Azərbaycan ÇXR arasında əlaqələr inkişaf edir
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
15 Noyabr 2017 13:05 SosialMilli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün, xüsusilə iqtisadi sahədə əməkdaşlığın böyük perspektivləri mövcuddur. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşüb. Bu, Qədim İpək Yolunun bərpası deməkdir və Avropa ilə Asiyanı birləşdirən bir layihədir. Bu yol həm yük, həm də sərnişin daşımaları üçün nəzərdə tutulub. Diqqətə çatdırıldı ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə söhbət açan vitse-spiker gələcəkdə Çinin də bu prosesdən faydalana biləcəyini söylədi. Sonra Ziyafət Əsgərov qonaqlara 25 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdi. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir. Vitse-spiker Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, bu qətnamələrin icra edilməsi üçün Azərbaycana dəstək verməsini xahiş etdi. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu söylədi. O, Xocalı qətliamı barədə söhbət açaraq, dünyanın 15 ölkəsində bu faciənin soyqırım kimi tanınmasını diqqətə çatdırdı və Çin parlamentində də bu məsələnin müzakirə olunacağına ümid etdiyini dedi. Söhbətdə 2025-ci ildə "EKSPO" Beynəlxalq Sərgisinin keçiriləcəyi barədə məlumat verildi. Qeyd edildi ki, tədbirin keçirilməsi üçün Azərbaycanın Bakı, Fransanın Paris, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri öz namizədliklərini irəli sürüblər. Ziyafət Əsgərov Çini bu məsələdə Azərbaycana dəstək olmağa çağırdı. O, bunun üçün ölkəmizdə zəruri infrastrukturun, habelə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübənin olduğunu dedi.