Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları infrastruktur layihələrin reallaşmasında xüsusi rol oynayıb
Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilməkdədir. Artıq ölkədə həyata keçirilən üçüncü dövlət proqramının icrası da naliyyətlərlə müşahidə olunmaqdadır. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ili başa çatıb.
30 Yanvar 2018 17:58 SosialAzərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilməkdədir. Artıq ölkədə həyata keçirilən üçüncü dövlət proqramının icrası da naliyyətlərlə müşahidə olunmaqdadır. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ili başa çatıb. Qətiyyətlə demək olar ki, ölkədə regionların sosil iqtisadi inkişafı ilə bağlı həyata keçirilən üç dövlət proqramı çərçivəsində köklü iqtisadi islahatlar icra edilib. Bu islahatlar nəinki bölgələrin, ümüumilikdə Azərbaycanın simasının yeniləçşməsində əhəmiyyətli rol oynayıb. Ən əsası isə ölkənin infrastruktur dizayni tamamilə yenilənib. Qeyd etməliyik ki, dövlət proqramları çərçivəsind bölgələrdə çoxsaylı infrastruktur layihələri icra edilib. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verib, həm də onun beynəlxalq əhəmiyyətini artırıb. Daha doğrusu, həyata keçirilən nəhəng transmilli infrastruktur layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Onu da xatırladaq ki, regionların sosial-iqtisadi inkişaf proqramları Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına hədəflənib. Təsadüfi deyil ki, prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki, ölkədə həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır: "Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir". Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın regionları xeyli inkişaf edib ki, insanların regionlara axını qeydə alınıb. Daha doğrusu, regionların davamlı elektrik enerjisi, qaz və içməli su ilə təçhizatı yeni istehsal və emal müəssisələrinin açılması ilə nəticələnib ki, bu da real iş yerləri deməkdir. Təbii ki, belə halda insanların regionlara üz tutması, öz biznesini, təsərrüfatını qurmasl baş verməli idi. Elə prezident İlham Əliyev də həmin sosial infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: "Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri də göz qabağındadır. Biz əlbəttə ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlamalı idik. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.Beləliklə, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayış kompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji ilə qidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdə əminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq". Qeyd edək ki, regionların sosial-iqtisadi inkişaf dövlət proqramları eyni zamanda ölkənin qazlaşdırılmasında da xüsusi rol oynayıb. Hətta tarixın təbii qaz üzünə həsrət qalan ən ucqar dağ rayonlarında belə qazlaşdırma uğurla həyata keçirilir: "2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək və bu il görüləcək işlər haqqında bir qədər sonra danışacağıq". Məlum olduğu kimi son on illərə qədər ölkədə içməli su və kanalizasiya problemləri insanları narahat edən çox ciddi problemlərdən idi. Lakin dövlət proqramlarını icrası bu problemlərin də aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb: "Düzdür, bu sahənin bilavasitə iqtisadi və sənaye inkişafımıza o qədər də böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir. Ona görə biz bu məsələ ilə də ciddi məşğul olmağa başlamışıq. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, - inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir".
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası respublikanın bütün rayon və şəhərlərində inkişafa səbəb olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində olduğu kimi, Lənkəranda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, rayonun siması tamamilə dəyişib, əvvəlki şöhrətini özünə qaytarıb. Belə ki, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına verilən dəstək və iş adamları üçün yaradılan əlverişli mühit rayona investisiya cəlb olunmasına yeni imkanlar yaradıb: "Dövlət başçısının tapşırığına əsasən Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi potensialı araşdırılıb, inkişafı daha vacib olan sahələr müəyyən edilərək, özəl investisiyanın cəlb olunması istiqamətində konkret işlər görülüb. Nəticədə özəl investisiya hesabına rayonda ümumi dəyəri 62,3 milyon manat olan 16 obyektin, o cümlədən iri çəltikçilik təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, sitrus meyvə bağlarının, istixana kompleksinin, turizm, istirahət və əyləncə mərkəzlərinin yaradılmasına başlanılıb, artıq 41,8 milyon manat vəsait xərclənib, 1380 yeni iş yeri açılıb. Ümumilikdə isə ötən il rayona 124,6 milyon manat özəl investisiya cəlb edilib, 3700 yeni iş yeri açılıb.Ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı qəbul edilən qərarlar, dövlət başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr əsasında aqrar sahədə böyük canlanma yaranıb, onun tarixi şöhrəti özünə qayıtmağa başlayıb. Bu, bir həqiqətdir ki, ölkədə aparılan düşünülmüş siyasət nəticəsində insanlar torpağa bağlanıb, onların maddi rifah halı xeyli yaxşılaşıb, məhsul bolluğu yaranıb. Artıq kənd yerlərində demək olar ki, işsiz insan yoxdur, onlar halal zəhmətləri ilə öz dolanışıqlarını təmin edirlər".
Onun sözləərinə görə, ötən il Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi və imzalanan müvafiq sərəncamlar rayonda bu sahələrin inkişafına yeni imkanlar yaradıb.Unudulmaqda olan ənənəvi çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi sahələrinin bərpasına diqqət əhali tərəfindən böyük rəğbətlə qarşılanıb, aparıcı ölkələrin qabaqcıl təcrübəsi öyrənilməklə, bu sahələrin inkişaf etdirilməsinə başlanılıb. 2017-ci ildə çayçılığın inkişafına 7,7 milyon manat investisiya yönəldilib, əkin sahələri 604 hektara, işləyənlərin sayı 2 min nəfərə çatdırılıb. İstifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda tapşırığınıza əsasən növbəti illərdə terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub. Ötən il respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilmiş ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Bununla məqsədimiz ənənəvi çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi proqramına töhfəmizi verməkdir. Bu məqsədlə 2017-ci ildə 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda "Lənkəran düyüsü" adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin etməklə "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə satılması istiqamətində də işlər davam etdirilir: "Ötən il rayonda sitrus meyvəçiliyinin inkişafı istiqamətində də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən yeni bağlar salınıb. Rayonumuz üçün ənənəvi olmayan baramaçılığa da insanlarımızda böyük həvəs yaranıb. Cari ildə rayonda ilk dəfə olaraq barama istehsalına başlanılacaq. Turizmin inkişafı da diqqətdən kənarda qalmayıb. Ötən il bu sahəyə 25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Dövlət başçısının tapşırığına əsasən, yaxın aylarda istifadəyə veriləcək Lənkəran İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin inkişafına yeni təkan verəcək".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir