Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır

Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin də yoxdur. Ailə kiçik dövlət, bəlkə də elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir.

Şəmsəddin Əliyev: "Ailəni quran hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini isə iki dəfə artırmalıdırlar"

Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin də yoxdur. Ailə kiçik dövlət, bəlkə də elə dövlətin özüdür. Əbəs yerə "Hakimiyyətin yeganə mənbəyi xalqdır" ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir. Amma onu qorumağa səbr, çox şeyi bağışlamağı, bəzən də çox şeyi unutmağı bacarmaq lazımdır. Hüquqşünas Şəmsəddin Əliyev qeyd edib ki, mübaliğəsiz belə bir fikir səsləndirmək olar ki, ailəni əvəzi olmayan nadir və az tapılan qiymətli sərvət kimi dağıtmaq yox, qorumaq hər bir vətəndaşın borcudur: "Zənnimcə ailəni quran hər iki tərəf birgə həyata başlarkən hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini isə iki dəfə artırmalıdırlar. Ər də, arvad da yaşadıqları birgə həyat zamanı ağılla hərəkət etməli, hissə qapılma halları zamanı onu içində boğmağa cəsarət və iradə tapmalıdır. Qarşılıqlı güzəştə getmək ailənin özülünü bərkidir. Təcrübə göstərir ki, əksər hallarda tərəflər arasında əvvəlki sevgi uzun çəkmir. Ona görə də ailənin qorunması üçün başlıca məsələ səbr nümayiş etdirməkdir. Nikahın təntənəli qeyd olunmasına qədər hər iki tərəf bir-birilərinin xarakterini, vərdişlərini, cəmiyyət üçün önəm daşıyan mənəvi dəyərləri nə dərəcədə qoruya biləcəklərinə əmin olduqdan sonra razılığa imza atmalıdırlar". Onun bildirdiyinə görə, ailə uşaqlardan başlayır. Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır: "Ailə yeganə yerdir ki, qarşılıqlı hörmət və ehtiramı yalnız orada ərsəyə gətirib, gələcək nəslin sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır. Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir R.Taqor deyir: "Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir". Mən deyərdim ki, tərəflərin iki qəlbi olsa da iradələri bir olmalıdır ki, daha da möhkəmlənsin.Bu mənada ailə intizamlı məktəb kimi cəmiyyətə görk olmalıdır. Bir az da obrazlı ifadə etsəm, ailə insanlığı da öyrədən bir akademiyadır". Ş.Əliyev bildirib ki, son zamanlar ailə-nikah münasibətlərindəki mübahisələr ictimai müzakirələrin predmetinə çevrilib. Cütlüklər sevgi və məhəbbətə, qarşılıqlı hörmət və ehtirama söykənən bəşəri dəyərlər əsasında ailə həyatı qursalar da çox çəkmədən yollar ayrılır. "Xasiyyətimiz uyğun gəlmədi", "Məni tez-tez aşağılayır", "Kobudluq edir, uşaqlara baxmır!" və s., və i.a. Səbəbləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür. Nikah qeydə alınan zaman tərəflər arasında ailə müqaviləsinin imzalanması təklif edilir. Guya bu təklifin qəbulu boşanma zamanı əmlakın bölünməsi məsələsinin həllində məhkəmələrə çətinlik yaratmayacaq. Nikahın pozulmasına təsir edən digər səbəblər sırasında tərəflərin bilik səviyyəsi, intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və əxlaqi keyfiyyətləri də bu məsələdə rol oynayır. Daha sonra sosial səbəblərin-işsizliyin, yoxsulluğun, narkomanlığa və spirtli içkilərə aludəçilik hallarının olmasını da qeyd edənlər var: "Lakin, boşanmaya gətirəcək real səbəblərin tapılması, həmin səbəblərin təhlili, doğuran şəraitin-sosial faktorların öyrənilməsi və aradan qaldırılması üçün sosial institutların rolu hiss olunmur. Bir az keşmişə nəzər yetirsək, bu gün üçün ibrət götürüləsi faktorkarın olduğunu görə bilərik. Keçmişdə ata-babalarımız ailə həyatı qurarkən heç birinin nə təhsili varıydı, nə oxuya, nə də yaza bilirdilər. Amma ailə həyatı davamlı olurdu. 