Meşə yanğınları ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
4 May 2018 12:29 Sosial2017-ci ildə havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzunmüddətli meşə yanğınları baş verib.
Bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylanıb: "Meşə örtüyünün 39 faizi Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizə yaxını Talış dağlarında, 2 faizi Aran düzündə yayılıb. Azərbaycan meşələri əhəmiyyətinə görə zamanında birinci qrup meşələrə aid edilib. Yeni meşələrin salınması istiqamətində müvafiq tədbirlər aparılır. Meşələrin yanğından mühafizə edilməsi üçün mühüm işlər aparılır. 650 hektar ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan analizlər, təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkədir".
Direktor bildirib ki, taxıl biçinindən sonra kövşənləri yandırmaq olmaz: "Bu, qadağandır. Təəssüflər olsun ki, vətəndaşlar qanuna riayət etmirlər. Əksinə, qanunları pozmaqla məşğuldurlar. Vətəndaşlar meşələrdə istirahət məqsədilə tonqal yandırırlar, uşaqların əllərinə oyuncaq kimi kibrit verirlər. Nəticədə, meşə yanğınları baş verir".
S.Abbasov qeyd edib ki, 2017-ci ildə havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzunmüddətli meşə yanğınları baş verib: "Bu yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının fədakarlığını xüsusi qeyd etməliyəm".
Publika.az