Aldığı maşın başına bəla oldu

Bakı sakinin bir il öncə aldığı maşın başına bəla olub, zəncirvari bir neçə nəfərə satılan avtomobil sonda istintaqın obyektinə çevrilib.

Vətəndaş Dəyanət Kərimov bildirib ki,2017-ci ildə Elnur Abdullayevdən 99 MF 779 nömrəli "Mercedes ML" markalı avtomobil alıb: "Elnur həmin maşını Zaur Salmanovdan, o isə Sərxan Qəhrəmanovdan alıbmış. Mən maşını alanda rəsmi olaraq öz adıma keçirtdim. Bir müddət sonra Binəqədi polisindən məni çağırıb dedilər ki, Sərxan Zaura qarşı iddia qaldırıb. İddiaya görə, Zaur pulunu ödəmədən maşını öz adına keçiribmiş. Orada ekspertiza üçün maşını məndən aldılar, daha sonra Bakı Apellyasiya Məhkəməsində hakim qərar verdi ki, mülkiyyət toxunulmaz olduğundan mənim əmlakım müsadirə oluna bilməz. Beləcə, avtomobil özümə qaytarıldı".

D.Kərimov qeyd edib ki, daha sonra isə iş Abşeron rayon Polis İdarəsinə göndərilib: "Sərxan Qəhrəmanov özü Abşeron polisində işləyib, sonra nöqsanlarına görə işdən azad olunub. Orada işi Sərxanın tanışı mustəntiq Əsgər Kazımov apardı. O da məni çağırıb şübhəli şəxs kimi 48 saat qanunsuz olaraq saxladı. Həmin müddətdə Sərxanı çağıraraq maşınımı ona verib. Hazırda avtomobil mənim adımadır, lakin Sərxan sürür. Mən də etibarnamə verməmişəm, lakin Sərxanın üstündə polis vəsiqəsi olduğu üçün hər dəfə yol polisi saxlayanda onu göstərib gedir. 

Bu hadisə ilə bağlı mən müvafiq yüksək strukturlara şikayət ərizələri yazandan sonra Əsgər Kazımov xəstəlik adı ilə təqaüdə çıxıb. 102 xidmətinə etdiyim zəngdən sonra bu gün məni Abşeron Rayon Polis Şöbəsinin İstintaqının rəisi Bilal müəllim qəbul etdi və dedi ki, Əsgər Kazımov mənim işimdə törətdiyi pozuntulara görə işdən çıxarılıb. Amma maşınımın mənə qaytarılacağı barədə heç bir söz demədi. Respublika Dövlət Yol Polisi İdarəsinə də müraciət edərək maşınım qaçırılması, başqa şəxs tərəfindən qanunsuz idarə olunması barədə məlumat vermişəm. Mən indi bütün rəsmi qurumlara müraciət etsəm də, öz adıma olan maşınımı ala bilmirəm".

Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etdik. Lakin Əsgər Kazımov ona dəfələrlə etdiyimiz zənglərə cavab vermədi.

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31