“Söhbət” nə dərəcədə diqqəti yayındıran hal hesab olunur?

Sükan arxasında söhbət edən şəxslərin cərimələnməsi ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsinə baxmayaraq hələ də sözügedən məsələnin müzakirəsi davam etdirilir. Buna səbə kimi qanunda belə bir müddəanın olub-olmaması, yaxud hər hansı dəyişikliyin ediləcəyi göstərilir.

Qanunvericilikdə təhlükəsizliyə hesablanmış müddəalar niyə işləmir?

Sükan arxasında söhbət edən şəxslərin cərimələnməsi ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsinə baxmayaraq hələ də sözügedən məsələnin müzakirəsi davam etdirilir. Buna səbə kimi qanunda belə bir müddəanın olub-olmaması, yaxud hər hansı dəyişikliyin ediləcəyi göstərilir. Müzakirələr aidiyyatı qurumları təmsil edən rəsmi şəxslərin bir-birinə zidd açıqlaması ilə yenidən aktuallaşıb. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin 5-ci bəndində belə bir müddəanın olduğunu bildirsə də, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında sükan arxasında su içmək, danışmaq, musiqiyə qulaq asmağın qanunla qadağan olunmadığını bildirib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə bu kimi hüquqi məsələlərlə bağlı şərh verməyin yalnız mütəxəssis və hüquqşunasların işi olduğunu bildirib: "Əslində, polis qanunda nə varsa, onu deyir. Əgər qanun varsa, onun tətbiq olunmasına da nəzarət olunur. Qanunda bəzən elə maddələr olur ki, tətbiqinin insanlar arasında narazılıq yaradacağı düşünülür və təxirə salınır". Deputat əlavə edib ki, həqiqətən də "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin 5-ci bəndinin 2-ci hissəsində belə bir müddəa var: Nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitələrinin hərəkəti zamanı telefonu əlində saxlamaq və ondan istifadə etmək: "Bəli, telefonun əldə saxlanması zamanı Dövlət Yol Polisi əməkdaşları cərimə tətbiq edirlər. Ancaq diqqəti yayındıra biləcək söhbətdə iştirak etməklə bağlı mən hələ ki, kiminsə inzibati məsuliyyətə cəlb olunmasının şahidi olmamışam. Qanunverici orqanın nümayəndəsi kimi istəməzdim ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına xidmət edən, yol hərəkəti təhlükəsizliyini təmin edən polis əməkdaşları sosial şəbəkələrdə tənqid hədəfinə çevrilsin. Çüki bu, o demək deyil ki, sükan arxasında əyləşən sürücü yanındakı sərnişindən nəsə soruşarsa və yaxud ona ünvanlanmış sualları cavablandırarsa, buna görə inzibati qaydada 40 manat cərimə olunacaq. Əgər bu belə olsa, taksi sürücüləri gərək fəaliyyətlərini dayandırsınlar. Və yaxud da heç ağla batan deyil ki, sürücü ailə üzvləri ilə səyahət edən zaman onlarla maraqlanmasın və sair. Söhbət yalnız və yalnız avtomobili idarə edən zaman diqqəti yayındıra biləcək söhbətlərdən gedir. Bəzən elə hallar olur ki, sürücü sükan arxasında olan zaman çönərək arxadakı dostları ilə söhbətlər edir, emosiyalara qapılaraq sükanı buraxıb əl-qol hərəkətləri ilə danışır, hətta qışqırıb dalaşanlar da olur. Bu zaman həmin şəxslər qəza təhlükəsi yaradır. Yəni, qanunun olması hələ o demək deyil ki, kütləvi şəkildə hər bir şəxsə tətbiq ediləcək". Millət vəkili Vüsal Hüseynov qeyd edib ki, avtomobil idarə edərkən diqqəti yayındıran söhbət etmənin 40 manat cəriməyə səbəb olması barədə qanunlara hər hansı yeni bir dəyişiklik edilməyib və qeyd edilən cərimə uzun illərdir ki, bizim qanunvericiliyimizdə yer almışdır, bu günədək də tətbiqi ilə bağlı təcrübədə hər hansı neqativ hal geniş ictimai müzakirə predmeti olmamışdır: "Bu məsələ əsas 2 Qanunla tənzimlənir. "Yol hərəkəti haqqında" Qanun və İnzabati Xətalar Məcəlləsi. Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək qadağandır. Eynilə bu Qanunun pozulması üzrə məsuliyyətin müəyyən edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 342.1.2. maddəsində nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması kimi qiymətləndirilir və bu inzibati xətaya yol vermiş şəxsə 40 manat məbləğində cərimə müəyyən edilir. Bu müddəa və tələblər "Yol hərəkəti haqqında" Qanunun əsas məqsədi olan yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi ilə uyğundur. Belə ki, baş verən avtoqəzaların əsas səbəblərindən biri kimi də sürücülərin söhbət zamanı başının qarışması, diqqətin yayınması və bununla bağlı idarəçilikdə yol verdiyi qüsurlardır. İnternetdə belə qəzaların yüzlərlə nümunəsi mövcuddur və bir sıra sosial roliklər də elə bu məqamların üzərində qurulub". Onun bildirdiyinə görə, nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmaq təkcə bizim öz təhlükəsizliyimiz üçün deyil eyni zamanda başqaların, piyada və sürücülərin, ümumi cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir və bu baxımdan belə normaların olması normaldır: "Nəzərə alaq ki, burda söhbət yüksək sürətlə hərəkət edən və diqqətsizlik baş verdikdə həyat üçün təhlükəli olan fəaliyyətdən gedir. Bu məsələdə müzakirəyə səbəb olan məqam qanunda yer alan "diqqəti yayındıra biləcək söhbət"in anlayışının verilməməsi və bunun müxtəlif şərhi ilə bağlıdır. Bu isə sübut edilməni nisbətən çətin və ya mübahisəli etdiyi üçün tətbiqi zamanı müzakirələrə yol açır. Hər bir halda yol hərəkəti qaydaları ilə bağlı əksər inzibati tənbeh tədbirləri kimi vətəndaşlar bu cərimə barədə barədə protokolda öz qeydini edə bilər və protokolu mübahisələndirə, yəni prokotokoldan yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verə bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31