Partlayış törədən qaynanalar

Züleyxa NADİR

Marks deyirdi ki, ailə kiçik dövlətdi. Bu, doğrudan da belədi. Ailə  dövlətini idarə etmək çox da asan deyil,  saysız-hesabsız çətinlikləri, problemləri var. Bu problemlərin içində "başını itirməyən" başçı  ailə üzvlərinin də başının yerində olmasına çalışır. Həyat yoldaşı, övladlar, gəlin, qaynana - hər kəsin vəzifə bölgüsü olur. Bu bölgü düzgün aparılmayanda  yaxşı halda xoşagəlməz hadisələr, pis halda isə ölümlə nəticələnən faciələr baş verir.

Azərbaycanda ailə institutu həmin "dövlətin" sütünları üzərində dayanır.  Bu sütun isə böyüyə hörmət, uşağa diqqət  və qayğı, ailə başçısına sədaqət, qaynana-gəlin münasibətlərində qarşılıqlı anlaşma, gənclər arasında sevgi kimi dəyərlərə  söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərir. "Bu təsirin miqyası nə dərəcədədi, hansı amil  daha çox təsir edir?" sualına hərtərəfli cavab vermək mümkündü. Amma mən yalnız bir məsələdən - təzə ailə qurmuş gənclərin boşanmalarında qaynanaların rolu və qızların öz hüquqlarını bilmədiklərindən yazacam.

Məlumdur ki, ailə mənsub olduğu dövlətin özəyidir. Hər bir cəmiyyətdə ailədə formalaşan münasibətlərə ictimai münasibətlər təsir edir. Ailədə formalaşan ictimai münasibətlərlə cəmiyyətdəki münasibətlər arasında bir əlaqə olur. Azərbaycanda bu əlaqə özünü son illər qabarıq  göstərir. Bu günkü dünya 20-30 il əvvəlin dünyası deyil. Bu gün  bəşər övladının  zehni çox açıqdı, kainatın qaranlıq nöqtələrini kəşf edir, sanki aya, ulduza meydan oxuyur, az qala  kainatda yerdəyişmə kimi bir əmələ əl atır. Təbii ki, sonuncu mümkün deyil, Allahın yaratdlqlarını heç bir insan övladı dağıdıb yenisini qura bolməz.

Amma Azərbaycanda Allahın yaratdığı insan övladları var ki, onlar  bir-biri ilə münasibətlərdə yerdəyişməni məharətlə yerinə yetirirlər. Ailə münasibətlərində isə  bu, olduqca xoşagəlməz nəticələrlə müşaiyət olunur. Ailələr dağılır, boşanmış gəlin ata evinə qayıda bilmir, qaynana onu biabırçı şəkildə evdən qovur, ər bunu sadəcə müşahidə edir, ananın iradəsinə zidd getməyə həvəs  göstərmir və s. Əslində azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olub. Amma bu gün mənzərə tam başqadı, ailənin bütövlüyünü, öz mövcudluğunu qoruyub saxlayan qarşılıqlı  sevgi tükənmək  üzrədir, demək olar ki, ailə institutu çökməyə doğru gedir. Məncə, SOS siqnalı verməyin vaxtıdır.

Əslində iki  gəncin bir-birini sevməsi ilə iş bitməməlidir. Sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik, bioloji-psixoloji amillər kimi faktorlar sevgi ilə paralel olmalıdır ki, ailənin özülü möhkəm olsun, kənar təsirlərdən çökməsin. Bundan başqa gəlinin öz hüquqlarını bilmək kimi ən vacib şərt var ki, bu gün qızların çoxu  bunu bilmir. Statistikaya görə dünyadakı ailələrin  25 faizindən çoxu sevgisiz qurulur. Amma avropalı və qərbli qadınlar öz hüquqularını çox  gözəl bildiklərindən sevgisizlikdən  dolayı baş verən boşanmalar bizdə olduğu kimi faciəyə çevrilmir. Ailə  quran hər bir qadın qarşılaşdığı problemi təkbaşına həll etməyi bacrır, çünki onun  ailədə bəlli bir hüququ mövcuddu. Kimsə onu bu haqqdan məhrum edə bilməz. Azərbaycanlı qadınlara, xüsusilə də gənc qızlara isə öz hüquqlarını başa salan yoxdu. Ona görə də ailə qurarkən getdiyi evdə onu gözləyəcək  fors-major hallarla hazırlıqsız üzləşir, normal çıxış yolu tapa bilmirlər.

