Kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir
Noyabrın 8 – də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.
8 Noyabr 2017 15:46 SosialMedianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir
Noyabrın 8 - də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, dəyirmi masada Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, MŞ sədri Əflatun Amaşov, media rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov insanların mediada kriminal xəbərləri oxumasında təhlükəli bir durum olmadığını bildirdi: "Dünyanın hər yerində olduğu kimi, bizdə də kriminal xəbərlərə maraq var. Medianın insanların şüuruna təsirini də unutmamalıyıq. Bu xəbərlər media vasitəsilə ictimaiyyətə təsir göstərir. Beynəlxalq təcrübədə kriminal xəbərlərin verilməsi məsələsində razılığa gəlinib. Unutmamalıyıq ki, bu xəbərlərin sayının çoxalması ölkədə cinayətkarlığın artımına təsir edir, tolerantlıq azalır, qorxu atmosferi artmağa başlayır. Cinayətkarların romantikcəsinə təqdimatı, yeniyetmələrə daha çox təsir edir. Çünki bu yaşda onlar cinayətkarla qəhrəman arasında fərqi ayırd edə bilmir. Ən qorxulu məqamlardan biri bu cür xəbərlərdə hüquq-mühafizə orqanlarından düşmən obrazının yaradılmasıdır. Bu xəbərlərlə gələcək üçün terror, eksterimizmin əsası qoyulmuş olur. Dünya praktikasında kriminal xəbərlərlə bağlı informasiyalarda cəmiyyətin hüquqi özünüdərkinin səviyyəsi qaldırılır, bu problemlərin qanuni yolla həlli göstərilir. Hesab edirəm ki, ölkəmizdə də bu xəbərlərin verilməsində hüquqa sayğı, hadisələrin hüquqi yolla həllinin göstərilməsi və hüquq- mühafizə orqanları ilə əməkdaşlığın qurulması diqqətə alınmalıdır.
Biz "Google"da "Dağlıq Qarabağ", "Bakı - Tbilisi - Qars (BTQ) dəmiryolu", "Fədayə Laçın" və "Qoca" ləqəbli kriminal avtoritet" sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın", ikinci yerdə "Dağlıq Qarabağ", üçüncü yerdə "Qoca", dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmiryolu" ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir. Kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir".
Dəyirmi masada Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev məsələ ilə bağlı geniş çıxış etdi.(Çıxış saytımızda saat 13.51-də yayımlanıb)
Qəzet və saytların kriminal xəbərlərə çox yer ayırmasının səbəblərindən bəhs edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirdi ki, bu tip xəbərlərdə reytinq marağı ilə yanaşı, həm də qeyri - peşəkar yanaşma var. "Bu xəbərlərə geniş yer verilməsinin səbəbi Daxili İşlər Nazirliyinin yaxşı işləməsidir. Həmçinin bu xəbərlər vasitəsilə maraq çəkmək çox asandır. Lakin anlamalıyıq ki, bu informasiyalar heç biri ictimai əhəmiyyət kəsb etmir. Kriminal xəbər sensasiya kimi yox, sadəcə kriminal xronika kimi təqdim edilməlidir. Bu cür xəbərlərdə sadəcə fakt yox, həm də qınaq olmalıdır".
Dəyirmi masada iştirak edən "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas vurğuladı ki, kriminal hadisələri Hüquq Mühafizə orqanlarının mətbuat xidmətlərinə istinadən vermək lazımdı. "Xəbərə yanaşma başqadı. Verilən hər bir xəbərə maarifçi yanaşmaq lazımdı. Jurnalistlər problemin kökünü tapmalı və aidiyyatı qurumları bu problemlə bağlı xəbərdar etməli, onun yaranma səbəbini bildirməliyik.
İçərisindəki materiallar səbəbindən evimizə aparmağa utandığımız qəzeti çap etməməliyik. Hər bir media məsələyə məhz bu cür yanaşmalıdır.
Sovet dövründə respublikanın ən kriminal zonaları Bakı, Gəncə, Lənkəran və Ağdam idi. İndi isə hər bölgədən belə xəbərləri eşidirik. Bunun səbəblərindən danışmaq lazımdır. "Filankəs ailəsinin başını kəsdi" kimi xəbərlər elə formada təqdim edilir ki, sanki adi bir məsələdir. Hesab edirəm ki, sadəcə müzakirə etmək yetərli deyil, bu mövzuda cəza tədbirləri tətbiq edilməlidir".
