İlk sosial mənzillər vətəndaşlara yayda veriləcək

Güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.

MİDA-dan verilən məlumata görə, bu tədbirin əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verməkdir. Məlumatda bildirib ki, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. 29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. İlk mənzillərin vətəndaşlara təhvil verilməsi cari ilin yay aylarında planlaşdırılır. Artıq Yasamal Yaşayış Kompleksinin ilk 4 binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək.

Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31