Sosial şəbəkələri bağlamaq çağırışları səngimir

Ekspert: "Belə çıxır ki, interneti məhdudlaşdırmaq istəyənlər prezidentin siyasətinin əleyhinə də çıxırlar"

Hakimiyyətə yaxın şəxslər sosial şəbəkələrə qadağa qoyulması və ya nəzarətin artırılması ilə bağlı vaxtarışı çağırışlar edir.  Son olaraq YAP-çı deputat Hikmət Məmmədov sosial mediaya qarşı tədbir görülməsi haqda çağırışlar edib. Deputat bu haqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə müraciət edərək bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara fiziki təcavüzü təbliğ edir: "Ona görə də mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir".

Xatırladaq ki, deputat Hadı Rəcəbli də vaxtaşırı bu mövzu ilə gündəmə gəlib. Deputat bu haqda danışarkən bildirmişdi ki, sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə kampaniyalar aparıldığından sosial şəbəkələr bağlanılsın. Ötən il isə hakim partiyadan olan deputat Siyavuş Novruzov təkliflə çıxış edib bildirmişdi ki, "Facebook"a şəxsiyyət vəsiqəsi ilə girilsin. Deputat həmçinin vurğulamışdı ki, "internetdə hər kəs saxta profil açıb istədiyi fikri yazır, bunun qarşısını almaq lazımdır".  Bu ilin fevral ayında, prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bildirmişdi ki, təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır.

Hökumət nümayəndələrinin ardınca sənətçilərdən də sosial şəbəkələrə qarşı tənqidlər gəlməyə başladı. Əməkdar artist, müğənni Aybəniz Haşimova da sosial medianın bağlanılmasını istəyən tanınmışların  siyahısındadır. Bir müddət əvvəl müğənni bu haqda elə sosial şəbəkə vasitəsilə prezidentə müraciət etmişdi:

"İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamısının bağlanılması haqqında qərar versin".

Məlumdur ki, ölkə başçısı İlham Əliyev isə bu məsələyə tamamilə başqa cür mövqe göstərib, dəfələrlə xarici səfərlərində, beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanda intermet azadlığı olduğunu vurğulayıb. Hələlik ölkəmizdə hansısa sosial şəbəkələrin bağlanılmasına rast gəlinməyib.

Bəs sosial şəbəkələrə qadağalarla bağlı çağırışlardakı motivlər nə qədər təhlükəlidir? Ümumyyətlə, sosial mediaya qarşı tədbirlərin  görülməsi necə tənzimlənir? Hansısa sosial şəbəkənin bağlanılması ölkəmizin nüfuzuna xələl gətirə bilərmi?

Mövzu ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Yeni Müsavat"a danışıb. Ekspert ölkəmizdə sosial şəbəkələrə qarşı tədbir görülməsi haqda çağırışları pisləyib: "Zaman-zaman biz bu cür çıxışları eşidirk və çox qəribə də olsa sonradan bu cür açıqlamaları verən şəxslər təkzib verir deyir ki, "biz bunu bu şəkildə bildirməmişdik" və sairə. Düşünürəm ki, istənilən adam, xüsusən də deputatlar, qərar qəbul edilməsi prosesində iştirak edənlər bu cür çıxışlarda diqqətli və ehtiyatlı olmalıdırlar. Hansı ki, dövlət başçımız da dəfələrlə çıxışlarında vurğulayıb, həmçinin qanunvericilikdə də birmənalı şəkildə təsbit olunub ki, ölkəmizdə internet azaddır. Qanunvericiliyə uyğun olaraq cari ildə bəzi internet resursları bağlanılması ilə bağlı müəyyən dəyişikliklər olub. Yəni bu məsələ qanunvericiliyə uyğun olaraq aparılıb. Amma deyək ki, sosial mediada, internetdə hər hansı qanun pozuntuları varsa və buna görə interneti, sosial medianı bağlamaq kimi çağırışlar etmək  yolverilməz haldır. O ki qaldı deputat Hikmət Məmmədovun dediyi məsələyə, əgər sosial mediada konkret olaraq hansısa qanun pozuntusu, qeyri-qanuni çağırış və ya informasiya olarsa, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Bizdə kütləvi informasiya vasitəsi ilə internet hüquqi baxımdan bərabərləşdirilib. Yəni KİV-də hansısa hadisə baş verirsə və onu tənzimlənmək prosesi necə aparılırsa, internetdə də o cür olur. Ona görə də hesab edirəm ki, deputatın konkret faktla, konkret dövlət orqanına müraciət etməsi normaldır, anlaşılandır. Yəni sosial media, internet azaddır deyib bundan sui-istifadə etmək də yolverilməzdir. Bəlli oyun qaydaları, qanunlar var, buna əməl etmək lazımdır.

