Azərbaycanda məlumat azadlığı üçün əlverişli mühit formalaşıb

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, fikir və məlumat azadlığının bərqərar olması istqamətində ciddi addımlar atılmaqdadır. Nəzrə almaq lazımdır ki, hazırda müasir dünyada informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Çünki, effektli inkişafa nail olmaq üçün informasiya texnologiyalarından bütün sahələrdə istifadə olunması vacib şərtdir.

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, fikir və məlumat azadlığının bərqərar olması istqamətində ciddi addımlar atılmaqdadır. Nəzrə almaq lazımdır ki, hazırda müasir dünyada informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Çünki, effektli inkişafa nail olmaq üçün informasiya texnologiyalarından bütün sahələrdə istifadə olunması vacib şərtdir. Sirr deyil ki, bu günə kimi Azərbaycanda sözgedən sahədə həyata keçirilən işlərlə bağlı bir çox yeniliklərə və uğurlara imza atılıb. Artıq ölkədə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir, sosial şəbəkələrdən yararlanır. Bununla belə, ölkədə məlumat azadlığının təmin edilməsi baxımından informasiyalı cəmiyyətinin bərqərar olması vacib şərtdir. Azərbaycanda informasiya cəmiyyətinin bərqərar olması istiqamətində işlər davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb. Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib. Məlumat üçün qeyd edək ki, artıq Milli Strategiyanın ilkin mərhələsi(2014-2017-ci illər) başa çatmaq üzrədir. Bu illər ərzində görülən işlərlə qarşıya qoyulan hədəflərə nail olunub. İndi qarşıda 2018-2020-ci illər üçün görüləcək işlər dayanır. Qeyd edək ki, Milli Strategiyada əsas hədəflərdən biri ölkədə geniş zolaqlı internetin inkişaf etdirilməsidir. Yəni Azərbaycanda bütün bölgələrdə, dövlət təşkilatlarında, müəssisələrdə sürətli internetin təminatı başa çatdırılmalıdır. Sirr deyil ki, bu məqsədə çatmaq üçün ilk növbədə lazımi infrastruktur yaradılmalıdır. Artıq bunun üçün tələb olunan infrastruktur bazası ortadadır. Hələ 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1" orbitə çıxarılmışdır ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır. Məhz bu kimi görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların böyük əksəriyyəti genişzolaqlı, yəni sürətli internetdən istifadə edir. Qətiyyətlə demək olar ki, artıq əksər vətəndaşlar, harada yaşamasından asılı olmayaraq, sürətli internetə çıxış əldə edə bilirlər.Yeri gəlmişkən qeyd edək ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Respublikamızda mobil şəbəkə genişləndirilmişdir. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən isə ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır. Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür. Təkcə bu göstəricilər Azərbaycan vətəndaşının internet, sosial şəbəkələrə çıxışının, məlumat əldə etmək imkanlarının hansı səviyyədə olduğunu deməyə əsas verir. Sadalanan bu faktlar ölkədə həm də sosial medianın əlçatanlığına dəlalət edir. Etiraf edilməlidir ki, sosial media konsepsiyası son vaxtlar yaranmasına baxmayaraq, insanlar tərəfindən asanlıqla qəbul edilib. Daha doğrusu, texnoloji inkişaflar kimi, sosial media və virtual inkişaflar fərdlər tərəfindən tez qəbul olunur. Elə bu səbədən də Azərbaycanda insanların bir çoxu məlumat əldə etmək imkanını mobil telefonlar, sosial şəbəkələr vasitəsilə təmin edirlər.
Mütəxəssislərin qənaətinə görə, vətəndaşların məlumat azadlığının təmin edilməsi üçün əsas şərtlərdən biri də elektron dövlət xidmətlərinin yaradılması, onların təkmilləşdirilməsi, eyni zamanda vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmə bacarığının artırılmasıdır. Etiraf edilməlidir ki, Azərbaycanda əksər dövlət qurumlarında elektron xidmət sahələri yaradılıb. Vətəndaşlar sərbəst şəkildə həmin xidmətlərdən istifadə edərək istədikləri məlumatı əldə edə bilirlər. Vətəndaşların həmin xidmətlərdən istifadı bacarığı artdıqca, ölkədə elektron vətəndaş problemi həllini tapacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Azərbaycanın gələcək tərəqqisinə yönəlmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikada innovasiya yönlü və biliklərə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasında informasiya cəmiyyətinin inkişaf etdirilməsini əsas məqsəd olaraq qarşıya qoyub. Azərbaycan Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir. Milli Strategiya informasiya cəmiyyətinin formalaşdırılması üzrə indiyədək görülmüş işlərin nəticələrinə əsaslanır və onların daha da inkişafı məqsədilə dövlət siyasətini, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin başlıca istiqamətlərini müəyyənləşdirir. Bu strategiyada cəmiyyətin müasir texnologiyalara olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa İttifaqının, YUNESKO-nun tövsiyələri, "Açıq hökumət təşəbbüsü"ndən irəli gələn məsələlər nəzərə alınıb. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli şəkildə istifadə, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, həmçinin rabitə və yüksək texnologiyaların ayrıca iqtisadi sahə olaraq inkişaf etdirilməsidir. Milli Strategiyanın prioritet istiqamətləri ölkədə İKT infrastrukturu və xidmətlərinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi, yüksək texnologiyalar sahəsinin və onun inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, "elektron hökumət"in və ümumilikdə İKT-nin cəmiyyətin inkişaf amili kimi rolunun artırılması, kadr hazırlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin zənginləşdirilməsidir. Milli Strategiyada rəqabət qabiliyyətli və ixrac yönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsinə müstəsna əhəmiyyət verilir. Yüksək texnologiyaların, o cümlədən kosmik texnologiyalar, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi əsas vəzifə olaraq nəzərdə tutulur. Ölkədə dünya səviyyəli elm tutumlu texnologiyaların, yüksək texnoloji məhsulların yaradılması və onların beynəlxalq bazara çıxarılması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin yaradılması, rəqabət və ixrac potensialının artırılması, investisiyaların cəlb olunması, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının genişləndirilməsi, internet iqtisadiyyatının inkişaf etdirilməsi əsas fəaliyyətlər kimi əks olunur. Milli Strategiyanın mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcək. Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Bu gün İnformasiya Kommunikasiya Texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Azərbaycanda isə bu imkanlardan istifadəyə heç bir məhdudiyyət yoxdur. Yaşından, dilindən, dinindən, irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq bütün insanların informasiya, bilik tələbatını ödəmək bilik və düşüncələrini ictimaiyyətə çatdırmaqda sərbəstdirlər. Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Məhz bu kimi addımların nəticəsdir ki, Azərbaycan vətəndaşlarının söz, fikir və məlumat əldə etmək imkanları günü-gündən genişlənir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31