"Hər bir media qurumu yaydığı məlumatlarda dövlətin marağını əsas götürməlidir. Mətbuatda kriminal avtoritetlərin təbliğ olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına böyük zərbədir. Hətta kriminal avtoritetlərin qəbirlərinin fotoları yayılır. Bu da gələcək nəslin təlim-tərbiyəsində böyük problemlər yaradır. Düzdür, telekanallarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı kifayət qədər verilişlər hazırlandı. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə, xəbər saytlarında biz bunun əksini gördük" - deyə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğuladı.
Dəyirmi masada iştirak edən APA Holdingin prezidenti Vüsalə Mahirqızı bildirdi ki, media hər şeydən yazmalıdı və media məsələni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər. "Mənim bu məsələdə mövqeyim fərqlidir. Əgər kriminal hadisə baş veribsə, media bunu yazmalıdır. Söhbət kriminal hadisələrə yanaşmadan gedir. Kriminal xəbərlərdə ictimai əhəmiyyəti olan hadisələr var. "APA Holding"ə daxil olan xəbər saytlarında təcavüz, xüsusən də azyaşlılara təcavüz edilməsi ilə bağlı xəbərlərin yayımlanması qadağandır. Çünki təcavüz cəmiyyətdə "SOS", narahatedici səviyyədə deyil. Bu məsələdən yazanlar heç olmasa, qadının, qızın ad və soyadını, rayonun adını gizlətməlidir. Ümumiyyətlə, qadınlarla, əxlaqsızlıqla, fahişəliklə bağlı hüquq-mühafizə orqanları tərəfindən adlar mediaya verilməməlidir. Dünya praktikasında da bu qayda var.
Medianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir. Kriminal avtoritetlərin öz qayda-qanunları olur. Bu isə medianın öz fəlsəfəsinə ziddir. Media öz fəlsəfəsinə zidd olan işlə məşğul olmamalıdır. Sosial şəbəkələrdə əsasən kütlənin maraq dairəsində olan yazıları paylaşırlar. Biz də kütlənin marağında olan xəbərlərə daha maarifləndirici yöndən yanaşmağa çalışmalıyıq. Bundan başqa, sosial şəbəkələrdən linç vasitəsi kimi istifadə olunması da narahatedicidir. Sosial şəbəkələrdən təhdid vasitəsi kimi istifadə olunur. Media öz fəlsəfəsinə uyğun hərəkət etməlidir".
"Medianın böyük bir hissəsi ictimai maraqları əsas götürür. Kriminal xəbərlərə geniş yer verməkdə məqsəd təkcə reytinq toplamaq deyil. Müğənninin cinayətkarı həbsdən qaçırması cəmiyyətdə bir saat aktual olacaq. Kriminal xəbərlərin medianın aparıcı gündəmində bomba kimi partlamasına çalışanlar elə həmin oyunun içərisinə düşürlər. Həmin media qurumlarını diqqətli olmağa çağırıram" -deyə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev medianın iki hissəyə bölündüyünü, bir qrupun informasiya istehsal etdiyini, digər bir qrupun isə "copy-past"la məşğul olduğuna diqqət çəkdi. "Belə problemlər yaşamağımızın və bu gün bura toplaşmağımızın da əsas səbəbi məhz ikinci qrup media orqanlarıdır. Kriminal, şiddət üstündə reytinq qazanmağın əleyhinəyəm".
"Teleqraf Media Qrupu"nun rəhbəri Aynur Camalqızı bu problemlərin daha çox qeyri-ciddi medialarda qaynaqlandığını xüsusi vurğuladı. "Azərbaycanda heç kimin oxumadığı media orqanları nə dövlətə, nə də oxucuya lazımdır. Bu cür mövzuları işıqlandırmadığımız halda həmin media qurumlarının arxasında qalırıq. Şiddət, zorakılığın necə işıqlandırılmasını dəfələrlə mövzu kimi işləmişik. Ümumi qənaət bu olub ki, belə xəbərlər verilməldir, lakin hadisələrin cəmiyyətə, həmin şəxslərin ailələrinə mənfi təsirinə yer verilməlidir. Bütün dünyada kriminal və şou biznes xəbərləri böyük maraqla oxunur. Bu xəbərlərin oxunması Azərbaycan oxucusunun səviyyəsinin aşağı olması ilə bağlı deyil. Fədayə Laçın və onun həbsdən qaçırdığı iddia olunan şəxslər barədə məlumatın mediada verilməsi təbii haldır. Bu mövzunu yazmağa, müzakirə etməyə məcbur idik. Amma heç bir ciddi media orqanında həmin şəxslər təbliğ olunmur. Türkiyə və Rusiya kimi ölkələrdə bu hadisələr sadəcə xəbər kimi təqdim edilmir, həm onunla bağlı filmlər çəkilir. Hesab edirəm ki, bu mövzuların daha peşəkar işıqlandırılmasına diqqət yönəltməliyik".
Nigar Adil