Əgər qaynana hökmlü, zəhmli biridirsə, vay gəlinin halına, onun hüququndan danışmağa  dəyməz. Yuxarıda dediyim ailə dövlətində  gəlinə balaca da olsa bir vəzifəni etibar etməyən qaynana bütün idarəçiliyi əlinə alır. "Gəlin mənim süpürgəmdi, hara qoyuramsa orda da durmalıdır" zehniyyətində olan  qaynanalar həm də cəmiyyət üçün təhlükəlidirlər. Gəlinə öz qızı kimi davranmaq əvəzinə onu evin qulluqçusu yerində görmək istəyən qaynanalar var və onlar hər zaman ailə münaqişlərinin mərkəzində dayanırlar. Belə cılız düşüncəli qaynanalar gözlərini bir qədər geniş açıb dünyaya baxsalar ki, görərlər ki,  qərb dünyasında qızlar hansı hoqqalardan çıxırlar. Avropalı qızlar bəkarətlərini satırlar, açıq  şəkildə bunu auksiona çıxarırlar, amma onun bəyənmədiyi gəlini pakdı (istisnalar  hər zaman var). Azərbaycanda bəkarətini qoruyub onu ər evinə aparmaq namus, əxlaq mücəssəməsidir - bu, tarixən belə olub. Ona görə də həmin əxlaqın arxasında pis niyyət dayana bilməz, bəzi-para  xırda anlaşılmazlıqları böyüdüb şişirtməyə gərək yoxdu.

Gəlinin evdə hüququnun tapdanmasında birinci amil onun təhsilsiz olmasıdır. Ailə tanıyıram ki, evdə hamı ali təhsillidir, amma gəlin orta məktəb məzunudur. Qaynana yeri gəldikcə onun savadsızlığını başına  qaxır,  alçaldır, "bizim ailəyə yaraşmırsan, səviyyən yoxdu" deyib gəlinin  boşanması üçün zəmin hazırlayır. Halbuki sevgi ali, yaxud da orta təhsillə ölçülmür, sadəcə həmin gəlin özünü müdafiə etməyi bacarmır, qaynananın qarşısına tutarlı arqument qoya bilmir. Günah onun valideynlərindədir, 17 yaşında  təsadüfü  adamla ailə qurmağa məcbur ediblər, " get ər evində universitet oxuyarsan" deyib tez-tələsik gəlin köçürüblər. Təhsil almayan, qadınlıq  haqqını bilməyən, analıq məfhumundan anlayışı olmayan yeniyetmə qızın ailə  qurması doğru deyil. Belə hallarda qaynana gəlinin  bütün hüquqlarını tapdalayır, qanuni boşanmanı gözləmədən ona alınan qızıl  hədiyyələrini də əlindən alıb ata evinə yola salır.

Müşahidələr  göstərir ki, bu cür boşanmalar, qovulmalar toydan bir neçə ay sonra baş verir. Çünki qaynana ailədə hakimi-mütləqdi, evə gələn gəlini özünə müxalifətdə görür, qorxur ki, qısa bir müddətdə "hakimiyyəti onun əlindən ala bilər". Qorxu elə bir hissdir ki, adamı istəmədiyi hərəkəti  sərgiləməyə məcbur edir. Hökmlü və qorxaq analar qaynana cildində təhlükəli varlığa çevrilirlər. Elə ona görə də bəzən  uşaqlı gəlinlər belə  evdən qaçmağa vadar olurlar. Ata evinə də qayıtmırlar, başını götürüb hara gəldi yön alırlar.

Qaynana hökmlü, zabitəli, harın olanda  həmin ailədə nə gəlinin yeri bilinir, ona ucuz qulluqçu kimi baxırlar, nə də doğma övladların əxlaqı normal olur. Bax belə halda ailə dövləti məhv olur. Halbuki dünyaya gələn hər bir insan ailədə böyüyərək bu dövlətin vətəndaşı olmaq statusunu qazanır. Əgər ailə adlı bu dövlətdə daxili nizam-intizam qaydaları, qanunlar demokratikdirsə, o zaman həmin dövlətin vətəndaşları xeyirxah, humanist, azad və ədalətli olur. Yox, əgər qanunlar mürtəce, dağıdıcıdırsa bax, o zaman sosial partlayış qaçılmazdı.

Allah hər gəlini o partlayışı törədən qaynanadan saxlasın...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31