Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr fəallaşıb
Milli Məclisin noyabrın 17-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələrdən danışıblar. Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar.
17 Noyabr 2017 15:34 SosialAzay Quliyev: "İnsan orqanlarının alverçiləri ölkəmizə təzyiq etməyə çalışırlar"
Milli Məclisin noyabrın 17-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələrdən danışıblar. Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar. A.Quliyev bildirib ki, bir qrup beynəlxalq QHT-lər Azərbaycana qarşı yenidən fəallaşıb. Deputat bildirib ki, həmin QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışırlar: "Hər dəfə Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm proseslər baş verəndə QHT-lərin həmin şəbəkəsi fəallıq göstərir. Əgər onların siyahısına nəzər salsaq görərik ki, bəlli təşkilatlardır və hansısa qüvələr tərəfindən yönəldilirlər. Bu təşkilatlar arasında "PİN" adlı bir təşkilat var ki, Dağlıq Qarabağ münaqişəsinin fəal dövründə Azərbaycan əsirlərin daxili orqanlarını satmaqla məşğul idi. Azərbaycanla Avropa İttifaqının arasını vurmaq istəyən belə QHT-lər bu həssas məqdamda da Azərbaycana qarşı kampaniyanı davam etdirirlər".A.Quliyev ümid etdiyini bildirib ki, belə QHT-lərin fəaliyyətinə baxmayaraq Azərbaycan ilə Aİ arasında münasibətlər dərinləşəcək: "Ümid edirəm ki, münasibətlər daha da dərinləşəcək və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq". Deputat Məlahət İbrahimqızı da bildirb ki, son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər. Deputatın sözlərinə görə, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb: "Hansı ki, Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torplaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Parlamenti müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qəzərli mövqenin nümayişdir". Deputat çıxışı zamanı Milli Məclisin sədrindən AVRONEST PA nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.
Millət vəkili Zahid Oruc qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib. Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir. Deputat bildirib ki, kimsə ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz: "Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar".
Millət vəkili, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Qarabağla, Aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır. Deputat bildirib ki, bu, ən vacib məsələlərdən biridir: "Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalara çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum-Reklam Agentliyi də bu məsələyə öz töhvəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır". Deputat Elmira Axundova qeyd edib ki, Azərbaycanda açıq məkanlarda, avtomagistrallarda sosial reklamların verilməsinə böyük ehtiyac var. E.Axundova bildirib ki, avtomagistrallarda və digər açıq məkanlarda çoxlu böyük reklam bannerlərinə rast gəlirik: "Lakin təəssüflər olsun ki, bu bannerlər ya şou xarakterlidir, ya da hansısa ərzağın reklamıdır. Ancaq şəhidlərimiz, qəhrəmanlarımız, hərbi vətənpərvərlik barədə heç bir plakat yoxdur". Deputat bildirib ki, Böyük Vətən müharibəsi zamanı bu cür plakatlar əhalidə böyük ruh yüksəkliyi yaratmışdı: "Bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir və bizim də bu cür plakatlara böyük ehtiyac var. Təklif edirəm ki, "Reklam haqqında" qanuna dəyişiklik edilsin ki, hərbi vətənpərvərlik mövzusunda banerlər reklam sayılmasın. Belə olan halda hərbi mövzuda plakatlar geniş yayılacaq. Sosial reklamlarla bağlı da qanuna dəyişiklik oldu, ancaq yenə də sosial reklamlar zəifdir və ümumi reklam bazarında bu cür reklamlar çox azdır".
Sonra millət vəkilləri gündəlidə duran qanun layihələrinin müzakirələrini davam etdiriblər. "Prokurorluq haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib: "Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar". Deputat Siyavuş Novruzov isə bildirib ki, hesabatlılığın olması ümumi işin faydasınadır: "Bizim Konstitusiyada da göstərilir ki, hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər maddə də var ki, güc strukturları hökumətə daxil deyil, yalnız Ali Baş Komandan qarşısında hesabat verir. Təsəvvür edin ki, müdafiə naziri parlament qarşısında ümumi vəziyyət barədə hesabat verir. Onu hərə bir cür mətbuata açıqlayacaq. Ona görə də müharibə şəraitində buna ehtiyac yoxdur".
Alim