“Məzun günü” keçirilib
5 İyul 2018 12:23 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 36 nömrəli tam orta məktəbdə "Məzun günü" keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, məktəbi 1988-ci ildə bitirən məzunların iştirakı ilə təşkil olunan görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Öncə qonaqlar 36 nömrəli tam orta məktəbin məzunu olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
"Məzun günü"nün təşkil olunmasının əsas məqsədi məzunlarla əlaqələri genişləndirmək, uğurlu məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq və onların məktəbin ictimai həyatında daha fəal iştirakın təmin etməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə açan 36 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyeva qonaqları salamlayaraq, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. E.Səfərəliyeva məktəbi 30 il öncə bitirən məzunlar arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib.
Daha sonra məktəbi 30 il əvvəl başa vuran məzunların arxiv şəkillərindən ibarət videoçarx nümayiş olunub.
Sonda məzunlar onların məktəb həyatını əks etdirən hədiyyələri pedaqoji kollektivə təqdim edib, xatirə şəkli çəkdiriblər.