Təhlükəli ərzağa son

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən Agentlik 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq. Agentlik Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Qida məhsullarına tarladan süfrəyə qədər nəzarət ediləcək
 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən Agentlik 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq. Agentlik Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.
Hüquqşünas Alim Hüseynli bildirib ki, yeni qaydalara əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarının, habelə onların qablaşdırma materialları dövlət qeydiyyatına alınacaq və reyestri aparılacaq. Reyestrdə olmayan qida məhsulları təhlükəli hesab ediləcək və istehsalçısına qarşı tədbirlər görüləcək. Agentliyə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək səlahiyyəti də verilib. Yeni yaradılan qurumun qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək, qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək vəzifəsi də var: "Agentlik konkret olaraq ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alacaq və onların reyestrini aparacaq. Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək". Onun sözlərinə görə, Agentliyin hüquqları ilə yanaşı vəzifələri də müəyyən edilib. Belə ki, Agentlik gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul edəcək. Agentlik həmçinin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tədbirləri tətbiq etmək vəzifəsini icra edəcək. Qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət edəcək.Qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan, çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb edəcək. Bundan başqa Agentlik genetik modifikasiya olunmuş məhsulların ölkəyə idxalına da nəzarət edəcək. Belə ki, ölkə daxilində genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış qida məhsullarının aşkarlanması və bu məhsullardan yarana biləcək təhlükənin təyin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görəcək. Ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlayacaq: "Agentlik fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq istiqamətində müvafiq tədbirlər həyata keçirəcək. Dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görəcək. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edəcək".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a deyib ki, bütün dünya ölkələrində, eləcə də Azərbaycanda ərzaq təhlükəsizliyi probleminin həlli mühüm məsələlərdəndir: "Ərzaq Təhlükəsizliyi Agentliyinin yaradılması cənab prezident tərəfindən bu istiqamətdə atılan ən vacib addımdır. Bu gün həqiqətən də ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi ehtiyac var. Qida təhlükəsizliyimiz təminat altında olmalıdır. Bunun üçün həm də bazara daxil olan mənşəyi bilinməyən məhsulların qarşısının alınmalıdır". E.Quliyev son illərdə kənd təsərrüfatı sahəsində nəzərəçarpacaq inkişafın olduğunu vurğulayıb: "Prezident İlham Əliyev deyib ki, "biz vətəndaşımızı yerli istehsalla tam təmin etməliyik". Xüsusilə son illər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün qanunlar qəbul edilib, fermerlərin normal fəaliyyəti üçün subsidiyalar ayrılıb, emal üçün sənaye müəssisələri yaradılıb. Bunların hamısı perspektivli addımlardır, eyni zamanda, qida təhlükəsizliyi və vətəndaşların sağlamlığı üçün önəmli amillərdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31