ATƏT-də Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü müzakirə edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ATƏT-in Daimi Şurasının iclasında Rusiya-Gürcüstan 2008-ci il müharibəsinin 18-ci ildönümü müzakirə olunub. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasda çıxış edən xarici işlər nazirinin müavini Laşa Darsaliya Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı törətdiyi genişmiqyaslı təcavüzdən və ötən 18 il ərzində torpaqların işğalını davam etdirməsindən danışıb. O qeyd edib ki, Moskva 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını pozaraq qoşunlarını ərazidən çıxarmaqdan, işğal olunmuş regionların "müstəqilliyinin" tanınmasını ləğv etməkdən və məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməkdən imtina edir.

Darsaliya işğal altındakı Abxaziya və Sxinvası regionunda humanitar və insan hüquqları sahəsindəki ağır vəziyyətə, qanunsuz həbslərə, qətllərə, dislriminasya və beynəlxalq mexanizmlərin bu ərazilərə girişinin bloklanmasına diqqət çəkib. Nazir müavini həmçinin Rusiyanın regionu öz siyasi, hərbi və hüquqi sisteminə inteqrasiya etməklə de-fakto ilhaq siyasəti yürütdüyünü, bu xüsusda 9 may 2026-cı ildə Sxinvası rejimi ilə imzalanmış "müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında saziş"in Moskvaya inzibati nəzarəti institusionallaşdırmağa imkan verdiyini bildirib.

Gürcüstanın münaqişənin dinc yolla həllinə və barışığa sadiq qaldığını vurğulayan Darsaliya, Cenevrə beynəlxalq danışıqlarının Rusiya ilə atəşkəs və köçkünlərin qayıdışı məsələlərinin müzakirə olunduğu yeganə format olduğunu xatırladıb. İclasda Avropa İttifaqı, ABŞ, Kanada və Türkiyə nümayəndələri də çıxış edərək Gürcüstana dəstəklərini ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31