35 gənc “Gənc Elçilər” proqramında iştirak haqqı qazanıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının təlimlərinə start verilib.
14 May 2018 12:53 SosialAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Gənc Elçilər" Proqramının təlimlərinə start verilib.
Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, seçim mərhələsində yüzlərlə gənc arasından uğurla keçən 35 şəxs proqramının gənc elçisi adını qazanıb.
"Gənc Elçilər" Proqramının əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək "gənc elçilərin" yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.
Proqram çərçivəsində seçilmiş gənclərlə fəaliyyətlərə start verilib. İlk görüş Milli Şuranın sədri Seymur Hüseynovun iştirakı ilə baş tutub. Görüşdə iştirakçılarla tanışlıq baş tutub, daha sonra təşkilatın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimatda proqramın ümumi fəaliyyəti, imkanlarından və proqramda iştirak şərtlərindən danışılıb. Həmçinin, görüşdə tanışlıq məqsədilə müxtəlif komanda oyunları keçirilib.
Bu barədə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, ölkənin ən böyük gənclər platforması olaraq təşkilatın əsas məqsədlərindən biri gənclərin və gənclər təşkilatlarının beynəlxalq səviyyədə təmsil olunmasına dəstək olmaqdır: "Milli Şura artıq 23 ildir ki, gənclərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində daima yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil etməklə və beynəlxalq gənclər tədbirlərində iştirak etməklə Azərbaycan gənclərinin səsini dünyaya çatdırır. Sevindirici haldır ki, gənclərimiz ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa nail olurlar. Düşünürəm ki, "Gənc Elçilər" Proqramı ölkəmizi layiqincə təmsil edə bilən "gənc elçilərin" yetişdirilməsi üçün effektiv bir vasitədir".