İnsanlar niyə yalan danışırlar?

Dahilərdən biri deyib ki, (Fransua Laroşfuko) yalançı başqalarını aldatdığını zənn edər, əslində isə özünü aldadır. Elə isə təəccüblüdür, insanlar niyə yalan danışır? Onları yalan danışmağa nə vadar edir? Bəzən görürsən ki, heç bir səbəb olmadan insan yalan danışır.

Dahilərdən biri deyib ki, (Fransua Laroşfuko) yalançı başqalarını aldatdığını zənn edər, əslində isə özünü aldadır. Elə isə təəccüblüdür, insanlar niyə yalan danışır? Onları yalan danışmağa nə vadar edir? Bəzən görürsən ki, heç bir səbəb olmadan insan yalan danışır. Bunun səbələri nə ilə bağlıdır? Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva qeyd edib ki, yalan danışmaq prosesi uşaqlıq dövründən başlayır. Araşdırmalara görə, 3-4 yaşından uşaq yalan danışmaq üçün ilk cəhdləri göstərir. Adətən böyüklər bunu görür, normal qəbul edib bir əyləncə formasına gətirirlər. Uşaq 5-6 yaşına çatanda isə yalanlar çoxalır və düşünülmüş olur. Çox vaxt belə hallar cəzalandırılmanın qorxusu nəticəsində baş verir. Lakin bu yaşda cəzalanma üsulu fərqli olur. Böyüklər uşağın üstünə qışqırır, elədiyi hərəkətə görə günahlandırılır və özünü çox pis vəziyyətdə hiss edir. Uşaq valideynlərinin davranışını təkrarlayır, onların yalan dediklərini görür. Bir misal gətirmək olar: "Hansısa bir qohum haqqında valideyn hər zaman mənfi fikir bildirir, lakin onlara qonaq gedəndə tamamilə başqa münasibət göstərir. Bunu görən uşaq öz aləmində bu cür davranışın düzgün olduğunu hesab edir". İnsanlar yalan danışır, bəzən də buna əhəmiyyət vermirlər. Hesab olunur ki, şəraitdən yaranmış müəyyən məqamlar insanı yalan danışmağa vadar edir. Əksər hallarda öz şəxsi maraqlarının müdafiəsinə görə, özünə diqqət cəlb etmək üçün, cəmiyyət tərəfindən gələn tənqiddən yayınmaq üçün yalan danışırlar. Bəziləri özlərinə yalanlardan ibarət olan bir dünya qururlar və bu yalana inanırlar. İnsanlar müxtəlif formada yalanlar danışırlar, çünki hər biri müəyyən şəxsiyyət tipinə aiddir. Onun bildirdiyinə görə, yalana ən çox meylli isterik şəxsiyyət tipinə aid olan insanlardır. Onlar özünə qarşı maraq olmadığını hiss edəndə nəyin bahasına olursa olsun, onu qazanmağa çalışır. Bu tip insanlar uydurduğu obraza o qədər alışırlar ki, öz fantaziyalarında tam həll olurlar, ürəkdən inanırlar. Tanınmış filosof və alim Blez Paskal yazırdı: "Elə insanlar var ki, yalan danışır, sadəcə yalan danışmaq üçün". Müəyyən situasiyalarda "yox" deyə bilməyəcəyi üzündən bəzi insanlar özlərinə bəraət qazandırmaq məcburiyyətində qalırlar. Şizoid şəxsiyyət tipinə aid olan insanlar tam fərqli formada yalana əl atırlar. Onları fantaziyaları çox uzaqlara aparır: mistik mövzular, uçan boşqablar və sair, çoxlu vədlər edirlər, sonra isə unudurlar. Əsl "peşəkar" yalançılar epileptoid tipinə aid olanların arasında olur. Onlar elə yalan danışırlar ki, heç kəs hiss eləmir, özlərinin də çox güclü yaddaşı var və danışdığı yalanları unutmurlar. Lakin onlar nadir hallarda yalan danışırlar, çünki az danışan olurlar. Fikir söyləmədən öncə fikirləşirlər, ölçüb-biçirlər, xırdalıqlarına qədər əhəmiyyət verirlər. "Qipertim" psixotipinə mənsub olan insanlar çox nadir hallarda yalan danışır. Onlar yalan danışmağa ehtiyac duymurlar, çünki cəmiyyətdə özlərini sərbəst hiss edirlər və heç kimdən qorxmurlar. Və psixoastenik tipinə aid olan insanlar. Onlar çox nadir hallarda yalan danışırlar. Çünki yalanı günah olduğunu düşünürlər. Yalan danışsalar belə, o anda onların hərəkətlərində, jestlərində bunu hiss eləmək olar.

