Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi
22 May 2018 14:11 SosialDövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. DİM-dən "Olaylar"a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay - 22 iyunadək davam edəcək. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət forması" vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.