Bakıda Afrika istiləri- rəsmi
29 İyun 2018 12:19 SosialNazirlik: "...İş dayandırılmalıdır"
"Hazırda Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, isti hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində artıq bir neçə günür ki, ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti müşahidə olunur: "Anomal isti hava şəraitinin iyul ayının 2-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq".
Azərbaycanda anomal istilərə görə açıq şəraitli yerlərdə iş dayandırıla bilər. Maraqlıdır, səhər açılandan gün batana qədər açıq havada işləyən fəhlələrlə bağlı hansı qərar verilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Həmçinin məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.
Anomal istilərdən söz düşmüşkən, müdafiə naziri Zakir Həsənov əmrinə əsasən, döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir (APA).
Bakıda bəzi yerlərdə kondisionerli avtobuslar, bəzi yerlərə isə nəinki kondisionersiz, hətta istismar müddətini bitirmiş bərbad avtobuslar sərnişinlərə xidmət göstərir. Bu cür avtobuslarda sərnişinlərlə yanaşı sürücü də əziyyət çəkir. Anomal istilərin olduğu bu günlərdə isə vəziyyət dözülməzdir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin sözlərinə görə, hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə avtobusların sayı 2100-ə qədərdir: "Bunlardan yalnız 400-dən bir qədər artığında standartlara cavab verən sərinləndirmə sistemləri mövcuddur. Qalanlarında isə bu sistem, ümumiyyətlə, yoxdur. Bildiyiniz kimi, müntəzəm sərnişindaşıma fəaliyyət göstərən daşıyıcılar qarşısında avtobusların yenilənməsi, yəni yeni nəqliyyat vasitələrinin alınıb gətirilməsi ilə bağlı ciddi tapşırıq qoyulub. Yeni alınacaq avtobuslar üçün də müəyyən edilmiş tələblər var və tələblərin biri də məhz nəqliyyat vasitəsində standartlara uyğun sərinləndirmə sistemlərinin olması ilə bağlıdır. Hazırda avtobus bazasının yenilənməsi ilə bağlı ciddi işlər görülməkdədir".