Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb
Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib.
6 Noyabr 2017 17:03 SosialBakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, hazırda "Azəravtoyol" ASC tərəfindən yolun asfaltlanması işləri aparılır. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür. Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.