Yüksəkliyə aparan qəhrəmanlıq, yaxud yüksəklik qəhrəmanları...
7 May 2018 14:37 SosialHəyatda olmayan insanlardan yazmaq həmişə çətindir. İllah da ki, cavan yaşında həyata əlvida deyənlərdən. Mən özüm də Qarabağ müharibəsi şəhidlərindən, qəhrəmanlarından məqalə yazmışam, onların bəzilərinin ailələri ilə şəxsən tanışam. Onların hiss və düşüncələri mənə yaxşı tanışdır...
Vətən eşqli yazar Güləmail Muradın "Qəhrəmanlıq yüksəkliyi" dastan-poemasından öncə qələm dostum Yunus Oğuzun "Ovçu" romanının bədii redaktoru olmuşam. Bu barədə mətbuatda da sözümü demişəm. Demişəm ki, bu roman hərb tariximizin dəyərli nümunələrindən biridir. Oxşar sözü Güləmail xanımın Qarabağ savaşı, xüsusən də aprel döyüşlərilə bağlı qələmə aldığı əsərləri barədə də demək olar. Onun Qarabağ savaşının qəhrəmanı Samid İmanova həsr olunmuş "Qayıdış" əsərinin Natəvan Klubunda təqdimatının da aparıcısı olmuşam və həmin kitabı cəbhə bölgələrinə səfərlərim zamanı təqdim etmişəm. Güləmail xanımın özüylə də müəllifi olduğum "Canımız Qarabağ, yazımız Qarabağ!" layihəsi çərçivəsində Biləsüvara məcburi köçkünlərlə görüşə getmişik, onlarla dərdləşmişik. Yazar üçün bu cür səfər və görüş vacibdir, çünki gələcək əsərlərə yol açır.
Qeyd edim ki, "Qayıdış" əsəri Güləmail Muradın Qarabağ savaşçıları və döyüşçülərilə bağlı trilogiyasının ikincisidir. Birinci hissə isə indi oxuduğunuz "Qəhərəmanlıq yüksəkliyi" dastan-poemasıdır.
Qələm dostumuzun bu əsəri çox təsirli yazılıb. Mən bir dəfə demişdim ki, (hətta yazmışdım da) elə hadislərə var ki, onu qələmə almaq olmur. Çünki ürək dözmür, gərək belə yazıları yazanda ürəyini çıxarıb stolun üstünə qoyasan. Güləmail Murad da "Qəhrəmanlıq yüksəkliyi" əsərini ürəyi qana dönə-dönə, göz yaşları selə çevrilə-çevrilə yazıb.
Əsərdə dörd qəhrəmanın şəhidlıiyi, onların keçdiyi döyüş və həyat yolu, qəhrəmanlıqları qələmə alınıb: Milli qəhrəman, polkovnik-leytenant Murad Mirzəyev, kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və sıravi Orxan Vəliyev.
İlk üç şəhid peşəkar hərbçi olub, yüksək hərbi təhsil alıb, müxtəlif beynəlxalq təlimlərdə iştirak ediblər. Birincilər heç olmasa, özlərindən sonra nişanə qoyub gediblərsə, Orxana heç bu da nəsib olmayıb. Amma onların hamısını bir hiss birləşdirir: vətən sevgisi və qorxmazlıq.
Güləmail xanım hər dörd şəhidin ailə üzvləri, doğmaları ilə hərtərəfli söhbət edib, qəhərman şəhidlərimizin həyat yolunu araşdırıb. Onların əzizlərilə olan söhbətləri həyacansız oxumaq olmur, insan hər sətirdən bir kövrəlir və bu insanların dəyanətinə, mətanətinə heyran olur. Əlbəttə, hər kəs dərdini öz içində, ürəyində çəkir, qürur və ləyaqətləri göz yaşlarını büruzə verməyə imkan vermir. Amma ürəklə bacarmaq çətindir. İnsanların emosiyası idarə olunan deyil.
Mən "Qəhrəmanlıq yüksəkliyi" dastan-poemasını oxuyanda Güləmail Muradın və onun həmsəhbətlətinin gərgin anlarını da hiss elədim, əsəri yazarkən müəllifin keçirdiyi iztirabları da duydum.
Yuxarıda dediyim kimi, Güləmail Muradın şəhidlərimizlə bağlı başqa əsərləri də var və mən inanıram ki, bir gün gələcək qələm dostumuz mühariə qaliblərindən də yazacaq. Elə bu yazını qələmə alarkən öyrəndim ki, Güləmail xanım "Qəhərmanlıq yüksəkliyi"nin üçüncü hissəsini yazır və trilogiyanın bu hissəsi hazırda hərbi fəaliyyətdə olan, Lələ Təpə yüksəkliyinin qalibləri, polkovnik Şükür Həmidov və general-mayor Mayis Bərxudarova həsr olunub.
Bütöv bir millət daim faciə içərisində yaşamalı deyil, bizə sevinc bəxş edəcək, ürəyimizi dağa döndərəcək qələbə lazımdır. Bax onda torpaq uğrunda şəhid olanların da ruhu rahat olacaq...
Bu zəfərə nail olcağımıza inanıram. Çünki bizi həmin zəfərə aparcaq igid oğlanlarımız var. Bunu Güləmail Muradın "Qəhrəmanlıq yüksəkliyi" əsəri bir daha sübut edir.