Bəs, yalanı necə ayırmaq olar?

Psixoloq hesab edir ki, bu anda köməyimizə qarşımızdakı insanın jestləri gəlir: "Bir qədər diqqət yetirin. Yalan danışan zaman insan çox vaxt gözə baxmır, əllərini ovuşdurur, barmaqlarını oynadır, əlini burnuna aparır, ağzını örtür. Əsəbi halda ətrafında səliqə səhman yaratmağa çalışır, əlində hansısa əşyanı, ya düymələrini oynadır, tez-tez saçlarını düzəldir, dodaqlarını yalayır. Əsəbləşən adam siqaret çəkməyə, öskürməyə də başlaya bilər. Bütün bu jestlər həmin söhbətdən yayınmaq üçün istifadə olunur.Təbəssümü saxta olur: dodaqlar qaçır, lakin baxışlar ciddidir. Əgər hansısa mövzunu müzakirə edəndə həmsöhbətinizin əsəbləşdiyini, gözlərini yayındırdığını, ağzını əli ilə örtdüyünü, bir qədər geri əyildiyini müşahidə edirsinizsə, deməli, o, bu barədə danışmaq istəmir və ona görə də yalan deməyə hazırdı. Yalan danışan zaman insanın üzündəki ifadə və dediyi sözlər bir-birini tamamlamır. Lakin onu da qeyd etmək istəyirəm ki, bu dediklərimdən nəticə çıxararaq, hansısa bir jestə görə insana yalançı demək olmaz. Bunlar kompleks şəklində nəzərə alınmalıdır. Həm insanın jestləri, keçirdiyi emosiyalar, verbal reaksiyalar müşahidə olunmalıdır. Verbal reaksiyalar, yəni insan söhbətdən yayınır, o barədə danışmaq istəmir, ya da ki verdiyi cavablar mövzuya aid deyil. Yalan danışan insan kobudluq də edə bilər: "Mən sənə cavab vermək məcburiyyətində deyiləm", "Mənim haqqımda siz necə belə düşünə bilərsiniz". Onun sözlərinə görə, ümumiyyətlə, bu mövzu çox geniş bir mövzudur və bu haqda çox danışmaq olar. Nə qədər məlumatımız olsa belə, yalanı həmişə aşkar etmək olmur, çünki çox bacarıqla , "peşəkar" yalan danışanlar da var. Lakin əksər hallarda insana öz yalanlarına nəzarət etmək çətindir. O, əsəbləşir və aqressiv olur. Həmin an mövzunu gözlənilmədən dəyişəndə - düz danışan insanı bu təəcübləndirər, lakin yalan söyləyən buna sevinər. İnsan davranışını müəyyən bir məqamda düzgün qiymətləndirmək üçün onun adi vaxtlarda adətən özünü necə apardığını bilmək lazımdır. Tanımadığımız insanın yalanını aşkar etmək çətindir.

