Regional proqramların işsizlik probleminin aradan qaldırılmasına müsbət təsirləri

Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək, onun hərtərəfli şəkildə inkişafına nail olmaq azadlılğımıza qovuşduğumuz ilk illərdən aktual olaraq qalırdı. Lakin səmərəli idarəçiliyin mövcud olmaması, iqtisadi inkişafa hesablanmış proqramlar, sənədlərin qəbul edilməməsi o illərdə Azərbaycan iqtisadiyyatını ölü nöqtədə qərarlaşdırmışdı. İqtisadiyyat gerilədikcə bu ölkə əhalisinin sosial duruma da təsir göstərir, ümumilikdə bundan Azərbaycan zərər görürdü.

Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək, onun hərtərəfli şəkildə inkişafına nail olmaq azadlılğımıza qovuşduğumuz ilk illərdən aktual olaraq qalırdı. Lakin səmərəli idarəçiliyin mövcud olmaması, iqtisadi inkişafa hesablanmış proqramlar, sənədlərin qəbul edilməməsi o illərdə Azərbaycan iqtisadiyyatını ölü nöqtədə qərarlaşdırmışdı. İqtisadiyyat gerilədikcə bu ölkə əhalisinin sosial duruma da təsir göstərir, ümumilikdə bundan Azərbaycan zərər görürdü.

Qeyd etdiyimiz mənfi tendensiya demək olar ki, 1993-cü ilin ilk yarım ilinə qədər davam etdi. Yalnız həmin ildə ölkədə baş verən siyasi proseslər, xalqın dəyişiklik tələbi, o zamankı AXC-Müsavat cütlüyünün hakimiyyətdən uzaqlaşdırılmasından sonra ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə yuxarıda qeyd etdiyimiz mənfi tendensiyalar tədricən aradan qalxdı. Heydər Əliyevin gərgin əməyi sayəsində siyasi sabitliyin bərqərar olması ölkəyə xarici investorların gəlişi üçün şərait yaratdı. Və belə bir zamanda 1994-cü ildə tarixi bir müqavilə, "Əsrin kontraktı"nın imzalanması ilə demək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafının təməl daşı atıldı. Bu həm də Azərbaycanın regionlarının inkişafına təkan verən ilk addım idi. Belə ki, "Əsrin müqaviləsi"nin imzalanmasından sonra keçən müddət ərzində neftdən gələn gəlirlər məhz respublikanın regionlarının iqtisadi inkişafına istiqamətləndirilirdi. Həmin illərdə ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra regionlarda yaradılan infrastruktur da qeyd etdiyimiz kimi regionların inkişaf etdirilməsi baxımından atılan ilk addımlardan biri idi. Həmçinin bir neçə il əvvəl Azərbaycanın paytaxtında əsasən neftlə bağlı sahələrə investisiya yatıran xarici şirkətlər, iş adamlarına respublikanın regionlarında digər sahələr istiqamətində də iş qurmaq, investisiya yatırmaq imkanı yaradılırdı. Məhz həmin xarici investorların bölgələrdə o zaman yaratdığı bəzi infrastruktur layihələri də regionların inkişafı baxımından əhəmiyyətli sayıla bilərdi.

