Özünü döyməyən qızını döyəndə...

Valideynlərin uşaqlara münasibəti, onlara ağılları kəsməyəcək qədər pislik etmələrini anlamamaları çoxdan yazmaq istədiyim mövzudur. Hərdən düşünürəm, söyərlər, təhiqir edərlər, nəyimə lazım? Amma bu məlum olay, məktəblinin müəllimi tərəfindən, guya ki, döyülüb alnının qaraldılması bardağı daşıran son damla kimi bir şey oldu. 

Müəllimin məktəblini döyməsinə dair heç bir fakt yoxdur, sadəcə ehtimallar var. Məktəb kameralarının görüntüləri yayımlanıb. Həmin görüntülərdə uşağının döyüldüyünü iddia edən valideyn və elə o uşaq özü var. Bir valideynin, ananın, uşağına bu cür münasibəti, adamda qıcıq doğurmaya bilməz. Əminəm ki, müəllim yüz faiz o uşağı, anası kimi döyməyib. 
Niyə yalan deyim? Uşaq olanda oxlovu və yuxayayanı anama nənəmgildən gec gətirdiyimə, yolda uşaqlarla yeddi şüşə oynadığıma görə elə həmin oxlovdan bir-ikisini "yemişəm". Qulağım da burulub, Lenin babanın rayondakı abidəsinin qucağına dırmandığıma görə. Elə bu üzdən sovetlər dönəmində dədəmi partiya sıralarına keçməyə də qoymayıblar ki, bəs qızın Lenin babanı təhqir edib.

Müəllimlərim olub, Allah qəni-qəni rəhmət eləsin dünyadan köçənlərinə, qalanların canı salamat olsun. Cəzamı verməsəydilər, yolumu cizməsəydilər, indi mən bu mən olmazdım. Düzdür, biz həm də o illərin uşaqları idi ki, rəngli televizorları hər evdə tapmaq olmurdu. Hələ çarxlı telefonları demirəm. Kimin evində var idisə, rayonun, kəndin bərkgedənlərindən sayılırdılar. Bizim onda internetimiz də yox idi.

İndi əsr İT əsridir. İndi sözə baxmayan uşaqların intihar əsridir. İndi əhlikef anaları, ədabaz dədələri var xeyli uşağın. İndi elmin, alimlərin belə dövlətlərin siyasi maraqlarını təmin etmək üçün işlədiyi dövrdür. İndi rejissorlar terror ssenarisi yazır siyasilərə. İndi rəhm yoxdur, səhiyyə biznesdir. Genofondlara müxtəlif yollarla təsir imkanlarının olması dönəmidir. İndi bizim kim olduğumuza dair bircə məsələ şübhə altında deyil. Dəqiqdir ki, türkük, azərbaycanlıyıq. Bizi qoruyub bu günə gətirib çıxaransa neftimiz, qazımız, bir də sovet dövründən miras qalan təhsilimizdir. Hiss olunacaq dərəcədədir ki, "təhsilini əlindən al, başına min oyun aç" istiqamətində də yaxşıca oyunlar gedir. Səbəbi barədə geniş danışmağa etiyac yoxdur. Çünki məqsədlərinə yetişə bilmirlər. Dövlət zamanında təhsildə keyfiyyət ili adı alında islahatlara başalyıb. Baş verəndə məqsəd əslində o islahatları aşağılamaq, artıq ona ehtiyac olmadığını göstərmək, yaxşını gizlətməyə çalışaq, iyrənc olanı qabartmaqdır. Bir sözlə, hər şey əldən gedib, çarəsi yoxdur, mümkünsüzdür deməkdir. Belə deyil axı...Heç olmayacaq da...
Gələk uşağa, döyülən azyaşlı məktəbliyə. Uşağınızı döyməyin, çünki döyülən adam şəxsiyyətsiz olur. Şəxsiyyətsiz oldusa, anlayır ki, qapaz hər şeydən xilas edə bilər. Qapaza vərdiş elədisə, hər şeyi bir qapaza əldə eləmək kimi çıxış yolu düşünər özünə. Bu asan yol, artıq şəxsiyyətsiz olan uşağı, həm də tənbəlləşdirər. Tənbəl uşaq təhsilə yox, əyləncəyə meyilli olar. Əyləcəni ifrat dərəcədə sevən uşaqlar, böyüyəndə əyyaş olur. Əyyaşlığın sonrası, əxlaqsızlıqdır. Əxlaqsızlığın sonu, xəyanət. Xəyanət edən, rahatlıqla satqınlığı da bacarır. Satqınlığı bacaranın, heç nəyi olmur. Nə vətəni, nə ailəsi, nə ata-anası, nə şəxsiyyəti. Üstəlik düşünəndə ki, bu qədər proses keçə-keçə bu uşaq həm də böyüdü axı, deməli, vətəndaşdır. Sənin onun üzərində ən cüzi haqqın varsa heçə saymaq imkanıdır bu ona. Deməli, sən onun üzərində bütün təsir imkanlarından məhrumsan artıq. Çünki "zombi" böyütmüsən. İndi baxın, vətəndaşın əxlaqsızı, əyyaşı, əhlikesi, savadsızı, xəyənətkarı, satqını, kimsəsizi, ələxüsus da şəxsiyyətsizi lazımdırmı məmləkətə və bizə? Deyil!.. Odur ki, ya ata olun, ya ana, fərq etməz, hikkəlisinizsə, əvvəlcə öz başınıza döyün. Deyin ki, niyə mənə yaraşmayan kişiyə ərə getmişəm? Niyə əyrimçə bir arvad almışam? Soruşun özünüzdən ki, niyə kefim istəyən karyeranı savadsızlıq, bacarıqsızlıq üzündən qura bilməmişəm? Ya da görün niyə iddialarınız özünüzdən yekədir? Başınıza çırpa-çırpa sorğulayın özünüzü. Tək olmasanız da tənhalığınızı, evli, ərli olsanız da sevgisizliyinizi, özünüz yox, başqaları üçün yaşadığınızı sorğulayın. Görün niyə bu qədər psixoloji problemlər məngənəsindəsiniz? Öyrənin görün niyə bu qədər narazı, narahat, gərgin və aqressivsiniz? Niyə siz xoşbəxt deyilsinizsə, hər kəsə bədbəxtlik diləyirsiniz? Bütün heyfinizi bir uşağa yönəldib, onu döyməklə sakitləşmək istəyirsiniz. Cavab tapa bilmirsinizsə, evlənməyin, ərə getməyin. Ailə standartlarını, təməlini laxlatmayın millətin, özünüzlə əlləşin. Əsla və əsla, bizə vətəndaş, məmur, insan olacaq yaramazlar yetişdirməyin evələrdə. Buna görə bircə şey lazımdır, öncə özünü yetişdirmək!..

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00