliyyat zəncirlərinin pozulması enerji təhlükəsizliyini getdikcə daha mühüm məsələyə çevirir. Belə bir şəraitdə Azərbaycanın enerji potensialının artırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Naxçıvanın qazla 100 faiz təmin olunması da bu strategiyanın mühüm hissəsidir. İranla qaz mübadiləsi mexanizminin yaradılması nəticəsində muxtar respublikanın qaz təminatının sabitliyi təmin edilib. Lakin Azərbaycanın baxışı artıq bununla kifayətlənmir. Bu gün Azərbaycanda Naxçıvan - yaşıl enerjinin yeni mərkəzi yaradılır. Naxçıvanın Günəş və su ehtiyatları onun bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir. Prezidentin müsahibəsində bu potensiala xüsusi diqqət yetirilməsi təsadüfi deyil.
Naxçıvanda Günəş elektrik stansiyalarının yaradılması, bərpaolunan enerji layihələrinə özəl sektorun cəlb edilməsi və enerji saxlanc sistemlərinin formalaşdırılması muxtar respublikanın gələcək enerji modelinin əsas elementlərindəndir. Bu istiqamət həm Azərbaycanın "yaşıl enerji" strategiyasına, həm də dünya enerji bazarında gedən dəyişikliklərə uyğundur. Beləliklə, Naxçıvan gələcəkdə yalnız öz enerji tələbatını ödəyən region kimi deyil, həm də enerji istehsal və ixrac edən mərkəz kimi formalaşa bilər. Bu, Naxçıvanın iqtisadi coğrafiyasında çox ciddi dəyişiklik deməkdir".