Regionların sosial-iqtisadi inkişaf proqramları sənayenin inkişafını stimullaşdırır

2004-cü ildən etibarən Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər həlli istiqamətində əhəmiyyətli işlər görülmüş, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılıb.

2004-cü ildən etibarən Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər həlli istiqamətində əhəmiyyətli işlər görülmüş, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılıb. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə, neft-qaz hasilatı, neft emalı və neft-kimya sahələrinin inkişafına, alternativ enerji qurğu və avadanlıqlarının, alüminium emalı, gəmi istehsalı və müdafiə sənayesi müəssisələrinin yaradılmasına yönəldilib. Bununla yanaşı ölkədə əlverişli biznes investisiya mühiti yaradılıb, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi və zərurət yarandığı təqdirdə dövlətin bu layihələrdə pay iştirakı təmin edilib. Etiraf edilməlidir ki, ölkə sənayesinin inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində fəaliyyətə başlayan sənaye parkları və sənaye məhəllələri xüsusi əhəmiyyətə malikdir. Belə ki, sözügedən parklarda istehsal olunan məhsullar elə bölgələrin də iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan vermiş olur.
Neftçala Sənaye Müəssisəsində görülən işlər məhz dediklərimizi bir daha təsdiq edir. Artıq qürurla demək olar ki, Sənaye Müəssissəsi fəaliyyət dairəsini genişləndirərək çoxsaylı məhsul istehsalına start verib. Məlumat üçün qeyd edək ki, martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir. "Azərmaş" ASC və "İran Khodro" şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i "Azərmaş" ASC-yə, 25%-i isə "İran Khodro" şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. "Khazar" Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər "Made in Azerbaijan" brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur. "Khazar" Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət edilib. Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda 300 nəfər işlə təmin olunacağı nəzərdə tutulur. Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri görülüb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal modulu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə), texniki və köməkçi binalar (1000 m2) tikilib. Ümumilikdə, hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "Start-up"lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.
   Qeyd edək ki, regionlarda sənaye parklarının yaradılması və inkişafında dövlət birmənalı şəkildə maraqlıdır. Elə bu səbədən də sözügedən sahələrə maddi yardım göstərilməsini təmin edir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün lazım olan bütün dəstəyi göstərir. Məhz göstərilən dəstək nəticəsində Qusarda regional logistik mərkəz yaradılıb. İnvestisiya layihələrinin maliyyələşdirilməsi çərçivəsində fəaliyyətini quran Qusar regional logistik mərkəz bölgənin iqtisadi potensialının təmərküzləşməsinə şərait yaradacaq. Bu sahədə sahibkarların maarifləndirilməsi məqsədilə Qusar rayonunun Yuxarı Zeyxur kəndində işgüzar forum keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış "yaşıl market" və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlar nümunəvi layihələr və metodiki materiallarla tanış edilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına bir sıra layihələr həyata keçirilib. Belə ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Onu da qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə inkişafına yönəldiləcək və 80-dən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib. Qeyd edək ki, Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleks fəaliyyət göstərir. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxstan, BƏƏ və Gürcüstana ixrac edilmişdir. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Sri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükünü, çeşidləmə və qablaşdırma, istehsal olunan məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaqdır.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan sahələrin inkişafı diqqət mərkəzindədir. Nəzərdə tutulur ki, Cəlilabad rayonunda iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının, süd emalı, quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilsin. Artıq bu məqsədlə kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi planlaşdırılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verərək bildirilib ki, 2018-ci ilin ötən dövründə sahibkarların ümumi dəyəri 360 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Yeri gəlmişkən qeyd edək ki, Fond tərəfindən Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 174 min manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlığın, həmçinin ət, meyvə emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit verilib. Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aqroparkların yaraılması prosesi sürətlə aparılır. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılmaqdadır. Ümumi dəyəri 398 milyon manat olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Cəlilabad rayonunda yaradılıb. 1600 hektar ərazidə iri fermer təsərrüfatının və 500 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksinin, gündəlik emal gücü 20 ton olan süd emalı zavodunun və illik gücü 1000 ton ət kəsimi olan fabrikin daxil olduğu aqroparkda ikinci mərhələ üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31