Məktəblilərin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyası təşkil olunub
4 May 2018 11:22 SosialAzərbaycan Britaniya Kollecinin 5-ci sinif şagirdlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyası təşkil olunub.
"OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ekskursiya müddətində əvvəlcə məktəblilərə suyun faydası, təmizlənməsi və əhaliyə çatdırılması, sudan qənaətlə istifadə, su ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verilib. Bildirilib ki, həyat mənbəyi olan sudan qənaətlə istifadə hər bir kəsin mənəvi borcudur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 1 milyonadək insan çirkli sudan istifadə nəticəsində həyatlarını itirir. Çirkli sudan istifadə nəticəsində yaranan xəstəliklərdən daha çox uşaqlar əziyyət çəkir. UNİCEF-in məlumatına görə, təmiz sudan istifadə edə bilmədiyi üçün hər gün 800 uşaq dünyasını dəyişir. Su qıtlığı hazırda bütün bəşəriyyətin problemidir və bu baxımdan sudan səmərəli istifadə ilə bağlı erkən yaşlarda uşaqlarda zəruri vərdişlər formalaşdırılmalıdır.
Məlumat verilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyanın ultrasüzgəc texnologiyasına əsaslanan ən böyük sutəmizləyici qurğusudur. 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır.
Komplekslə tanışlıqdan sonra məktəblilər Dünya Su Şurası İdarə Heyətinin üzvlərinin 2017-ci ilin martında keçirilmiş I Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq saldıqları yaşıllıq sahəsi ilə tanış olublar. Şagirdlərə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yerləşdiyi ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri barədə də məlumat verilib.