Cinayətə aparan yollar
Son zamanlar ölkədə törədilən cinayətlərdə yeniyetmələrin adı daha çox hallanmaqdadır. Xırda xuliqanlıqdan tutmuş ağır cinayətlərdə belə yeniyetmələrin adlarının hallanması vəziyyətin ötəri olmamasındıan xəbər verir. İş o həddə çatıb ki, yeniyetmələr adi ailə, sevgi narazılığından intihara əl atır, məktəb yaşlı uşaqlar zorakılı xarakterli intim münasibətlərinə meyl edirlər. Maraqlıdır, bəs yeniyetmələrin cinayətə meylli olmalarının səbəbləri nə ilə bağlıdır?
16 Fevral 2018 14:10 SosialBu yollar hansı cığırlardan keçir
Son zamanlar ölkədə törədilən cinayətlərdə yeniyetmələrin adı daha çox hallanmaqdadır. Xırda xuliqanlıqdan tutmuş ağır cinayətlərdə belə yeniyetmələrin adlarının hallanması vəziyyətin ötəri olmamasındıan xəbər verir. İş o həddə çatıb ki, yeniyetmələr adi ailə, sevgi narazılığından intihara əl atır, məktəb yaşlı uşaqlar zorakılı xarakterli intim münasibətlərinə meyl edirlər. Maraqlıdır, bəs yeniyetmələrin cinayətə meylli olmalarının səbəbləri nə ilə bağlıdır?
Heç kim anadangəlmə cinayətkar olmur
Kriminalist-ekspert Mahmud Hacıyev bildirib ki, heç kim anadangəlmə cinayətkar olmur, eləcə də yeniyetmələr: "Lakin sonrakı həyat tərzi, valideynlərin, məktəbin tərbiyəsi, müəyyən sosial-iqtisadi problemlər, o cümlədən həmin insanların dünyagörüşündəki zəiflik artıq cinayətə meyllilik əmələ gətirir.Tərbiyə və təhsil bir paraleldə inkişaf edən amillərdir. Tərbiyənin müəyyən bir qismi ailə ilə əlaqəlidirsə, 60-70 faizi təhsillə bağlıdır. Əgər təhsil səviyyəsi bərbad vəziyyətdədirsə, bu, istər-istəməz yeniyetmələrin əxlaqının korlanmasına, az və ya böyük əhəmiyyətli hüquq pozuntularına yol vermələrinə səbəb olacaq. Azərbaycanda da müəyyən məqamlarda dövlət məmurları etiraf edir ki, təhsil səviyyəsi aşağı düşüb. Yeniyetmə, gənc və ya yaşlı - fərqi yoxdur bütün insanlar mürəkkəb xarakterli varlıqdır. Elə yeniyetmə var ki, onun iradəsi zəifdir, savadı demək olar ki, yox səviyyəsindədir, o cümlədən ailəsində sosial-iqtisadi problemlər var. Bunların nəticəsində yeniyetmələr az əhəmiyyətli hüquq pozuntusuna yol verir, daha son böyük əhəmiyyətli, son nəticədə isə cinayət işinə səbəb olur. Bilirsiniz, bu həyat tərzidir. Valideynlər də bu işdə müəyyən rol oynayır. Onların ciddi nəzarəti olmayanda mənfi sonluqlar müşahidə edilə bilir. Yaxud məktəb təlim-tərbiyəni düzgün quranda yeniyetmənin başı qarışır". M.Hacıyev qeyd edib ki, cinayətkarların respublika səviyyəsində hərəkət dinamikasına Daxili İşlər Nazirliyindəki Əməliyyat Statistika İdarəsi cavabdehdir: "Bu baxımdan ötən illərlə müqayisədə yeniyetmələrin cinayət işlərində adlarının hallanmasının artıb və ya azaldığını onlar deyə bilərlər. Amma sovetlər dövründə yeniyetmələrin cinayətə meyli daha az idi. Təbii ki, mən də o dövrə qayıtmaq istəməzdim. Amma fakt odur ki, həmin zaman belə hallar çox nadir baş verirdi. Məsələn, o vaxt orta məktəblərin fəaliyyətini tənzim edən ayrıca Maarif Nazirliyi var idi. Yəni indiki kimi bütün məsələlər yalnız Təhsil Nazirliyinin üzərində deyildi. Digər tərəfdən son 3-4 ildir, məktəb daxilində azyaşlıların, yeniyetmələrin xuliqanlıq hərəkətləri, çaxnaşmaları müşahidə edilir. Əvvəllər bununla bağlı fərqli struktur var idi. Milisin (polisin) tərkibində uşaq inspektorları mövcud idi və onlar adətən xanımlardan seçilirdi. Mənzil istismar idarələrinin metodistləri ilə uşaq inspektorları birgə işləyirdi". Ekspert deyib ki, inspektorların xanım olmasının səbəbi onların uşaqlarla daha yaxşı ünsiyyətə girə bilmə bacarığına görə idi: "Metodistlər, inspektorlar, icra nümayəndələri mütəmadi olaraq məktəblərə gedirdilər. Onlar kompleks halda işlərini qənaətbəxş qurmuşdular. Ayda iki-üç dəfə deyil, gündəlik məktəblərlə əlaqə saxlayırdılar. Kişilərin polis geyimində məktəblərə girməsi uşaqlarda pis əhval yarada bilərdi. Bu səbəbdən qeyd etdiyim kimi xanım inspektorlar məktəblərə gedirdi. Müstəqillik dövründə isə həm təhsil, həm də hüquq mühafizə orqanlarında struktur dəyişikliyi oldu. Bəzi islahatlar özünü doğrultsa da, bəziləri doğrultmadı. Bu da müəyyən qədər boşluqların yaranması ilə nəticələndi. Məsələn, əvvəllər hər 100 tələbələrdən birinin cibindən bıçaq tapmaq olardı ya olmazdı.. Amma indi orta məktəb şagirdlərini yoxlasanız, hər üç nəfərdən ikisinin üzərində bıçaq var".
Hər sosial problemi olan da cinayət törətmir
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva qeyd edib ki, heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır. Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Maraqlıdır, bəs, qeyri-qanuni hərəkətlərə hansı amillər səbəb olur? Psoxoloq hesab edir ki, həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək, ailədə ata rolunun olmaması, uşağa qarşı həddən artıq yumşaq davranış, valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması, ailədə münaqişələr uşaqların tərbiyyəsinə ciddi təsir göstərir: "Təbii ki, qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri-insanın cəmiyyətdən təcrid olunmasıdır. Şübhəsiz ki, öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır.Və gələcəkdə uşaqda "sosiopatiya" formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və sair kimi natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar. Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı -qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir. İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir: nizamsız davranış, məktəb qaydaların və intizamın pozulması, dərslərdə davamiyyətin pozulması, evdən qaçmalar, yalanlar, oğurluq. 12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir. Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur. Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır". Onun bildirdiyinə görə, psixopatiya, alkoqolizm, nevrotik pozuntu, kəllə-beyin travmaları, intellektual çatışmazlıq isə qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar hesab olunur: "Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır".
Nurlan