Aliment ödəməkdən boyun qaçıran kişilər gəlirlərini gizlədirlər

Qadınlar isə keçmiş ərlərinin qanuni gəlirlərini sübut edə bilmirlər

Azərbaycanda boşanan cütlüklərin sayı artmaqda davam edir. Məsələ orasındadır ki, belə ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntılar içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi artıq həlli müşkül olan problemə çevrilib. Bu problemin doğurduğu acı nəticələr uşaqların məsum həyatında silinməz izlər qoymaqla yanaşı, cəmiyyətə də təsirsiz ötüşmür. Məlumat üçün qeyd edək ki, Azərbaycanda boşanan ailələrdə könüllü aliment ödəmək ənənəsi olmadığından qanunvericilikdə xüsusi qaydalar müəyyən edilib. Ailə Məcəlləsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Alimentin məbləğini isə qanunvericilik aşağıdakı kimi müəyyən edir. Bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, 2 uşağa görə, üçdə biri, 3 və daha çox uşağa görə, qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" qərarı ilə işləyənlərin və ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib.

Azərbaycandan fərqli olaraq, xarici ölkələrin çoxunda boşanan tərəflər şüurlu şəkildə övladının saxlanma xərclərini ödəmək lazım olduğunu başa düşür, yaşayış və iş yerini, gəlirlərini gizli saxlamır, valideynlər bir-biri ilə düşmən olmur. Bizdə isə əksər hallarda qadınlar ərlərinin maddi gəlir səviyyəsini məhkəmədə sübut edə bilmirlər. Bu sahədə məhkəmə təcrübəsini qənaətbəxş hesab edən hüquqşünaslar hesab edirlər ki, alimentlə bağlı işlərə baxarkən əsas problem cavabdehin faktiki işsiz olduğu halda, əlavə gəlirlərinin olması və bunu məhkəmədən gizlətdiyi zaman yaranır. Hüquqşünas Adil Nəbiyev qeyd edib ki, Azərbaycanda problem odur ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini müəyyən edə bilmirlər: "Cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin heç biri cavabdehin adına deyil. Qanun ərin əlavə gəlir mənbəyini, əməkhaqqının məbləğini sübut etmək vəzifəsini qadının üzərinə qoyur. Cavabdehin əməkhaqqının məbləği sabit olmadığı halda, qanun sabit pul məbləği müəyyən etməyə icazə verir. Məbləğ cavabdehin əmlak vəziyyətindən asılı olur və qanunla qazancın dörddə biri miqdarında müəyyən olunur. Ailə vəziyyətində dəyişiklik yarananda alimentin məbləğinə yenidən baxıla bilər. Valideyn uşağı dünyaya gətirirsə, qayğısına da qalmalıdır. Ata qanuni yolla qazanc əldə etməlidir və uşağını saxlamalıdır. Düzdür, işsizlik problemi var. Dövlət də bu problemin həllinə çalışır, yeni iş yerləri açır, aztəminatlı ailələrin müdafiəsi ilə bağlı tədbirlər görür. Lakin bu, ataya uşağını saxlamaqdan imtinaya haqq qazandırmır. Əgər ata fiziki cəhətdən sağlamdırsa, işləyib alimenti verməlidir. İndi sərbəst iş yerləri var. Atanın iş yoxdur deməsi, bəhanədir. Daş daşı, uşağını saxla! Sadəcə, buna istək lazımdır".

