Əbədi həyat olan yer...

Elçin Hüseynbəyli

Düz bir il əvvəl əziz bir insan haqda yazı yazmışdım. Bu, elegiyadan çox xoş ovqata köklənmiş ürək sözləriydi. Bu gün xatirəsi ürəyimdə əbədi yaşayacaq həmin insanın vəfatının ildönümüdür. Ona görə də həmin yazını yenidən paylaşmağı qərara aldım.

(Arif üçün...)

...Və...

Bəlkə də son...

Lap elə bəlkə sonun əvvəli...

...Danışmışdıq. Danışmışdıq ki, Sabirabada gedək. Onun yanına. Mayın əvvəllərində. Fəslin gözəl vaxtı. Gül-çiçəyin ətrafa səxavətlə ətir payladığı zaman. Amma o özü gəldi. Daha doğrusu, özündən qabaq xəbəri gəldi...

O, mayın ilk günü aramızdan getdi...

İlk "mayovka" yadımdadır. Onlar, yəni bizdən böyüklər bir tərəfə çəkilib bayramı kişiyana qeyd edərdilər, bizsə uşaqyana. Onlarınkı pavilyon-restoranlar, bizimki isə Mahmudlu bağı.

Bu bayramı ən çox sevənlərdən biri də Arif idi...

Təxminən on iki il əvvəl "Arazdan Suqovuşana qədər..." adlı məqalə yazmışdım. Yazının səbəbi vardı.

Sabirabada getməmişdən qabaq gecə yuxuda Arifi görmüşdüm. Görmüşdüm ki, ayaqqabımın üstünü bağlayıram, amma nədənsə alınmır. Anam səbəbini soruşdu: Dedim ki, Arifi yuxumda görmüşəm, yəqin ona görədi. Gedim, bir onu görüm.

Arif köçkün düşəndən Sabirabadda yaşayırdı. Bir-birimizdən ötrü darıxanda o, Sabirabaddan, mənsə Bakıdan Saraya (qəsəbəyə) gəlirdik: ya Məhəmmədəli gilə, ya da Qaməddingilə (biri onun qardaşı, biri mənim: hər ikimizin).

Və getdik...

...Mən onu sarıyanız, qıvrımsaç, gülərüz, telli-toqqalı oğlan kimi xatırlayıram. Ondan əvvəli yadıma gəlmir. Ondan əvvəl məndən çox öncə olduğu üçün...Aramızda on yaş fərq vardı. Amma o, bunu heç zaman hiss etdirmədi...

Bir neçə ay əvvəl böyük qardaşımızı itirdik: onun həmyaşıdını. Bir ildə, amma bir neçə ay fərqilə anadan olmuşdular. Arif Fəxrəddindən bir neçə ay kiçik idi və dostunun ölümündən bir neçə ay sonra onun yanına getdi. Qəfil ölüm onların arasındakı yaş fərqini aradan qaldırdı. "Tromb" zəhrimar heç birini bağışlamadı: birini beyin iflicindən apardı, birini ürəkdən tutdu: beyinlə ürək birləşdi, eyni məqamda və məkanda.

Dəfn zamanı qəhərdən boğula-boğula:

"Faxıdan sonra mən də çox qalmaram" - dedi.

Onlardan əvvəl isə Tehran dünyadan köçmüşdü. Üç dostdan biri. (Tehran Vəliyevi ədəbiyyatçılar yaxşı tanıyır. İngilis ədəbiyyatının istedadlı və peşəkar tərcüməçilərindən idi. "Çovdarlıqda uçurumdan qoruyan" Tehranı deyirəm).

Biz əmoğlu idik. Qanbir qohum olmasaq da, atalarımıza əmi deyirdik. Qız verib, qız almışdıq. Ruhi qohumluq bioloji qohumluğu üstələyir. Mən bunu Arifin timsalında gördüm...

...Bakıda texnikumda oxuyurdu. Hər şəhərdən gələndə onun yanına qaçırdım. Maraqlı söhbətlər edirdi. Dostları ilə birgə Sabirin şeirlərini öz zəmanələrinə, cavanlıqlarına uyğunlaşdırırdılar... "Əsdi dizim, yandı gözüm şəm kimi, eylədim restoranı dəm kimi...", "O vaxt ki, qonşumuz müəllim İmran idi, ah, necə kef çəkməli əyyam idi..."

Mən yazıçılığı, lap düzü, yazıçı müşahidəsinin əlifbasını ondan öyrənmişəm...

Əmim qızları uşaq olanda kanala düşmüşdülər. O, çıxarmışdı, təsadüfən.

-Arazın qırağıyla gəlirdim. Bir də gördüm ki, bir uşaq batıb çıxır, özümü atdım suya, əl atıb onu tutanda, ikisi birdən əlimə gəldi. Sən demə, özü boyda bir uşağı da (balaca bacısını -E.H) dalına şəlləyibmiş...

Həmin hadisəni gülməkdən gözləri yaşarana qədər danışırdı.

Qaynı Qaməddin bir az "artıq" danışanda:

-Gərək o vaxt şapalağı sənə möhkəm vuraydım, - gülə-gülə deyirdi.

