Valideynlik hüququnu itirənlər ...
Azərbaycanda ailə həmişə müqəddəs sayılıb. Amma təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə ailə institutunun təməllərində zəiflik müşahidə edilir. Adı çəkilən problemlər isə özünü boşanmanın artmasında, məişət zəminində baş verən zorakılıq hallarının çoxalmasında göstərir.
18 Yanvar 2018 13:40 SosialAta-ana hansı hallarda bu hüquqdan məhrum edilir?
Azərbaycanda ailə həmişə müqəddəs sayılıb. Amma təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə ailə institutunun təməllərində zəiflik müşahidə edilir. Adı çəkilən problemlər isə özünü boşanmanın artmasında, məişət zəminində baş verən zorakılıq hallarının çoxalmasında göstərir. Bu isə son nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Hətta bəzən ailədə vəziyyət o həddə çatır ki, məhkəmə valideynləri valideynlik hüququndan da məhrum edir. Azərbaycanda valideynlik hüququndan məhrum etmə halları praktikada rast gəlinib, amma bu, tez-tez baş verən proses deyil. Vəkil Rövşən Qasımov bildirib ki, valideynlik hüququndan məhrum edilmə Ailə Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 64-cü maddəsində göstərilir ki, valideynlər nələri törətdikdə bu hüquqdan məhrum edilirlər. Məsələn, alimenti qəsdən ödəmədikdə, valideyn vəzifələrini yerinə yetirmədikdə və digər səbəbdən. Bu maddəyə yeni bənd də əlavə edilib ki, ailədə uşaqlara qarşı məişət zorakılığı hərəkətləri törədildikdə də valideynlər bu hüquqdan məhrum edilirlər.Əsasən boşanan ailələrdə valideynlərdən biri müraciət əsasında bu hüquqdan məhrum edilir. Amma həm ana, həm atanın valideynlik hüququndan məhrum edilməsinə praktikada rast gəlinməyib. Valideynlik hüququndan məhrumetmədən öncə məhdudlaşdırma aparılır: Müvafiq icra hakimiyyəti orqanına müraciət edildikdən sonra ilk 6 ay ərzində valideyn övladından məhrum edilir və artıq həmin uşağın tərbiyəsi ilə məşğul olmur. Həmin müddətdə uşağın təminatı ilə bağlı valideyn tərəfindən addım atılmadıqda məhkəməyə müraciət edilir və proses həyata keçirilir. 2013-cü ildə 92 valideynlik hüququndan məhrum etmə halları, 90 valideynlik hüquqlarının məhdudlaşdırılması halları olub. 2012-ci ildə isə 112 valideynlik hüquqlarından məhrum etmə halları, 25 valideynlik hüquqlarının məhdudlaşdırılması halları olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə təkcə 2014-cu ildə məhkəmələrdə ailə münasibətlərinə görə, 20435 işə baxılıb. Həmin işlərin 18931-i məhkəmə tərəfindən təmin edilib. Məhkəməyə müraciətlərin 11492-si (10928-i təmin edilib) nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi, 958-i (920-si təmin edilib) məhkəmə qaydasında atalığın tanınması, 572-si (527-si təmin edilib) övladlığa götürmə və onun ləğvi, 98-i (60-ı təmin edilib) valideynlik hüququndan məhrum etmə, 63-ü (55-i təmin edilib) valideynlik hüququndan məhdudlaşdırılması, 7252-si digər ailə münasibətləri ilə bağlı olub. Əslində ailə cəmiyyətin özəyi kimi hər zaman dövlət tərəfindən müdafiə olunub: Bu hal Əsas Qanunumuz - Konstitusiyamız üçün xarakterik haldır. Belə ki, Konstitusiyamızın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Analoji müddəa Ailə Məcəlləsində də mövcuddur. Məcəllənin 1.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Lakin ailə dövlət tərəfindən nə qədər himayə olunsa da, nikahın ləğv oluna biləcəyi kimi, valideynlik hüququndan da məhrum edilmə halları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından bu hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə. Valideynlik hüququndan məhrum etmə məhkəmə qaydasında olur. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən qüvvəyə minmiş Ailə Məcəlləsində valideyinlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib. Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideyinlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideyinlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır.
Hüquqşünas vurğulayıb ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər: Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Konstitusiyamıza görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yəni burada uşaqlara qayğı göstərilməsi ilə bağlı valideyinlərə münasibətdə ayrı-seçkiliyə yol verilməmişdir. Qanunvericilik valideyinlərin hər ikisinə bərabər yanaşma nümayiş etdirsə də, təcrübədə ananın valideyinlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə həssaslıqla yanaşırlar: Əslində, məhkəmlərimiz tərəfindən anaya qarşı bu cür yumşaq yanaşma ölkəmizdə 2007-ci ilədək qüvvədə olmuş Ali Məhkəmənin Plenumunun "Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında" 1976-cı il 29 dekabr tarixli nümunəvi Qərarının gətirdiyi məhkəmə praktikası ilə bağlıdır. Həmin qərarda qeyd olunurdu ki, məhkəmələr belə işlərə baxarkən valideynlərin bərabər şəraitə malik olduqları hallar zamanı azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı və nəvazişinə ehtiyacları olduğuna diqqət yetirməlidirlər". Onun bildirdiyinə görə, əksər hallarda valideyn məsuliyyətsizliyi uşaqların küçə həyatı keçirməsinə səbəb olur: "İlk növbədə uşaqlarını dilənməyə göndərən üzüqara valideynlər sərt cəzalanacaqları barədə xəbərdarlıq almalıdırlar. İşsiz valideynlər dövlət tərəfindən iş ilə təmin edilməli və ya ixtisasdəyişmə hüququ qazanmalıdırlar. Bütün bu profilaktik tədbirlər küçələrdə yaşayan uşaqların sayını azalda bilər. Valideynlərlə maarifləndirmə işi, küçələrdə yaşamağa məcbur olan uşaqlarla isə sosial və reabilitasiya işi aparılmalıdır".
Zəka