Həyat burulğanında boğulanlar
29 İyun 2018 16:48 SosialZüleyxa NADİR
14 yaşın faciəsi
"Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib. Belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir". Bu xəbər iki gündü mediada yayınlanır, sosial mediada müzakirə olunur. İstər - istəməz düşünürsən ki, dünyanın hansı çağıdır ki,14 yaşlı qız ailə həyatı qurur. Biləndə ki, qız iki aylıq hamilədi, bu yerdə bir "stop" əmri beynində dolaşan sualların cavabını ortaya qoyur.
Çox qəribədi, dünyanın inkişafı az qala kosmik sürətlə irəlilədiyi halda bizim məmləkətin bəzi yerlərində tənəzzül artır, insanlar xərçəng kimi geriyə addımlayırlar. Gerizəkalılıq o dərəcəyə çatır ki, valideynlər xüsusilə də qız övladlarına ögey münasibət sərgiləyərək ona lazımsız əşya kimi baxırlar. Ana 9 ay bətnində gəzdirdiyi qız övladını dünyaya gətirdikdən sonra bir istəyi olur: tezliklə 13-14 yaşa çatsın, onu ərə versin. Qorxulu tendensiya odur ki, bu işdə ana tək olmur, ata da qızının erkən yaşdan nikaha girməsini əngəlləmir. İstisna hal olaraq adını çəkdiyim hadisədə ata qızının ərə getməsinə tərəfdar deyil. Bunun da səbəbi fərqlidir.
Xəbərdə deyilir: "Mirtəmən Sadıqovun sözlərinə görə, o, ikinci həyat yoldaşı Əminə Məmmədova ilə 14 il əvvəl ailə həyatı qurub. Bir il əvvəl isə onlar boşanıblar. Bundan əvvəl başqa bir xanımla ailə həyatı quran Mirtəmən Sadıqovun hər iki qadından ümumilikdə 1-i oğlan, 9-u qız olmaqla 10 övladı var. Ata 14 yaşlı qızı Leylanın erkən yaşda ailə qurmasının qarşısını almağa çalışır". Məsələ aydındı. Bəlkə də Mirtəmən Sadıqov həyat yoldaşından ayrılıb deyə qızı Leylanın ərə getməsinə mane olmağa çalışır, ya da əksinə 9 qız atası olan bu kişi Leylanın təhsil almasını, univrsitetdə oxumasını istəyir. Allah bilir. Amma hər iki halda atanın etirazı qızının xeyrinədi.
Azərbaycan SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olanda qızlar ərə getməkdən çox ali təhsil haqqında düşünürdülər. Özü də zaman o zaman idi ki, elmi-texniki tərəqqi bu günkü kimi inkişaf etməmiş, dünyaya internet vasitəsi ilə birbaşa çıxış haqqında primitiv təsəvvür belə yox idi. Sual oluna bilər: yoxsa bu gün yeniyetmə qızların erkən nikahlanmasının səbəbi internetdi? Təbii ki, internet deyil, təbii ki, elmi-texniki tərəqqi deyil. Səbəb bu inkişafdan geri qalan ailə başçılarının cahilliyi, avam düşüncəsi, həyata kor-korana baxışlarıdı. Ağrılı səbəbdi. XXI əsrin ikinci onilliyində insanların cahil düşüncələrlə yatıb-durması, fikir yürütməsi, öz avam hərəkətlərinə uyğun planlar qurmasından ağrılı nə ola bilər ki?
Evlənmək üçün insan özünü hazır hiss etməlidi, kənardan onu buna məcbur etmək olmaz. 14 - 15 yaşlı yeniyetmə hələ ailənin nə olduğunu, qarşıya cıxacaq problemləri, hər gün üzləşəcəkləri çətinlikləri necə həll edəcəklərini bilmirlər. Bu yaş gəncliyə doğru gedən yolun hələ bitməyən pilləsidi. Bu pillənin üzərində duran yeniyetməni valideyn oradan zorla qoparır. Həyat adlı universitetə heç bir imtahan verməmiş onu həyatın amansız burulğanlarının qoynuna atır və ordaca boğur. Bu cür boğulanlar ildən-ilə çoxalır. "SOS" siqnalı verməyin vaxtı çoxdan keçib.
Bəzən valideynlər bunu maddi vəziyyələ əlaqələndirirlər. Ali məktəbdə oxuda bilmək üçün pullarının olmadığını bildirirlər. Ya da deyirlər ki, onun təhsilinə filan qədər pulu havayı verməkdənsə, həmin məbləğə cehiz alıb ərə verərik. Halbuki təhsilə verilən pul heç vaxt havaya uçmur, gec-tez öz bəhrəsini verir. Bunu görməyən valideyn kordur. Amma bir həqiqət də var. Heç kimə sirr deyil ki, indi Azərbaycanda həm orta məktəblərin, həm də ali məktəblərin çoxunda təhsil səviyyəsi elə də yüksək deyil. Ona görə də həm valideynlər, həm də qızlar birtəhər təhsili başa vurub diplom alandan sonra iş tapmaq problemi ilə qarşılaşıb işsiz qalmaqdansa ərə getməyə üstünlük verirlər. 14 yaşlı qızlar diplomlu qohumlarında, tanışlarında buna şahid olurlar və oxumaqdan çəkinirlər. Amma savadlı, elmli, sabaha açıq gözlə baxan valideyn qızının ali təhsil alması üçün hər varianta əl atır.