Lakin o doğru deyil ki, bütün bunlara görə sosial medianı tamamilə bağlamaq, yasaq qoymaq lazımdır".

Ekspert həmçinin qeyd edib ki, "sosial mediaya qarşı tədbir görmək, nəzarət edilməsi" ifadəsi doğru deyil: "Sanki kütləvi informasiya vasitələrinə qarşı tədbir görülməlidir. Bu, necə ola bilər? Ona görə də bir daha qeyd edirəm ki, ifadələrdə ehtiyatlı olmaq lazımdır. Terrorçuluq, uşaqların hüquqlarının pozulması, qeyri-qanuni informasiyaların yayılması ilə bağlı məsələ olarsa, bu zaman konkret faktlar üzrə aidiyyəti orqanlar öz vəzifələrini icra etməlidirlər. İnternet, sosial media hazırda nəhəng şəbəkədir. Azərbaycanda da bu sahə son illərdə yetərincə inkişaf edib. Ölkəmizdə təxminən 3 milyon insan sosial şəbəkədən istifadə edir. Burada ictimai müzakirələr gedir, kimlərsə biznes qurub, dövlət qurumları vətəndaşlarla informasiya münasibətləri yaradıb, səhiyyə və mədəniyyət, bir sözlə, hər şey sosial şəbəkələrin üzərindədir. Artıq Azərbaycanın sosial mediası cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Bunu necə qopardıb ata bilərik? Sadəcə, özümüz də onun qayğısına qalmalıyıq ki, burada hər şey yerində, qaydasında olsun ".

Ekspert son dövlətlərdə sosial medianın ictimaiyyətə təsir imkanlarının hədsiz yüksək olduğunu diqqətə çatdırıb:"Əlbəttə ki, sosial media cəmiyyətdəki əyri-əskiklikləri, qanunsuzluqları da göstərir. Ola bilər ki, bu fakt bəzilərinin xoşuna gəlməsin, çünki müəyyən  maraqlı tərəflər var. Həmin maraqlı tərəflərə görə bəziləri istəyir ki, sosial mediada məhdudlaşdırmalar tətbiq edilsin, onlar da öz işlərində olsun".

Politoloq Elxan Şahinoğlu isə məsələyə bu cür münasibət bildirib: "Kimsə düşünürsə ki, sosial medianı məhdudlaşdırmaqla hansısa problemi həll etmək mümkündür, məncə, bu yanlış yanaşmadır. Dünya qloballaşıb, informasiya bir yolla ətrafa yayılıb və yayılacaq. SSRİ dövründə qadağalar ona gətirib çıxartdı ki, müstəqil düşünən insanlar xarici radiostansiyaları dinləməyə başladılar. Əlbəttə, mən də sosial şəbəkələrdə söyüş və təhqirlərin əleyhinəyəm və saxta profillər altında bunu yayanların hüquqi məsuliyyətə cəlb olunması mexanizmi üzərində düşünmək lazımdır. Ancaq bu, bütövlükdə sosial medianın məhudlaşdırılması ilə nəticələnməməlidir. Əgər internet varsa, əlaqə imkanları da açıq saxlanmalıdır. Bu elə internetin əlifbasında yazılıb. Prezident İlham Əliyev hər çıxışında haqlı olaraq onunla fəxr edir ki, azərbaycanlıların mütləq əksəriyyətinin internetə çıxış imkanları var. Belə çıxır ki, interneti məhdudlaşdırmaq istəyənlər prezidentin siyasətinin əleyhinə də çıxırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00