Müstəqil ölkənin azad və müstəqil mətbuatı
Media cəmiyyətin güzgüsüdür. Həmin güzgü şəffaf, təmiz və ya bunun əksinə çirkli də ola bilər. Güzgünün təmiz və çirkli olması isə əsasən medianın fəaliyyəti və ona normal fəaliyyət üçün yaradılan şəraitlə bağlıdır.
19 Fevral 2018 14:30 SosialYüksək səviyyədə qurulan dövlət-media əməkdaşlığı
Media cəmiyyətin güzgüsüdür. Həmin güzgü şəffaf, təmiz və ya bunun əksinə çirkli də ola bilər. Güzgünün təmiz və çirkli olması isə əsasən medianın fəaliyyəti və ona normal fəaliyyət üçün yaradılan şəraitlə bağlıdır.
Bir qayda olaraq demokratik cəmiyyətlərdə medianın, kütləvi informasiya vasitələrinin azad şəkildə, heç bir basqı, təzyiq olmadan fəaliyyət göstərməsi üçün ona istənilən imkan, şərait yaradılır. Çünki fikir, söz və məlumat azadlığının təmin olunması demokratiyanın əsas göstəricilərindən biri hesab edilir. Azərbaycan da demokratik cəmiyyətin bir üzvü olaraq hər zaman bu prinsiplərə sadiqlik nümayiş etdirib, ölkədə demokratik ənənələrin inkişaf etdirilməsinə çalışıb. Bu müsbət tendensiya xüsusilə müstəqillik illlərindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Düzdür, müstəqillik illərindən əvvəl də Azərbaycanda müəyyən mənada fikir, söz azadlığının təmin edildiyinə rast gəlmək olurdu və bu müsbət hal əsasən ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrlərə təsadüf edirdi. Keçmiş sovet rəhbərləri içərisində media, kütləvi informasiya vasitələrinə ən açıq olan rəhbər kimi tanınan Heydər Əliyev bəzən mühüm dövlət tədbirlərinin çox hissəsini o zaman mətbuatda qaldırılan problemlərə və onların həlli yollarına həsr edirdi. Düzdür, Heydər Əliyevin bu davranışı o vaxt mərkəzi hakimiyyəti heç də qane etməsə də, lakin xaraktercə prinsipial və iradəli olan Heydər Əliyev öz ənənəsinə sadiq qalaraq media, mətbuatla daha sıx işləməyi davam etdirirdi. Təsadüfi deyil ki, o zaman digər SSRİ respublikalarının rəhbərlərinə çıxış tapa bilməyən müttəfiq ölkələrin jurnalistləri də asanlıqla Heydər Əliyevlə əlaqə qura, onunla müsahibə ala bilirdilər ki, bu da ümummilli liderin həm mətbuata göstərdiyi diqqət və qayğının göstəricisi, həm də fikir, söz azadlığına verdiyi dəyərin bariz nümunəsi idi.
Qeyd etdiyimiz kimi müstəqillik illərindən sonra Azərbaycanda fikir, söz azadlığı, plüralizmin təmin olunması istiqamətində daha effektli və ardıcıl addımlar atılmağa başlanıldı. Xüsusilə, bu istiqamətdə müsbət hərəkətlilik ümumilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başladı.
Mətbuatın inkişafında yeni mərhələ
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Bu mənada Heydər Əliyevin atmış olduğu ən böyük addım 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməsi oldu. Bununla azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Heydər Əliyev sonrakı illərdə imzaladığı digər fərman və sərəncamlarla ölkədə informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bununla da dövlətin mətbuat üzərində nəzarəti tamamilə aradan qalxdı.
Heydər Əliyevin 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə tarixi görüşü də Azərbaycan mediasının o dövrün tələblərinə uyğun şəkildə inkişaf etməsi üçün təkan verdi. Məhz həmin tarixi görüşdən sonra Heydər Əliyev mətbuata güzəştli kreditlərin verilməsi, onların maddi-texniki bazasının daha da gücləndirilməsi, çoxlu sayda qəzetin "Azərbaycan" Nəşriyyatına olan borcunun dondurulmasına qərar verdi. Həmin dövrdə çap mediasının bütün dövlət vergilərindən azad edilməsi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması da əslində ölkədə fikir, söz azadlığının, plüralizmin təmin olunmasına verilən dəyərli töhfələrdən idi. Xüsusilə onu qeyd etmək lazımdır ki, Heydər Əliyevin bu humanizmliyindən, mətbuata qayğısından həmin vaxt ümummilli lideri ən qatı şəkildə, özü də əsassız olaraq tənqid edən, hətta təhqirə belə yol verən müxalifət media qurumları da geninə-boluna yararlana bilirdi ki, bu da plüralizmin təkcə sözdə deyul, elə əməldə də təsdiqi idi. Məhz bütün bunların göstəricisi idi ki, 2001 və 2002-ci illərdə Heydər Əliyev "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Əslində bu təkcə bir jurnalist təşkilatının deyil, ümumilikdə ölkənin media cameəsinin seçimi, qiymətləndirməsi idi.