10-11 uşaq böyüdən valideynlərin həyatı bu günkü gənclərə görk olmalıdır. Yoxsulluq və işsizlik şəraitində yaşayan keçmiş kişi və qadınlarda gərginliyə gətirib çıxaracaq fikir ayrılıqları olmuşsa da ailə həyatı məcrasından çıxmazdı. Çünki ailənin müqəddəsliyi və Allah tərəfindən "himayə" olunması faktoru təkzib olunmurdu. Həmin dövrün deyiminə görə "Ailə yalnız xəyanət olarsa dağıla bilər"di! Kişi bir az ucadan danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin səviyyəsi həmin dövrdə boşanmağa təsir edə bilməzdi və boşanma halları ümumiyyətlə olmurdu-desəm yanılmaram. Bu gün üçün, doğrusu, şəhər həyatı üçün kişilərin spirtli içkilərə aludəçiliyi və narkomanlığa meyl halları diaqnostika edilə və cəmiyyətin müalicə oluna bilən xəstəliklərindəndir. Bu səbəbdən qadınlar tərəfindən boşanmalara üstünlük verənlərin sayı da az deyil. 2007-ci il ərzində Azərbaycanda boşanmaların sayı 11 min nəfər olmuş, həmin dövrün yanvar-noyabr ayları ərzində 78,5 min nikah qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə olan nisbətdə nikahların sayı 9,1 ; boşanmaların sayı isə 1,3 olmuşdur. Qənaətimə görə müasir dünyada boşanmalara gedən yol açıq və hamardır. Gənclərin əksəriyyəti ailəni cəmiyyətin əsas özəyi olduğunu dərk etmir və yaxud onun konstitutsion mahiyyətini anlamırlar. "Ailə cəmiyyətin əsas özəyidir" ifadəsi əsas qanunumuzda da əksini tapıb. Amma bunun açması gənclərə aşılanmır. Nikahın təntənəli qeydə alınması zamanı "Ailə Məcəlləsinin maddələrini rəhbər tutmaqla "Siz ər-arvad elan olunursunuz!"ifadəsinin əvəzinə, hər iki tərəfin bir-birilərinə sədaqət göstərəcəkləri, köməksiz vəziyyətdə (ərin və yaxud arvadın) olduqları, ağır xəstəliklərdən əziyyət çəkdikləri zaman yanında olacaqlarına, ona hörmət və ehtiramla qulluq edəcəyinə, həyatının son gününədək sevgiyə sadiq qalacağına dairhamıya görk olacaq və ətrafı riqqətə gətirəcək məzmunda müraciət edilməli, bir növ "Ailəyə sədaqət andı" içilməli və hər iki tərəf ona imza etməlidirlər. And təntənəli toy mərasimlərinin və ailənin bir növ himninə - rəmzinə çevrilməlidir. Konstitusiyamızın 74-cü maddəsində "Vətənə sədaqət" vəzifəsi hər bir vətəndaşın (dövlət qulluqçusunun, hərbiçinin, dövlət qulluğunun xüsusi növündə çalışan məmurlarının içdiyi and da "Vətənə sədaqətin" nümunəsidir.) müqəddəs, konstitusion vəzifəsidir. Bu vəzifəni icra etməmək sədaqətsizliyin bariz nümunəsi kimi xəyanətə bərabər tutulur və cinayət məsuliyyəti yaratdığı üçün dəyər kəsb edir. Zənnimcə "Ailəyə sədaqət" ruhunda andın (mətni dərin məna kəsb edən məzmunda tərtib etmək lazımdır) içilməsi, toy şənliyində iştirak edənlərin hüzurunda ucadan səsləndirilməsi və həmin andın hər iki tərəfin imzalamasından sonra Ailə Məcəlləsinin müvafiq maddəsinə uyğun nikahın bağlanması ailənin nüfuzunu artıra, onu gənclərüçün müqəddəsləşdirə bilərdi. Qeydiyyat Şöbələri tərəfindən toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri toydan sonra dəyərini itirir. Həm qız, həm də oğlan tərəfindən şahidlik edib, zamin duranların imzaları ilə nikahı təsdiqləmələri isə seremoniyanın formal tərəfidir". Hüquqşünas ailənin qorunub saxlanması üçün bənzər misal çəkib: "Yerində səslənməsə də bir haşiyə çıxardım. Banklarda kredit verilən zaman zamin duran şəxsin krediti götürəni tanıması və onun işləməsinə, habelə onun maddi imkanlarının borcu qaytarmaq həddində olmasına zaminlik edir və sənədə imza atır. Lakin borclu borcunu qaytara bilmədikdə və yaxud, ölkənin hüdudlarından kənara çıxdıqda zamin duranın vəziyyəti ağırlaşır, bank yerdə qalan borcu hüquqi məntiqə sığmayan tərzdə ona-zamin durana yönəltməyə başlayırlar. Ailə münasibətləri iflasa uğradıqdan sonra zaminlik edənlərə qarşı belə davranmaq təbii ki, yolverilməzdir. Zənnimcə nikah məsələləri bank əməliyyatlarından fərqli olaraq cəmiyyət və dövlət üçün tale yüklü müqəddəs məsələdir. Amma zamin duranlar burda da bankda da fiziki şəxslərdən ibarətdirlər. Nikahın pozulması zamanı nə zaminlər, nə də qudalar heç yada düşmürlər. Ailə dağılır, amma havadarlar yox və onlar məhkəmələrə dəvət olunmurlar. Belə hallar ailənin dəyərini heçə endirməklə, boşanmaları da sadələşdirir və adiləşdirir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31