Yetkinlik yaşına çatmayanlar niyə cinayətə meyl edirlər?
Son vaxtlar ölkədə yürkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisələrinin törədilməsi hallarına rast gəlinir. Acınacaqlı məqam ondan ibarətdir ki, baş verən hüquqozmalar zamanı qızların da iştirakı müçahidə olunur. Eksperlər belə halların sayının artmasını müxtəlif səbəblərlə izah etməklə yanaşı, çıxış yollarını da göstərirlər. Ancaq beynəlxalq təcrübədə əsas çıxış yolu yeniyetmələrlə profilaktika işinin aparılması hesab olunur.
23 Fevral 2018 15:00 SosialAparılan profilaktik tədbirlər nə dərəcədə səmərəlidir?
Son vaxtlar ölkədə yürkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisələrinin törədilməsi hallarına rast gəlinir. Acınacaqlı məqam ondan ibarətdir ki, baş verən hüquqozmalar zamanı qızların da iştirakı müçahidə olunur. Eksperlər belə halların sayının artmasını müxtəlif səbəblərlə izah etməklə yanaşı, çıxış yollarını da göstərirlər. Ancaq beynəlxalq təcrübədə əsas çıxış yolu yeniyetmələrlə profilaktika işinin aparılması hesab olunur. Maraqlıdır, Azərbaycanda bu iş necə həyata keçirilir? Əvvala qeyd edək ki, cəmiyyətin perspektiv inkişafının sosial ehtiyatını gənc nəsil təşkil etdiyi üçün onların hüquqlarının müdafiə olunması vacib olduğu kimi, onlar tərəfindən törədilən hüquqpozmaların öyrənilməsi zamanı qarşılıqlı əlaqədə olan sosial-demoqrafik və psixoloji xüsusiyyətlərin kompleks şəkildə tədqiq edilməsi də məqsədəuyğundur. Bu xüsusiyyətlərin tədqiqi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların səbəb və şəraitinin, həmçinin onlara qarşı tətbiq ediləcək profilaktiki tədbirlərin dairəsinin müəyyən edilməsinə kömək edir. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, ölkədə yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, eləcə də onlar tərəfindən törədilən hüquqpozmaların qarşısının alınması və profilaktikası sahəsində kifayət qədər qanunvericilik bazası yaradılmışdır. Hazırda respublikamızda uşaq hüquqlarının müdafiəsı ilə əlaqədar fəaliyyət göstərən əsas qanun "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunudur. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair BMT Konvensiyasına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, eləcə də digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, uşaq hüquqlarına əməl edilməsi və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili sahəsində digər icra hakimiyyəti orqanları ilə yanaşı Daxili İşlər Orqanlarına da geniş səlahiyyətlər verir və qanunun tələblərinin pozulmasında təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bununla yanaşı "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında" 24.05.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2005-ci il tarixli 274 nömrəli Fərmanının icrası ilə əlaqədar daxili işlər orqanlarında uşaq baxımsızlığının və hüquqpozmalarının profilaktikası, habelə uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətin təşkili qaydalarının müəyyən edilməsi məqsədi ilə DİN-in 24.02.2007-ci il tarixli əmri ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkilinə dair Təlimat"da və "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 may 2012-ci il tarixli fərmanında daxili işlər orqanları əməkdaşlarının hüquqları müyyən edilməklə yanaşı onların qarşısında mühüm vəzifələr qoyulur. Hüquqşünas qeyd edib ki, daxili işlər orqanları əməkdaşları yetkinlik yaşına çatmayanlarla yanaşı, həm də sosial təhlükəli vəziyyətdə olan ailələrlə fərdi və ümumi profilaktik tədbirlər həyata keçirir: "Burada sosial təhlükəli vəziyyətdə olan ailələ dedikdə yetkinlik yaşına catmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə başa düşülür. Fərdi profilaktik tədbir isə sosial təhlükəli vəziyyətdə olan ailə, habelə davranışına nəzarət olunmayan uşaq və ya hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayan şəxslə fərdi qaydada həyata keçirilən profilaktik fəaliyyət; ümumi profilaktika tədbirləri - dövlət və qeyri-hökumət təşkilatları ilə birgə sosial təhlükəli vəziyyətdə olan ailələr, habelə davranışına nəzarət olunmayan uşaqlar və ya hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanlarla həyata keçirilən profilaktika və reabilitasiya fəaliyyətinin məcmusundən ibarətdir".