Artıq neftdən gələn gəlirlərin də səmərəli şəkildə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənirdi. Getdikcə neft gəlirlərimizin artması yeni-yeni hədəflər müəyyənləşdirir,  qarşıya yeni məqsədlər, istiqamətlər qoyurdu. Bütün bunları reallaşdırmaq üçünsə hansısa strateji plan, proqram, sənədin hazırlanması vacib idi. Və hökumət bunun üzərində işləyirdi. Beləliklə, 2004-cü ildə Azərbaycanın simasını dəyişə biləcək Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı adlı sənəd qəbul edildi. 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının hədəfi qarşısına qoyduğu məqsədlər sırasında ön planda bölgələrdə yeni iş yerlərinin açılması və infrastruktur layihələrinin reallaşdırılması dururdu. Əslində bu hədəfləri, məqsəd və vəzifələri hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Cənab İlham Əliyev andiçmə mərasimi zamanı açıqlamışdı. Dövlət başçısı həmin andiçmə mərasimi zamanı bildirmişdi ki, qısa müddətdə ölkədə 600 min iş yerinin açılması nəzərdə tutulur. Cənab Prezidentin andiçmə mərasimindən qısa bir müddət sonra 2004-2008-ci illər Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi Prezidentin dediyi sözlərin əməldə təsdiqinə hesablanmış bir addım idi. Əgər 2004-2008-ci illəri əhatə edən həmin Dövlət Proqramının icra vəziyyətinə və qeyd edilən illər ərzində görülən işlər, xüsusilə bölgələrdə. əyalətlərdə həyata keçirilən tədbirlərə diqqət yetirsək tam əminliklə deyə bilərik ki, yuxarıda qeyd etdiyimiz illəri əhatə edən həmin Dövlət Proqramı uğurla icra olundu. Bunu həm statistik göstəricilər, açılan iş yerlərinin sayı, həm də regionlarda infrastrukturun yaxşılaşdırılması istiqamıətində həyata keçirilən tədbirlər təsdiqləyir. Bu illər ərzində yerlərdə istehsal müəssisələrinin açılması, zamanında fəaliyyət göstərən, lakin Dövlət Proqramı qəbul edilənə qədər baxımsız vəziyətdə qalıb dağılan müəssisə və zavodların bərpa edilərək yenidən istifadəyə verilməsi ölkədə işsizlik probleminin minimuma endirilməsinə yol açdı.

Proqram çərçivəsində baxımsız və bərbad vəziyyətdə olan yollar yenidən quruldu, təkcə şəhər və rayon mərkəzləri deyil eləcə də kənd yolları belə asfaltlaşdırıldı. Turizm zonalarında yeni turizm istirahət mərkəzlərinin açılması bir tərəfdən yeni iş yerlərinin yaradılmasına vəsilə oldusa, digər tərəfdən qeyri-neft sektorunun bu mühüm sahəsinin inkişaf etdirilməsinə təkan verdi. Xüsusilə, dövlətin, dövlət başçısının iş adamlarına, sahibkarlara verdiyi dəstəyi qeyd etmək lazımdır ki, məhz bu diqqət və qayğıdan ruhlanan, stimul alan iş adamları bölgələrdə istər istehsal müəssisələri, istərsə də turizm obyektlərinin tikintisinə vəsait yönəltdilər.

Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən və uğurlu nəticələr verən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası bu gün də davam edir. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Dövlət Proqramının icrasına nəzarət birbaşa Cənab Prezidentin nəzarəti altındadır və dövlət başçısı müntəzəm olaraq ayrı-ayrı regionlara səfərləri zamanı proqramın yerlərdəki icrası ilə yaxından tanış olur, maraqlanır. Məlumat üçün qeyd edək ki, təkcə başa vurduğumuz 2017-ci il ərzində Prezident İlham Əliyev 30-dan çox rayona səfər edib. Bu səfərlər çərçivəsində yeni müəssisələrin açılışları qeyd olunub, regionların sosial-iqtisadi inkişafına xidmət edən müxtəlif addımlar atılıb, vacib tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı cənab Prezident bu məqamlara toxunaraq isə deyib: "Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram".

Dövlət başçısının da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi 2017-ci ilin nəticələri Azərbaycan üçün olduqca uğurlu oldu. Heç şübhəsiz ki, burada Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının da xüsusi rolu var. Belə ki, keçən il respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkənar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib, çoxşaxəli islahatlar uğurla davam etdirilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı deyib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib.

Ümumiyyətlə, ölkəmizdə sosial-iqtisadi inkişafa xidmət edən mühüm faktorlardan biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və yoxsulluq səviyyəsinin daha da aşağı salınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi oldu. İnkişafın yeni mərhələsində isə iqtisadi siyasət sosialyönümlü olması ilə fərqlənir. Yəni milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır. Bu kontekstdə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin azaldılması müstəsna əhəmiyyətə malikdir. Ötən müddət ərzində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Təkcə ötən il ölkəmizdə ötən il 221 min yeni iş yeri açılıb və bunlardan 177 mini daimidir. Müasir dövrün reallıqlarına və ölkələrin təcrübəsinə nəzər saldıqda bu, olduqca mühüm və müsbət göstəricidir. İş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ötən ilin yekunlarına əsasən ölkəmizdə işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olması sevindirici haldır.

Göründüyü kimi regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31