Yalanın böyüyü, kiçiyi, ağı, qarası olmaz

Dinimizdə də yalan və yalançılıq ən böyük günahlardan biri sayılır. Bir gün Allah Rəsulu (sallallahu aleyhi və səlləm): "Sizə böyük günahların ən böyüyünü xəbər verim?" - deyə soruşmuş və bu sualı üç dəfə təkrarlamışdır. Səhabələr: "Bəli", − deyincə: "Allaha şərik qoşmaq, ata-ana haqqına riayət etməmək, cana qəsd etmək!"- buyurmuşdur. Ardınca da: "Xəbəriniz olsun! Yalan söz danışmaq, yalandan şahidlik etmək", − deyib yalanın da böyük günahlardan olduğunu vurğulamışdır. Nə üçün yalan böyük günahlarla eyni tutulur? Çünki yalan bir çox böyük günahların işlənməsinə zəmin hazırlayır.Digər böyük günahlar isə öz-özlüyündə "müstəqil" bir günahdır. Ancaq yalan, demək olar ki, bütün böyük günahlarla əlaqəlidir. Məsələn, içki içən adam ağlı başında olmadığı üçün rahatlıqla yalan danışa bilər. Qumar oynayan uduzduqlarını geri qaytarmaq üçün yalana əl atır. Rəbbimiz Qurani-Kərimdə: "Yalan sözdən çəkinin", "Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin!" buyurmaqla bu çirkin günahla bağlı xəbərdarlıq edir. "Çünki yalançılıq (kizb) küfrün əsasıdır, yalan münafiqliyin birinci əlamətidir. Yalan Allahın qüdrətinə iftira sayılır, Rəbbin hikməti ilə təzad təşkil edir. Yalan yüksək əxlaqı çirkin əxlaqa çevirir, İslam aləmini zəhərləyir, insanları fitnə-fəsada sürükləyir və onların mənən kamilləşməsinə mane olur. İslamiyyətin əsası doğruluqdur, imanın mahiyyəti doğruluqdur, insanı kamilliyə aparan doğruluqdur, uca əxlaqın mayası doğruluqdur..." Yalanın böyüyü, kiçiyi, ağı, qarası olmaz. Xırda-xırda yalan danışan insan get-gedə buna vərdiş edər. Bir müddət sonra böyük yalanlar danışmağa başlayar və Allah qatında yalançı kimi qeyd edilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurur: "Yalandan çəkinin. Yalan insanı günaha, o da Cəhənnəmə aparar. Bir insan yalan danışar və yalanı araşdırarsa, ilahi dərgahda yalançı kimi yazılar". Ona görə də möminlər yalan mövzusunda çox həssas olmalı, yalandan mümkün qədər uzaq gəzməlidir. Bəs bunu necə etməlidir? Sualın cavabına böyük İslam aliminin bir yazısından baxaq: "Təsəvvür edək ki, qarşımızda qırmızı xalça var. Söhbət əsnasında "mavi xalça" demək açıq-aşkar yalandır. Çünki deyilən söz həqiqətə ziddir. Deyək ki, saat doqquza üç dəqiqə qalıb. Elə həmin vaxt bir nəfər sizdən saatı soruşur. "Saat doqquz tamamdır" deyə cavab vermək də yalandır. O anda saatınızın əqrəbi neçəni göstərirsə, onu deməlisiniz. Bəzi sözlər də gizli yalan sayılır. Məsələn, insanları Allah rizası üçün gözəl işlər görməyə təşviq edərkən bəzən hadisələr şişirdilərək danışılır ki, bu da mübaliğədir, gizli yalandır. Hətta bu kimi yalan və mübaliğələr Allaha xoş gəlməz, o işin bərəkətini qaçırar. Ruhlar və ruhani varlıqlar da bu cür yalanlardan iztirab çəkərlər. İnsanın qəlb və ruh dünyası xəzan yelindən tökülən yarpaq kimi saralıb solar. Əgər bir insan bu cür yalanı belə danışırsa, demək, onda münafiqliyin əlaməti vardır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31