Kəlbəcərdə Bal Festivalı keçirilib
20:20 SosialSentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.
Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.
Tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Bəşir Hacıyev Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Daha sonra Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə festival başlayıb.
Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.
Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc Arıçı" layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Arıçıların istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.
Prezidentin Kəlbəcərdəki Xüsusi Nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına qayıdırlar. O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3 396 fermerə məxsus 148 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək yerli arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir: "İnanıram ki, dövlət dəstəyi və birgə səylər nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında mövqeyini daha da möhkəmləndirəcək".
Daha sonra tədbirdə Kəlbəcərə qayıdışla bağlı hazırlanan video çarx nümayiş etdirilib.
Festival konsert proqramı ilə davam edib.