Medianın avtoritetlərlə bağlı xəbər verməsi niyə qınanılır...

Zeynal Məmmədli: "Kriminal aləmin bu dərəcədə işıqlandırılması səhvdir"; Elbrus Ərud: "Avtoritetlər, onların yaşayış tərzi həmişə cəmiyyətin əsas maraqlandığı mövzulardan biri olub"

Son vaxtlar mətbuatda, mediada "oğru aləmi"nin nümayəndələri, avtoritetlər haqqında geniş məlumatlar yayılmaqdadır. Məsələn, bu günlərdə "qanuni oğru", "Lotu Quli" ləqəb ilə tanınan  Nadir Səlifovun azadlığa çıxması, Bakı-Astara qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbusların qaçması, Gəncədə çayxanada baş vermiş atışma və sairə olaylar geniş müzakirə olunmaqdadır.

Cəmiyyətdə bu məlumatlar böyük maraqla izlənilsə də, bir çoxları, hətta jurnalistlərdən də bəziləri öz həmkarlarını qınayaraq bu cür məlumatların əslində mətbuatda yayımlanmasının doğru olmadığını, insanlara, xüsusən də yeniyetmə və gənclərə psixoloji olaraq təsir etdiyini, beləliklə də onları avtoritet aləminə təhrik etdiyini  qeyd edirlər.

Lakin onu da unutmaq olmaz ki, Azərbaycanda sovet dövründən bu günə qədər "qaçaqlara", "oğru" aləminin nümayəndələrinə, "lotu"lara, avtoritetlərə böyük maraq və rəğbət olub.

Bəs, mətbuatda avtoritetlərlə bağlı yazıların dərc olunması nə dərəcədə etik və doğrudur?

Media eksperti Zeynal Məmmədli bu cür yazıların işıqlandırılmasının yolverilməz olduğunu dedi:

"Kriminal aləminin jurnalistlər tərəfindən bu dərəcə işıqlandırılması səhvdir. Çünki bu insanları avtoritet aləminə təhrik edir, maraq oyadır, həvəsləndirir ki, avtoritetlər kimi  məşhur olsunlar. Keçən əsrin ortalarında "qanuni oğru" adlandırılan insanlarla bağlı mahiyyət ondan ibarət idi ki, xüsusi xidmət orqanları kommunist rejiminə qarşı ümumxalq nifrətini azaltmaq üçün kriminal aləminin nümayəndələri ilə sazişə girmişdi. Və onların nüfuz qazanmasında dövlət orqanlarının da rolu var idi. Amma gəlin indi nəzərə yetirək görək ki, indi mətbuatda "qanuni oğrular" bağlı yazılarda nə ortaya çıxır? Axı avtoritetlərlə bağlı yazıların cəmiyyətə nə xeyri var? Bu yazıları oxumayan insanlar nəyi itirir? Əgər bu yazılar maraq xatirinə verilirsə, onda hansısa şou tipli tədbirlərdə zarafatla onların davranışlarını, jarqonlarını təqlid etmək olar. Və nəticə etibarı ilə onları şöhrətləndirmək deyil, bu yolun çox pis olduğunu və şərə xidmət etdiyini göstərmək lazımdır. Düşünməliyik ki, mətbuatda bu cür yazıları işıqlandırmaqla biz nəyi örnək veririk? Yox əgər mətbuat bu yazıları əyləndirmək üçün verirsə, deməli, peşəkarlıq krizisi var. Əgər maraqlandırmaq üçün verilirsə, onda avtoritetləri şöhrətləndirir. Birmənalı olaraq bu yolverilməzdir".

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud isə mövzuya bu cür şərh bildirdi: "Oğru aləmi" ilə bağlı nə zaman mövzu işıqlandırılıbsa, insanlar, qarşı tərəf elə düşünüb ki, bu insanları qəhrəman kimi qələmə vermək, gənclərə nümunə göstərmək olmaz. Amma bu bir danılmaz faktdır ki, avtoritetlər, onların yaşayış tərzi, keçdikləri yol həmişə cəmiyyətin əsas maraqlandığı mövzulardan biri olub. Bu tarixən də belə olub, indi də belədir. 20 ildir ki, onlar haqqında kitablar yazılar, barələrində əfsanələr dolaşır. Cəmiyyət həmişə onlara maraq göstərir, onları sanki ədalət carçısı, qanunu qoruyan insan kimi görüblər. Buna görə də düşünürəm ki, avtoritetlərdən yazmaq normaldır, maraqlıdır. Üstəlik bu haqda təkcə biz deyil, dünyanın hər yerində yazır, işıqlandırırlar. Məgər Amerikada, İspaniyada və digər ölkələrdə avtoritet yoxdur? Bütün dünyada məşhur avtoritetlər var və həmin ölkələrin də mediası onlarla bağlı xəbərlər tirajlayır".

Avropa.info saytının rəhbəri Ruslan Bəşirli: "Biz media mənsubları olaraq xəbər istehsalı ilə məşğuluq. Kriminal aləmlə bağlı xəbərlər isə mən deyərdim ki hər kəs üçün maraqlıdır. Bu bütün dünyada belədir. Azərbaycana gəlincə, deyək ki, iki məhbus qaçıb, bunu mətbuat necə işıqlandırmasın? Bu xəbər verilməyəcəksə, bunun nəyi jurnalistika oldu? Və yaxud da 21 ildir həbsdə olan və postsovet məkanının ən nüfuzlu "qanuni oğru"su azadlığa çıxır. Mətbuat nə etsin? Durub prosesi kənardan izləsin? O ki qaldı bu informasiyaların guya gənclərdə kriminal aləmə həvəs oyatmasına filana bu mətbuatdan daha çox ailədə, məktəbdə, nə bilim cəmiyyətdə yaşanan problemdir. Media bu tipli xəbərlərdən qaça bilməz. Amma çalışmaq lazımdır ki, kriminalla bağlı xəbərlər daha çox cəmiyyətə informasiya ötürmə yönümlü olsun. Yəni təbliğat xarakterli olmasın. Düşünürəm ki, son baş verən proseslər zamanı da mətbuat yalnız cəmiyyətə xəbər ötürürdü. Bu xəbərlərdə konkret olaraq cinayət aləmi təbliğ olunmurdu. Ona görə də bu tipli xəbərlərin gənclərin tərbiyəsində hər hansısa mənfi tendensiyaya səbəb olacağını hesab etmirəm"

Xalidə GƏRAY

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00