Sosial mediadan doğru-düzgün istifadə etməyi bacarmırıq

Son günlər yenə cəbhədən şəhid xəbəri gəlməkdədir. Bir neçə gün əvvəl Ermənistanın növbəti təxribatı nəticəsində Silahlı Qüvvələrin daha bir əsgəri şəhid oldu. Hər zaman olduğu kimi bu dəfə də xəbər saytları, sosial şəbəkələri şəhidimizin valideynlərinin hüznlü, qəmgin baxışları, fotoları bürüdü. Bir çox halda həm xəbər saytları, həm də sosial şəbəkələrdə paylaşım edən vətəndaşlarımız ifrata varıb şəhid valideynlərinin daha çox həyatdan küskün, bədbin fotolarını paylaşmağa üstünlük verdilər. Təbii ki, belə bir mənfi hal heç də birmənalı olaraq təqdir edilmədi, dəstək qazanmadı. Dəfələrlə irad olaraq bildirilməsinə rəğmən yenə də eyni mənfi tendensiya davam etdi. Artıq belə bir vəziyyətə ekspertlər, müstəqil şərhçilər də etiraz edərək şəhid valideynlərinin qəmgin fotolarının paylaşımlarına lüzum olmadığını bildirirlər. Elə hərbi ekspert Üzeyir Cəfərov da bu qənaətdədir. O, bildirib ki, çox işlərdə olduğu kimi, biz sosial mediyadan da tam şəkildə doğru-düzgün istifadə etməyi bacarmırıq. Onun sözlərinə görə, bu da zaman məsələsidir: "Amma, bəzən "qaş düzəldən yerdə, gözü elə vurub çıxarırıq" ki, bir müddətdən sonra bəlkə də bu gün yazılanları oxuyanda çoxlarını xəcalət təri basacaq. Mən şəhid atasını necə olursa olsun o şəkildə təqdim edilməsinin qəti əleyhinəyəm. Mən hər birinizin yanğısını başa düşürəm, amma içimdə dəli bir etiraz püskürür ki, axı mənim şəhid atası adını, mübarək `şəhid ailəsi adını almış ailəni Uca Zirvələrə qaldırmaq istəyən həmyerlilərim, əziz dost və tanışlarım bəlkə də bilməyərəkdən, ona, bütövlükdə Azərbaycanlı İnsanına elə bir sağalmaz zərbə vurur ki, onun sağalması üçün illər də bəs etməz. Mən şəhidimin atasını, ailəsini, yaşayışını əsla belə təqdim etməyin tərəfdarı deyiləm. Buna dünya da baxır. Buna dostumuz da baxır, bizə zərbə vuran yaramaz erməni-rus bicbalaları, hər cəhətdən bizdən aşağı olan məxluqlar da baxaraq öz dünyalarında bəlkə də bizə rişxənd edərək acıyırlar. Əzizlərim, dostlarım, inanın ki, bugünkü olayla bağlı ilk dəfə deyil biz yazırırq, danışırıq. Məgər bir neçə il bundan əvvəl bizdə evin tək oğul(lar)ı cəbhədə həlak olmadımı? Və sonrakı baş verənlər nə tez yadınızdan çıxdı?  Bəli, mən illərlədir bu məsələni deyirəm, yazıram, amma kimə deyirsən? Əlaqədar qurumlar, sanki başqa planetdə yaşayırlar. Və ağızlarını açanda Konstitusiyadan, qanunlardan danışırlar. Həmən o Konstitusiyamızda həmçinin insanın yaşamaq və digər hüquqları da təsbit olunub.  Əvəllər bəzi ağzıgöyçəklər deyirdilər ki, bunun bir oğlu var onun davasını edir. Xeyr, əzizlərim, çox şükürlər olsun ki, mənim də tək oğlum o biri həmyaşıdları kimi əsgəri xidmətini yaxşı-pis keçdi, bu gün də özünün arzuladığı sahədə çalışır. Həyat davam edir. Bizim dünən də, bu gün də, sabah da şəhidlərimiz olub, var və olacaq. Gəlin biz o Uca Varlıqların həm özlərinin, həm də ailələrinin, doğmalarının mükəmməl bir təqdimatını edək. Məncə biz bir çox işləri düzgün etmirik.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğma və əzizlərinə isə hər zaman başlarını uca tutmağı nəsib etsin".

Üzeyir Cəfərov deyib ki, Qarabağ savaşının ilk günlərindən bu vaxta kimi minlərlə, bəlkə də bir neçə min şəxsən tanıdığı Şəhid Ailələri olub: "Onlar indi də var, sabah da olacaqlar. Nə qədər ki, qarşıda bizi əclaf və vicdansız bədnam qonşularımızla, onların havadarları ilə üzunmüddətli müharibə vəziyyəti gözləyir,biz Şəhid verməyə hazır olmalıyıq. O ailələrin hər hansı bir üzvünün Vətən yolunda canını qurban verməsi bir nə qədər onlar üçün faciəvidirsə, bir o qədər də başucalığı, cəmiyyətin sayılıb-seçilib üzvlərindən biri olmaları onların Uca Yaradan tərəfindən seçilmışlərdən olması deməkdir. 
Bineyi qədimdən və Azərbaycan adlı məmləkətin yarandığı dönəmdən ta bu dəqiqələrə kimi, bu belə olub və hələ ki belədir. Şəhidlik adı daha çox torpağa, elə, obasına bağlı olan sadə və çox da zəngin olmayan ailələrin qismətinə düşüb. Amma, bu sosial mediya əvvəllər olmadığına görə, son vaxtlar faktiki hər şeyin əl içində olması səbəbindən insanlar nə qədər inkişaf ediblərsə də, bir o qədər də korlanıblar. İndi çox rahat şəkildə evdə oturaraq dünyanın altına da, üstünə bələd olmaqla yanaşı hər şeydən anidəcə xəbərdar da olursan, ürəyin istəyən şəkildə o olaya münasibət də açıqlayırsan".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31