Azərbaycanda etibarlı sosial müdafiə sistemi formalaşıb
Azərbaycanda həyata keçirilən sosial siyasət insanların normal yaşam tərzinin təmin olunması, vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasət artıq öz müsbət nəticəsini verməkdədir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkə vətəndaşlarının firavanlığına xidmət edir.
19 Aprel 2018 14:24 SosialHəyata keçirilən sosial siyasət insanların rifah halının yüksəlməsinə xidmət edir
Azərbaycanda həyata keçirilən sosial siyasət insanların normal yaşam tərzinin təmin olunması, vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasət artıq öz müsbət nəticəsini verməkdədir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkə vətəndaşlarının firavanlığına xidmət edir. Təsadüfi deyil ki, əhalinin sosial müdafiəsi məsələlərinin daim diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslərin reallaşdırılmasına imkan verib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yap.org.az saytına müsahibəsində bildirib ki, ölkədə həyata keçirilən sosial siyasətin mühüm uğurları sırasında təbii ki, etibarlı sosial müdafiə sisteminin formalaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur: "Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr nəticəsində Azərbaycanda mövcud olan və üç əsas istiqamət üzrə aparılan sosial ödənişlər sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib".
Xatırladaq ki, hazırda ölkədə pensiya təminatı ilə 1,3 mln. nəfər, başqa sözlə, əhalinin 13,3 faizi əhatə olunur. Ölkəmizdə 2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib. 2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artmış, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edir. Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən xilas olunub, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunur. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilir. Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.
Yeri gəlmişkən qeyd edək ki, həssas qrupa daxil olan vətəndaşların sosial müdafiəsini təmin etmək məqsədilə təkmil qanunvericilik bazası yaradılıb. Hüquqşünas Alim Hüseynli bildirib ki, ölkədə pensiya və müavinətlərin təyini və ödənilməsi prosesi şəffaf qaydada həyata keçirilir. Mövcud qanunvericilik isə kifayət qədər ədalətlidir: "Qüvvədə olan qanunvericiliyə əsasən hətta əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə dəfn üçün müavinət verilir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Yəni hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində həmçinin bildirilir ki, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün birdəfəlik müavinət həmin şəxslərə ödənilir".
Bundan başqa, yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət nəzərdə tutulur. Daha dəqiq, uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən ödənilir. Uşağın doğulmasına görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra və həmin tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir. Həmin arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər: "Mövcud qanunvericiliyə görə, hətta qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz".
Nurlan