Ümummilli lider mətbuata, KİV-ə diqqət və qayğı göstərmək, onların üzləşdiyi problemlərin həlli istiqamətində ardıcıl addımlar atmaqla yanaşı, medianı obyektiv, qərəzsiz olmağa səsləyirdi. Bu mənada ümummilli lider deyirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Eyni zamanda hamınızı ədalətli mövqeyə dəvət edirəm. Ədalətli tənqidə heç kəs heç bir şey deyə bilməz. Amma ədalətdən kənar, uydurma, yalan, başqa şeylər, əlbəttə ki, insanı incidir, insanı narahat edir".
Uğurlu yolun davamı
Sevindirici haldır ki, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı addımlar günümüzdə də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ölkənin bir nömrəli postuna seçilən Cənab İlham Əliyev fikir və söz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", Milli Mətbuatın yubileyləriinin qeyd edilməsi haqqında sərəncamlar bu qəbildəndir. Azərbaycan Prezidentinin ölkə mediasının inkişafı, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımlar bunlarla kifayətlənmirdi. Dövlət başçısının qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi istiqamətində atdığı addım, 2008-ci ildə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamın imzalanması, bir il sonra, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaitlərin ayrılması Cənab İlham Əliyevin bu sahədə atmış olduğu ən mütərəqqi addımlardır. Məlumat üçün qeyd edək ki, məhz sonuncu sərəncamlar əsasında artıq media təmsilçiləri üçün iki hündürmərtəbəli yaşayış binası tikilərək tam təmirli şəkildə və pulsuz olaraq KİV nümayəndələrinin ixtiyarına verilib. Hazırda isə növbəti, üçüncü binanın da tikintisi həyata keçirilir. Məhz azad media, fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu mütərəqqi addımlardan dolayı Cənab İlham Əliyev də bi neçə dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Dövlət fikir, söz azadlığında maraqlı tərəf kimi
Əgər bu gün dünya dövlətlərinə, həmin dövlətlərdə mövcud olan KİV-lərin fəaliyyətinə, eləcə də onlara dövlət səviyyəsində yaradılan şəraitə nəzər salsaq aydın şəkildə görə bilərik ki, Azərbaycanda olduğu qədər heç bir ölkədə mətbuata bu qədər diqqət ayrılmır. Eyni zamanda KİV-lər Azərbaycanda olduğu kimi bu qədər azad, müstəqil deyillər. Yəni, dövlət, onun prezidenti media, kütləvi informasiya vasitələrinə diqqət göstərib, onlara yardım ayırsa da, lakin medianın, onu təmsil edən jurnalistin azadlığı, müstəqilliyi əlindən alınmır. Bir media təmsilçisi kimi bu müsbət tendensiyanı öz şəxsi həyatımda yaşadığımdan belə bir əminlik yaranıb. 2013-cü ildən, jurnalistlər üçün inşa olunmuş ilk binadan mənzil sahibi olanlar sırasındakı biri kimi ötən 5 il ərzində dövlətin, onun prezidentinin hədiyyə etdiyi mənzil qarşısında mənim söz haqqım, fikir, ifadə azadlığım, müstəqilliyim nəinki əlimdən alınıb, əksinə bütün bunları ifadə etmək, fikirlərimi bildirmək üçün daha geniş imkanlar yaranıb. Çünki elə dövlətin, onun prezidentinin də biz qələm əhlindən istədiyi budur. Jurnalist gördüyü hər bir neqativ hadisəyə, problemə dərhal və operativ şəkildə reaksiya verməli, onu ictimailəşdirməli, eyni zamanda həmin problemin həllində dövlətə, müvafiq qurumlara yardım göstərməlidir. Bu mənada Cənab Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş ikinci yaşayış binasının açılış mərasimində söylədiyi fikirlər hər bir media təmsilçisinin ürəyindən xəbər veridyi kimi, eyni zamanda KİV nümayəndələrini daha məsuliyyətli olmağa səsləyir. Və dövlət başçısının həmin fikirləri bizim üçün mayak rolunu oynayır, əlavə stimul verir: "Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Göründüyü kimi, media kimi dövlət və onun prezidenti də fikir, söz və ifadə azadlığından yanadır və bu prinsiplərin təmin olunmasında maraqlıdır və ölkədə yüksək səviyyədə media-dövlət əməkdaşlığı mövcuddur. Ötən illər ərzində dövlətin və dövlət başçısının qeyd edilən istiqamətlərdə atdığı addımlar, gördüyü işlər bütün bunları əyani şəkildə ortaya qoyur. Bu baxımdan ölkədə yüzlərlə media vasitəsinin fəaliyyət göstərməsi reallığı, dövlətin KİV-ə dəstəyindən daha çox müstəqil, hətta müxalifət mətbuatının yararlanması, jurnalistlərə mənzil verilərkən onlar arasında siyasi baxışlarına görə heç bir seçimin qoyulmaması, hər bir media təmsilçisinin istər çalışdığı KİV, istərsə də sosial şəbəkədə öz fikrini azad şəkildə ifadə etməsi Azərbaycanda fikir, söz, ifadə azadlığının, plüralizmin pozulduğunu iddia edənlərə layiqli bir cavabdır.
Süleyman İsmayılbəyli
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"