Bəzən də erkən yaşda evlənmələrə səbəb kimi din faktorunu önə çəkirlər. Halbuki İslam dini VII əsrdən bəri qızların diri-diri basdırılmasının qarşısını aldığı kimi, onların cəmiyyətdə daha üstün yerdə dayanmasının vacibliyini də dönə-dönə vurğulayır. Amma bu gün İslamın bu gözəl tərəfinə göz yumub müxtəlif dini cərəyanlara qoşulanlar üçün qızlarını erkən yaşdan, həm də dini nikahla ərə vermək sərf edir. Bu dini qruplaşmalarda Quranı, İslam dinini doğru-düzgün izah etmirlər. Guya müqəddəs Kitabda 13 yaşda ailə qurmaq haqqında Allahın xüsusi göstərişi olduğuna inandırırlar. Belə cəfəngiyyatı beyinlərinə hopduran cahil "dindarlar" da qızlarını məktəbə qoymur, erkən yaşdan ailə qurmağa məcbur edirlər. Hətta vəziyyət o dərəcəyə çatır ki, məktəblərdə qızların nişanlanması uğrunda rəqabət gedir. Bax bu, faciədi... sondu.
Təəccüblü də olsa 13-14 yaşlı qızların çoxu hələ də gəlinciklə, "mişka" ilə oynayır. Doğrudu, 20-30 il əvvəlin qızlarından fərqli olaraq onlar toy gecəsi haqqında daha məlumatlıdırlar. Həmin gecə ərə getdiyi oğlanla münasibət qurmağın yollarını da bacarırlar. Çünki illərlə dərs kitablarının ağzı açılmayıb, əvəzində anaları "ərə getmək" kitabını necə oxumağı öyrədiblər. Amma düşünməyiblər ki, erkən yaşdan ərə verdiyi qızı bir-iki ildən sonra dünyaya gətirdiyi uşağına mükəmməl ana ola biləcəkmi? Təcrübə göstərir ki, bir evin gəlini olsa da, qadınlığın yükünü çiyinlərində daşımağı bacarmayan, hələ də "mişka" ilə oynayan, özü uşaq olanlar uşağının tərbiyəsini hansı yönümdə verə biləcəyini bilmirlər. Körpə ilə məşğul olmaq ona çox çətin olur. Uşaq xəstələnəndə, yaxud bir yeri ağrıyanda ana olaraq ona diqqət göstərmək, səbrli olmaq kimi hiss və duyğu erkən yaşda inkişaf etmədiyi üçün əsəbləri tez sıradan çıxır. Amma 25-26 yaşlı gəlin dünyaya gətirdiyi uşağının "üstündə əsir", ona münasibətdə təmkinli olur, hər cür nazına dözür, qayğısını can-başla çəkir. Birincilər uşaqlarının tərbiyəsində, dünyaya baxışlarında da yanlışlığa yol verirlər. Çünki gözlərini açdıqları evdə analarından aldığı tərbiyədən kənar heç nə bacara bilmədikləri üçün onlar da sbah qızlarını eyni yaşda ailə qurmağa təhrik edəcəklər. İkincilərin verdiyi tərbiyə isə daha bütöv olur.
Erkən yaşda nikaha girib ərə gedən qızların ailə münasibətlərinə daxil olması qanunla cinayətdi. Amma nə yazıqlar ki, yerlərdə hüquq-mühqfizə orqanları buna göz yumurlar. Hətta az yaşlı qızların toyunda qol götürüb oynayanlar da var. Amma nə yaxşı ki, Leylanın atası doğru addım ataraq Xəzər rayon Polis İdarəsinə müraciət edib, 14 yaşlı qızla evlənəcək şəxs istintağa cəlb olunub. Amma iş bununla bitmir ki?! 14 yaşında ərə getmək ustəyən hər qızın atası Mirtəmən Sadıqov kimi düşünmür.
Bəs, çıxış yolu nədi? Erkən nikahların qarşısını necə almaq olar? Zənnimcə, bu məsələdə maarifçiliyə çox böyük ehtiyac var. Televiziyalarda hər gün göstərilən şou-proqramların sayını minimuma endirib cəmiyyətdəki bu cür tərbiyəsizliyə qarşı ciddi təbliğat aparmağın vaxtıdı. Əminəm ki, bu yolla azyaşlı qızların ərə getməsinin qarşısını almaq olacaq. Əks halda gözəlliyi ilə öyündüyümüz Azərbaycanımızın mənəvi dəyərləri tamamilə sıradan çıxıb çürüyəcək.