Hüquqşünasın sözlərinə görə, şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır: "Əvvəl şəxsin borcu olsa da, istədiyi vaxt ölkədən gedə bilərdi. Hətta elələri var idi ki, digər ölkələrdə öz biznesini qurmuşdu. İndi borclu şəxsin bu hüququ məhdudlaşdırılıb. Şəxs borcunu ödəmədiyi halda, icra məmuru tərəfindən məhkəməyə təqdimat verilir. Məhkəmə təqdimata baxaraq onun bu hüququnu məhdudlaşdırmaq barədə qərar çıxarır. Şəxs məhkəmə və digər orqanların qərarı üzrə olan borcunu tam ödədikdə həmin məhdudiyyət icra məmuru tərəfindən götürülür. Bu cəzanın qanunvericiliyə daxil edilməsi məhkəmə və digər orqanların qərarlarının icrasında böyük stimul yaradıb. Aliment ödəyicilərinin çoxu işsiz olduqları üçün kəsilmiş alimenti nağd olaraq, həm də təsadüfi qazanc hesabına ödəməli olurlar. Bu da təbii ki, müəyyən problemlər yaradır. Burada iki hal müşahidə olunur. Birincisi, aliment ödəyicisi iş tapa bilmir və alimentin ödənilməsində, obyektiv səbəblərdən, fasilələr yaranır. İkincisi, aliment ödəyicisi qəsdən qazancını gizlədir və aliment ödəməkdən şüurlu şəkildə yayınmağa çalışır. İkinci halın sübut edilməsi məhkəmə icraçıları üçün çətindir (bu məqsədlə qanunvericilik səviyyəsində icraçılara səlahiyyət və vəsait verilməlidir), maraqlı tərəfin sübut etməsi üçün xeyli vəsait və vaxt tələb edilir. Qanuna görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər və bu müddəanın olması qərar qəbuletmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək imkanı verir və bununla da qeyri-bərabərliyin əsası qoyulur.Borclu, yəni alimenti verən tərəf iş yerini, gəlirlərini, əmlakını gizlədir. Bu da məhkəmə qərarlarının qəbulu zamanı ciddi problem yaradır. Həmçinin, borclu iş yerinin, yaşadığı yerin ünvanını gizlədir, əməkhaqqının cüzi hissəsini rəsmiləşdirir. Müəyyən hallarda borclu işsiz olur, alimenti ödəyə bilmir. Bu da alimentin ödənilməsi ilə bağlı qərarın icrasında problem yaradır. Alimenti bu və ya digər səbəblərə görə, ödəyə bilməyən valideyinin əvəzindən uşaqlara dövlət aliment fondundan aliment ödənilməli, valideyn isə fonda borclu qalmalı, daha sonra fond valideyndən alimenti geri almalıdır. Xarici ölkələrdə bu institut var və özünü doğruldub".

Ekspertlərin qənaətinə görə, alimenti ödəməkdən boyun qaçıran şəxslərin əməyə məcburi cəlb olunması məsələsi tətbiq olunarsa, onda cavabdeh şəxslər gəlir və əmlaklarını gizlətməkdə maraqlı olmayacaqlar. Nəzərə almaq lazımdır ki, maddi, mənəvi və hüquqi köməkdən məhrum olan qadınların əksəriyyəti insan alverinin qurbanına çevrilmə təhlükəsi qarşısında qalırlar. Belə qadınlar uşaqlarını lazımi səviyyədə tərbiyə və himayə edə bilmədiklərindən uşaqlar özləri erkən yaşlarından işləməyə, dilənməyə və s. istismara məruz qalırlar. Qadınlar boşanma prosesində özlərindən asılı olmayaraq, keçmiş ərlərinin qanuni gəlirlərini sübut edə bilmir və bu səbəbdən də alimentin zəruri məbləğdə tələb edilməsində çətinliklər yaranır. Boşanan ərin rəsmi iş yerinin olmaması, yaxud belə iş varsa da, ancaq əməkhaqqının cüzi hissəsinin rəsmi, əsas hissəsinin isə qeyri-rəsmi olması ona gətirib çıxarır ki, məhkəmə alimentin məbləğini yaşayış üçün zəruri olan məbləğdən də az tutmaq məcburiyyətində qalır. Kifayət qədər maddi imkanı olan kişilər isə şikayət edir ki, məhkəmə alimentin məbləğini düz müəyyən etməyib, məbləğ az olmalıdır. Belə atalara qarşı ictimai qınaq olmalıdır. Boşanma o demək deyil ki, uşaq sənin deyil, valideynlik vəzifələrin yoxdur. Bu, mənəvi məsələdir. Bəzi xarici dövlətlərdə bu barədə məhkəmə qərarını icra etməyən sürücülük hüququndan məhrum edilir, iş yerinə hansısa sənəd göndərilir. Ölkələrin birində rayon üzrə alimenti ödəməyənlərin tablosu hazırlanır və insanların sıx yaşadığı yerlərdə qoyulur. Hansısa məhkəmə qərarını icra etməməyi başa düşmək olar. Alimenti isə sən öz uşağının inkişafı üçün verirsən və bu da hər bir valideynin borcudur

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31