İç burasındadır ki, Qaməddin (mənim qardaşım) uşaqlıqdan onun bacısını sevirdi və bir-birilərinə qoşulub qaçmışdılar. Arif də atasının, yəni Murtuza əmimin xətrini xoş eləmək üçün gələcək yeznəsinə yüngülvari sillə vurmuşdu, özünün diliylə desək, çox istədiyindən üzünə sığal çəkmişdi...

Müharibə veteranı olduğu üçün Murtuza əmimə o zaman "zapı" vermişdilər...Çox yerə onunla gedərdik: ota da, qonaqlığa da, gəzməyə də...

Söz vaxtına çəkər. Elə bu zamanlar, barama vaxtı səhər tezdən onunla yarpaq sivirməyə gedərdik.

-Tez-elə, tez elə, işə gecikirəm.

Həyatı və insanları çox sevdiyinə görə məsuliyyətliydi.

Hərdən darıxırdı, darıxdığına görə tələsirdi...

-Darıxıram, Elçin, darıxıram! Elə darıxıram!

Sevməyi də yadımdadır, elçiliyi də, toyu da...

Sevimli həyat yoldaşını itirəndən sonra bir dəfə mənə dedi, daha doğrusu, pıçıldadı:

-Gecələr evdə kimsə gəzir, bilirəm ki, odur. Yerimdən durub üstünə qışqırıram. Nə istəyirsən məndən?!.. Darıxma gələcəm!

Tələbə vaxtı şəhərdən kəndə gələndə evə dəyəndən sonra birinci onu görməliydim. "RTS" deyilən idarənin həyətindəki kafedə, çardağın altında stol açdırardı, böyük qonaqlıq verərdi.

Rayonun hava rabitəsi üzrə rəisiydi...Ürəyi qazancından böyük idi...

Bayaq dediyim kimi, mən ondan on yaş balacaydım. Amma özünü mənimlə tay-tuş kimi aparırdı. Bir yerdə futbol oynayrdıq...

Heyrətlənməyi və heyrətləndirməyi bacarırdı. Bəzən uşaq kimi təəccüblənərdi: "Yalan deyir e!" "Sən allah!"

Bir yerdə şəklimizi axtardım, tapmadım. (Kollektiv şəkilləri çıxmaq şərtilə) Bəlkə ona görə şəkil çəkdirmədik ki, ölümə və ayrılığa inanmırdıq...

Zarafatdan inciməzdi. Xətrinə dəyən ən axmaq söhbəti də yola verərdi. Qibtə olunası süfrə mədəniyyəti vardı...

Həyatda rahat adam idi, o biri dünyaya da rahat getdi, heç kimi incitmədi...

İlk dəfə arağı onunla "Küdrü"də içmişəm. "Zapı"da "Çaqqallıq" deyilən bağa ota getmişdik. Əvvəlcə ot biçib maşının "baqajını" doldurduq, sonra arağı içdik. Mən keflənmədim. "Qanın hələ zəhərlənməyib" gülümsünərək dedi. Onda kənddə QAİ-zad nə gəzirdi, iç və sür.

Təpərliydi. Ətrafıyla, qohum-əqrabasıyla, kəndçiləriylə fəxr edirdi:

-Mən sizə güvənirəm, -deyirdi.

Kəndin ayağında ev tikdirirdi. Mən də Moskvadan təzə gəlmişdim. Paltarımı dəyişib, onlara köməyə getdim. Hər dəfə həmin hadisəni xatırlayır, üstünə də bir az artığını qoyub fəxrlə deyirdi: "Elçin bir dəfə Moskvadan gələndə heç palatarını da dəyişmədi, bizə gəldi, palçıq qatdı, daş daşıdı..."

Arif haqqında mən zaman-zaman öz hekayələrimdə yazmışam. Mənim sevimli personajlarımın bəziləri ona bənzəyir, hətta bəzi hekayələrimin qəhrəmanları da onun adını daşıyır (məs. "Leyli")...

...Həyatda elə insanlar var ki, onların ölümünə heyfslənirsən, amma bir şeylə təsəlli tapırsan: onların xoş xatirələriylə. Onlar sənin xatırələrində yaşayır. Və əbədi həyata hazırlaşanda, məhz onların yanına getdiyinə görə heyfslənmirsən. Və bəlkə də "əbədi həyat ordadır" deyə düşünürsən...

Hər səhər ağacların arasıyla gəzərkən Arifin uşaqsayağı, səmimi gülüşünü xatırlayıram. Onun gülərüz siması təzəcə tumurcuqlayan yarpaqların, açan çiçəklərin arasında dolaşır...

...Sabirabaddan qayıdanda ətrafa baxdım. Hər yer yamyaşıl idi. Arifin sevdiyi fəsil gəlmişdi, amma o özü yox idi. Birdən fikirləşdim k, hər şey gəldi-gedərdi. Bu yaşıllıq da bir azdan yoxa çıxacaq, amma gələn il bu vədə yenidən canlanacaq. Adam da belədir: dünyaya gəlir, ömürünü sürür və bir gün yox olur, amma onun yerişi-duruşu, sevinci- kədəri, qanı bir, ruhu bir olan doğmaları qalır və onu yaşadır. Və bir də dəqiq bilirəm ki, Arif hardadırsa, əbədi həyat ordadır...

"Qayıdandan sonra Arifin yeni binəsi, məzarı üstündə həmişəyaşıl ağac əkmək lazımdır" -deyə ürəyimdə fikirləşirəm...

Mayin birinci ongünü, 2017

Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31