“Azərsu” ASC-də sayca 12-ci elektron xidmət istifadəyə verilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.
22 May 2018 16:09 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.
Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq "Azərsu" ASC tərəfindən sayca 12-ci - "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı elektron xidmət istifadəyə verilib.
Yeni xidmətin təqdimatına həsr olunmuş mətbuat konfransında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı son illər elektron xidmətlərin tətbiqi dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadənin əhəmiyyətindən danışıb. Bildirib ki, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə "Azərsu" ASC tərəfindən zəruri işlər aparılaraq indiyədək 11 növdə elektron xidmət istifadəyə verilib. Sayca 12-ci olan "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı xidmət mexaniki sayğacları olan əhali qrupu abonentləri üçün nəzərdə tutulub. Mövcud qaydalara görə mexaniki sayğaclar üzrə fakturaların (borc bildirişlərinin) verilməsi üçün sayğac göstəriciləri nəzarətçilər tərəfindən oxunmalıdır. Bunun üçün mənzillərə daxil olmaq və sayğaclara baxış keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğac göstəricilərinin oxunması mümkün olmur və ya qeyri-dəqiq məlumatlar verilir. Bu da sonradan bir sıra anlaşılmazlıqlara səbəb olur. Yeni xidmətin tətbiqindən sonra abonentlər sayğac göstəricilərini fərdi şəkildə, elektron qaydada təqdim edə biləcəklər.