Fərdi və ümumi profilaktik tədbirlər isə aşağıda sadalanan yetkinlik yaşına çatmayanlar barəsində həyata keçirilir: Baxımsızlar-burada təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində davranışına nəzarət olunmayan uşaqlar və kimsəsizlər, müəyyən yaşayış və qalmağa yeri olmayan uşaqlar nəzərdə tutulur. Çətin tərbiyə olunanlar - ailə şəraitində tərbiyəsi mümkün olmayan, təhsil aldığı məktəbdə daxili nizamnamə tələblərini pozan və təhsildən müntəzəm yayınan, birgə yaşayış qaydalarına uyğunlaşmayan, səfil həyat tərzi keçirməyə, habelə hüquq pozuntusu törətməyə meyl göstərən uşaqlar başa düşülür. Avaralıqla məşğul olanlar-valideynlərin və ya digər qanuni nümayəndələrinin, həmçinin təlim-tərbiyə müəssisəsinin qayğı və nəzarətindən kənarda qalan, yaşamaq üçün yeri və vəsaiti olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolananlar. Əxlaqsız həyat tərzi sürənlər, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayanlar, habelə ümumi orta təhsildən qərəzli olaraq yayınanlar; Tütün məmulatlarından istifadə edənlər, alkoqollu içkilər və qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və həkim təyinatı olmadan narkotik vasitələr və psixatrop maddələr qəbul edənlər; İnzibati Xətalar Məcəlləsi ilə qorunan münasibətlərə zərər vuran əməli törədənlər; Cinayət Məcəlləsinin 88 və 89-cu maddələrinə əsasən tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə cinayət məsuliyyətindən və ya cəzadan azad edilənlər; Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməl törətmiş, lakin məsuliyyətə cəlb olunması üçün cinayət qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə çatmayanlar (cinayət törədənə qədər 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilir. 14 yaşı tamam olmuş şəxslərin cinayət məsuliyyəti isə yalnız CM-in 20.2-ci maddəsində sadalanan cinayətlərə görə mümkündür); Həbs istisna olmaqla barəsində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxslər; Amnistiya və əfv etmə aktı əsasında, yaxud Cinayət Məcəlləsinin 90-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl cəzadan azad edilən şəxslər; Tərbiyə müəssisəsindən buraxılan şəxslər; 16 yaşı tamam olana qədər özbaşına və qərəzli şəkildə evdən, xüsusi təlim-tərbiyə və digər uşaq müəssisələrindən gedən şəxslər də bu profilaktik tərbiyyəyə ehtiyacı olan kateqoriyaya aid edilir. Bununla yanaşı xidmətin əməkdaşları yetkinlik yaşına catmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar və zorakı rəftar edən, habelə uşaqlarını avaralığa, dilənciliyə və digər hüquqa zidd əməllərə cəlb edən valideynlər və ya qanuni nümayəndələrlə də fərdi və ümumi profilaktik tədbirləri həyata keçirirlər. Xidmətin əməkdaşları profilaktik fəaliyyətlə yanaşı yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini müdafiə edir, onların xoşagəlməz sosial vəziyyətə düşməsinin səbəb və şəraitini aydınlaşdırır, qanunvericiliklə müəyyən olunmuş əsaslara uyğun olaraq dövlətin köməyinə və qayğısına ehtiyacı olanları dövlət və qeyri-hökumət uşaq müəssisələrində yerləşdirir, azmış, atılmış, imtina edilmiş, yaşayış yeri və ya yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmayanları isə dövlət və qeyri-dövlət sosial reabilitasiya mərkəzlərinə və sosial sığınacaqlara göndərilir.
Bununla yanaşı, xidmətin əməkdaşları yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini lazımınca yerinə yetirməyən valideynlər və digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxır və yetkinlik yaşına çatmayanların baxımsızlığına və qanuna zidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə müvafiq dövlət orqanlarına məlumat verir. Bundan başqa xidmət öz fəaliyyətini yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntuları və hüquqlarının müdafiəsi tədbirlərini şəhər (rayon) icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və huquqlarının müdafiəsi üzrə Komissiyalar, əhalinin sosial müdafiəsi orqanları və sosial xidmət müəssisələri, təhsil orqanları və təhsil müəssisələri, qəyyumluq və himayə orqanları, gənclərlə iş üzrə orqanlar və gənclərin işləri üzrə orqanların müəssisələri, səhiyyə orqanları, ailə, qadın və uşaq problemləri üzrə dövlət orqanları və onların yerli təşkilatları, dövlət və qeyri-hökumət uşaq təşkilatları, habelə uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla qarşılıqlı iş və məlumat mübadiləsi əsasında qurur və həyata keçirir. Qanunvericiliyə əsasən xidmətin əməkdaşları yetkinlik yaşına çatmayanları və valideynləri profilaktiki qeydiyyata götürür, onlara fərdi profilaktiki iş tərtib edərək (FPİ) müvafiq profilaktik tədbirlər həyata keçirir. Yetkinlik yaşına çatmayanlar 11-18 yaşadək profilaktik qeydiyyata götürülür.Valideynlər üçün isə yaş həddi müəyyən edilmir.
Nurlan