Azərbaycan gömrüyündə ilk: kameral audit həyata keçiriləcək

Azərbaycanda kameral gömrük auditi həyata keçiriləcək.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, kameral gömrük auditi gömrük bəyannamələrində mövcud olan məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri və əldə olunmuş digər sənədlər əsasında araşdırılması və təhlili yolu ilə aparılacaq.

Kameral gömrük auditi bu barədə qərar qəbul edilmədən və barəsində kameral gömrük auditi aparılan şəxsə məxsus yerlərə getmədən malların buraxılışından sonrakı 60 iş günündən artıq olmayan müddətdə aparılacaq. Eyni gömrük bəyannaməsi üzrə kameral gömrük auditi yenidən aparıla bilməz.

Kameral gömrük auditinin müddəti gömrük orqanı tərəfindən zəruri sənədlərin və məlumatların əldə olunması məqsədilə göndərilən beynəlxalq sorğularla bağlı 30 iş gününədək uzadıla biləcək.

Kameral gömrük auditi başa çatdıqdan sonra gömrük orqanı gömrük bəyannaməsində və ona əlavə edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan və ya natamam məlumat aşkar etdikdə, xarici ticarət iştirakçısına əlavə məlumat, sənəd və izahat təqdim edilməsi barədə 5 iş günü müddətində bildiriş göndərəcək. Tələb olunan əlavə məlumat, sənəd və izahatlar 10 iş günü müddətində gömrük orqanına təqdim edilməlidir.

Təqdim olunmuş əlavə sənəd və məlumatlara gömrük orqanı tərəfindən 10 iş günü müddətində baxılacaq və gömrük bəyannaməsində uyğunsuzluq aşkar edildikdə 5 iş günü müddətində bu barədə xarici ticarət iştirakçısına qərar göndəriləcək. Tələb olunan sənəd və məlumatlar üzrlü səbəblər olmadan təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən gömrük orqanları Gömrük Məcəlləsində və gömrük işi üzrə digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada gömrük ödənişlərini hesablamaq və şəxsə bu barədə qərar göndərmək hüququna malikdir. Gömrük orqanının qərarında uyğunsuzluq barədə məlumatlar və barəsində kameral gömrük auditi aparılan şəxsin şikayət etmək hüququ göstərilməlidir.

Kameral gömrük auditinin nəticələrindən asılı olaraq plandankənar (növbədənkənar) səyyar gömrük auditi həyata keçirilə biləcək.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda "bir elektron bəyannamə" prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31