Yer vermək hər zaman daxili mədəniyyətin göstəricisi deyil

"Hörmətli sərnişinlər, bir-birinizə qarşı diqqətli olun, əlillərə, qocalara, uşaqlı qadınlara yol verin..." 

Madriddə avtobusların birində maraqlı hadisə baş verib. Beləki, iki qadın arasında yer üstündə dava düşüb. Deyə bilərsiniz ki, bunda maraqlı nə var axı, belə davalara paytaxtın ictimai nəqliyyatında demək olar ki hər gün şahid olur, yaxud eşidirik. Lakin bu görüb, eşitməyə öyrəşdiyimiz davalara bənzəmir. Beləki, Sofia adlı yaşlı qadın, gənc Bella-nı başa düşməyəcəyimiz ispan dili ilə təhqir edib ki, bəs Bella onu gördüyü zaman nə üçün ayağa qalxaraq oturması üçün yer verib, ya da ən azından yer vermək üçün cəhd edib. Sağlamlığının qeydinə qalan, fiziki baxımdan heç də zəif olmayan Sofia səhər yürüş etdikdən sonra avtobusla geri dönmək istəyib, lakin Bellanın onu yaşlı və zəif hesab edərək oturması üçün öz yerini verməsi Sofianın əsəblərini yerindən oynadıb. Bellanı etdiyi bu "tərbiyəsizliyə" görə nəqliyyatdakı bütün vətəndaşlar qınayıb. 

Sofia kimi qadınlara bizdə nadir hallarda rastlanır. Lakin ictimai nəqliyyata çatmaq üçün Sofiadan heç də geri qalmayan sürətli addımlarla yeriyən, nəqliyyata mindikdən sonra isə boş yerlər tapmadığı zaman bir anda yaşlı olduğunu xatırlayaraq bunu ətrafdakılara öz hədələyici, hər an təhqir etməyə hazır nəzərləri ilə çatdıran, nəqliyyatdan düşdükdən sonra isə yenidən Sofia ilə eyni sürəti yığaraq addımlayan qadınlarımız kifayət qədərdir. Bella kimi gənclərə isə  tez-tez rast gəlinir. Nə olsun ki, ispandır. İnanlara hörmət, mərhəmət hissi, nə yaş, nə irq, nə də dinlə bağlıdır. 

Uzun illər nəqliyyat istifadəçilərini davranış mədəniyyətinə riayət etməyə çağıran "Hörmətli sərnişinlər, bir-birinizə qarşı diqqətli olun, əlillərə, qocalara, uşaqlı qadınlara yol verin..." anonsundakı, hörmətli sərnişinlər ifadəsini sadəcə hörmətli gənclər, hətta hörmətli belə yox, sadəcə gənclər kimi eşidən müəyyən bir kütlə ucbatından bir çox gənclər haqsız hədələrə, yersiz təhqirlərə məruz qalır. 

Ən gözəl mental dəyərlərimizdən biri də böyüklərə, yaşlılara hörmət və digərlərinə mərhəmət hissidir. Doğrudur, son vaxtlar təəssüflər olsun ki, yaşlılara qarşı mərhəmətsiz və diqqətsiz olanların sayı sürətlə artıb, lakin fiziki qüsurlu şəxslərə, yaşlılara, uşaqlı qadınlara yer vermək heç də hər zaman daxili mədəniyyətin göstəricisi deyil.

Bu gün özəlliklə ictimai nəqliyyatla hərəkət zamanı gənclərə qarşı anlaşılmaz aqressiya hiss olunur. İşin əslini bilmədən gəncin hansı hiss-həyəcan içində olduğunu, fiziki, psixoloji olaraq hansı vəziyyətlə üz-üzə olduğunu düşünmədən sanki gəncin səhhətində heç bir problem ola bilməz, sanki gənclərin aşırı yorulmağa haqqı yoxuymuş kimi üzərinə təzyiq edərək basqıyla yer tələb edən "böyüklərin" də sayı yaşlılara qarşı mərhəmətsiz, diqqətsiz olanların sayı ilə eyni sürətdə artmaqda davam edir.

Gəncdən öz böyüklüyünə yaraşacaq tərzdə yer istəməyi özünə ayıb bilən və bunu öz şəxsiyyətinə sığışdırmayan bəzi fərdlər, yer üstündə təhqir etməyi öz böyüklüyünə ayıb bilmədən, üstəlik özü kimi düşünən digər "böyükləri" də gəncin üzərinə təzyiq etməyə vadar edir. Bu günki, cəmiyyətimizdə ağlın qəbul edə bilmədiyi bu qədər vicdansızlıqlar, günahlar, yanlışlar varkən istər gənc oğlan, yaxud gənc qızın sadəcə qalxıb yer vermədiyi üçün başqa insanların gözləri önündə şəxsiyyətinə toxunulması, hədələrə və təhqirlərə məruz qalması cəmiyyətin nə qədər vəhşiləşdiyinin göstərcisidir.

Bu məsələdə gənclərin daha diqqətli , böyüklərin isə ön mühakimələrindən uzaq olması gənclərlə onlar arasında balansın yaranmasına gətirib çıxaracaq ki, bu da cəmiyyətin vəhşiləşməsinin qarşısını almaq yolunda ən vacib addımlardan biri olardı.     

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31