Fuad Poladov vəfat etdi-YENİLƏNDİ

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Fuad Poladov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.

Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00