İstanbulda region ölkələrində vərəmin qarşısının alınmasına dair konfrans keçirildi
29 İyun 2018 16:31 Sosial|
20-22 İyun, 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində bu ilin dekabr ayında başa çatacaq Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in yekun Regional konfransı keçirilmişdir. Tədbirin əsas məqsədi layihənin müxtəlif ölkələrdən olan tərəfdaşları arasında təcrübə mübadiləsi aparılması, onların fəaliyyətləri zamanı əldə olunmuş nailiyyətlər və çətinliklər, həmçinin gələcək işlərinin planlaşdırılması idi. 2016-2018-ci illəri əhatə edən layihənin icrası zamanı əldə olunmuş nailiyyətlər konfransda əsas müzakirə mövzusu olub. Region ölkələrindən 30-dan çox vətəndaş cəmiyyətlərinin TB REP tərəfdaşı dəvət olunmuş bu konfransda iştirakçılar eyni zamanda advokasiya sahəsində biliklərinin artırılması və yaxınlaşmaqda olan bu ilin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT-in vərəm üzrə yüksək səviyyəli görüşünə hazırlıq məqsədilə təşkil edilmiş və təcrübəli peşəkar təlimçilər tərəfindən aparılan İctimai vəkillik üzrə iki günlük təlimlərdə də iştirak etmişlər. İştirakçıların dövlətdə qərar qəbul edici şəxslərlə kommunikasiya taktikaları haqqında bilik və bacarıqlarını artırmaq üçün təlimlərdə nəzəri məlumatlarla yanaşı, praktiki sessiyalar da keçirilmişdir. Tədbirdə Azərbaycanda TB REP layihəsi çərçivəsində "Sağlamlığa Xidmət" İB-in təşəbbüsü ilə ərsəyə gətirilmiş vərəm haqqında maarifləndirici sosial bədii film "Qışın isti nəfəsi" geniş konfrans zalında nümayiş etdirilmiş və izləyənlərin rəğbətini qazanmışdır. Tədbir Vərəm üzrə Avropa Koalisiyasının, Ukraynanın İctimai səhiyyə alyansının və Moldovanın Səhiyyə sahəsində siyasət və araşdırmalar mərkəzinin dəstəyi ilə keçirilmişdir. Tədbirdə layihənin tərəfdaşı olan beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər. Tədbir zamanı hər bir ölkənin nümayəndəsi layihə çərçivəsində görülmüş işlər və onların nəticələri barəsində məlumat verməklə yanaşı, öz ölkələrində layihənin icrası zamanı qarşılaşdıqları maneə və çətinlikləri də vurğulamışlar. Tədbirdə ölkəmizi TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi, "Sağlamlığa Xidmət" İB-in rəhbəri Elçin Muxtarlı və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının nümayəndəsi, "Həyat" Humanitar dəstək İB-in layihə üzrə koordinatoru Zəminə Səfərova təmsil etmişlər. |