Estetik əməliyyatda cərrah səhvi

Hazırda estetik-plastik əməliyyatlar ən geniş yayılmış cərrahiyə əməliyyatlarından hesab olunur. Öz görünüşlərini bəyənməyən insanlar problemin həlli yolunu cərrahlara üz tutmaqda görürlər. Hətta xarici görünüşlərini dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Bunun müqabilində külli miqdarda vəsait ödəməkdən belə çəkinmirlər. Çox təəssüf ki, bəzi hallarda daha eybəcər vəziyyətə düşürlər.

Gips açıldıqdan sonra burundan sap sallanıb

Hazırda estetik-plastik əməliyyatlar ən geniş yayılmış cərrahiyə əməliyyatlarından hesab olunur. Öz görünüşlərini bəyənməyən insanlar problemin həlli yolunu cərrahlara üz tutmaqda görürlər. Hətta xarici görünüşlərini dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Bunun müqabilində külli miqdarda vəsait ödəməkdən belə çəkinmirlər. Çox təəssüf ki, bəzi hallarda daha eybəcər vəziyyətə düşürlər. Təəssüf ki, Azərbaycanda da uğursuz estetik-plastik əməliyyatların sayı kifayət qədərdir. Məsələ orasındadır ki, əksər cərrahiyə əməliyyatlarının uğursuz alınmasının günahkarları həkimlərdir. Vəziyyət o həddə çatıb ki, hətta qeyri-ixtisas sahibi olan həkimlər estetik əməliyyatlara qol qoyurlar. Uğursuz estetik-plastik əməliyyatlardan biri də paytaxt Bakı şəhərində qeydə alınıb. Bakı şəhər sakini Həsənova Lalə "Medical Plaza" və "Baku City Hospital" da edilən uğursuz əməliyyatla bağlı "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu Şamil Əzizbəyov 174, mənzil 17 ünvanında yaşayan Lalə Həsənovanın müraciətində sözügedən klinikalarda baş verən qanun pozuntuları əksini tapıb. Belə ki, L.Həsənova 2012-ci ildə Bakı şəhəri Vaqif prospekti 75A ünvanında yerləşən Tibb Mərkəzində  çalışan türkiyəli həkim Lütfü Barlas Aydoğan tərəfindən burnundan estetik və çəpər əyriliyi səbəbi ilə əməliyyat olunub. Lakin cərrahiyə əməliyyatı ilə bağlı pasiyentlə müqavilə bağlanılmayıb. Üstəlik pasiyentin istəyini nəzərə almayaraq onun sifətinə yaraşan formada əməliyyat edəcəyini bildirib. Beləliklə, əməliyyatdan sonra gips açıldığı zaman pasiyentin burnunun əyri olduğu məlum olub. Elə bu səbəbdən də cərrahiyə əməliyyatının nəticəsini gizli saxlayıblar. Hətta, başqa bir həkimin müdaxiləsi ilə burunu sıxaraq əyriliyi düzəltməyə çalışsalar da müsbət nəticə əldə edilməyib. Xəstə əməliyyatdan sonra nəticədən razı qalmadığımı bildirdikdə ona on günlük müalicə yazaraq elektrik masajına gəlməsini məsləhət görüblər. Üstəlik heç bir nəticəsi olmayan masaj üçün 50 manat ödəniş də tələb ediblər. Kurs müalicəsinin sonunda müsbət nəticənin olmadığını görən həkim burunun əyriliyinin səbəbini üz simmetriyasının çox olması ilə əsaslandırıb. Müraciət müəllifi bildirir ki, cərrahiyə əməliyyatını həyata keçirən türk həkim hazırda Həsən Əliyev 38 ünvanında yerləşən "Grand Hospitalda" çalışır: "Mən ilk əməliyyata analizlərlə birlikdə 1477 manat ödəniş etmişdim. Birinci əməliyyat uğursuz olduğundan bir ildən sonra əlavə 150 manat ödəyib eyni həkimə əməliyyat etdirdim. Əməliyyatlardan sonra iybilmə qabiliyyətimi itirdim və nəfəs almam daha da çətinləşdi. Bu səbəbdən şiddətli baş ağrılarım yarandı. İkinci əməliyyatın nəticəsi də pis olduğundan məcbur olub üçüncü əməliyyat üçün "Baki City" Hospitalı seçdim. Həkimə əməliyyat üçün analizlə birlikdə 2300 manat ödəmişəm. Bu zaman mənə rəsmi pul qəbzi verilməyib, yalnız 100 manat üçün qəbz verildi. Mənimlə heç bir müqavilə bağlanmadı, nəticənin necə olacağı ilə bağlı heç bir sənəd verilmədi". L.Həsənova bildirib ki, üçüncü burun əməliyyatını xəstəxananın lor-cərrahı Cavid İsmayılov icra edib. C.İsmayılov əvvəlki əməliyyatda nöqsanların olduğunu bildirərək yeni əməliyyatın həyata keçirilməsi üçün ondan 2300 manat alıb. Məbləğin çox olmasının səbəbi kimi buruna sinənin altından çıxarılacaq qığırdağın vurulması göstərilib: "Həkim əvvəldən burnumun vəziyyətinin pis olması səbəbindən qığırdağa ehtiyac olduğunu bildirmişdi. Bunun üçün də başqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi. Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər. Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb". Onun bildirdiyinə görə, sarğı açılanda yenə də burnunun formasını bəyənməyib: "Hətta uc hissənin yenə uzun, kənarların batıq qaldığını gördüm və bildirdim ki, kaş qığırdaq qoyub, bunu itirərdiniz. Həkim isə qığırdağı əməliyyat zamanı o hissəyə qoyduqda yaxşı gorünmədiyini və ehtiyac olmadığını dedi. Sağ tərəfdə yapışqanlıq olduğunu və nəfəs almamda çətinlik çəkdiyimi söylədim. Mən burnumun yenidən əməliyyat olunmasını istəsəm də, həkim səhvlərini boynuna almayaraq rədd cavabı verdi. Bildirdi ki, təkrar əməliyyat aparılsa dəri həssaslaşdığına görə burnumda çürümə baş verə bilər". L.Həsənova qeyd edib ki, əməliyyatdan bir müddət keçdikdən sonra şiş çəkildikdə burnunun ucunda sap qaldığını görüb. Sapın çıxarılması üçün həkimə müraciət edib və həkim Cavid İsmayılov özü sapı kəsib. Sapın kökünün içəridə çürüməsi üçün dərman da yazıb: "Həmin dərmanı vursam da, heç bir effekt görmədim. Yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi. Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm. Onlar mənə maddi və mənəvi ziyan vurublar, üstəlik əlavə olaraq 100 manat da istəyirlər. Həkimə əməliyyatın uğursuz alınmasında onların günahı olduğunu deyəndə inkar etdi. "Mənim səhvim yoxdur"- deyərək sapın keyfiyyətinə cavabdeh olmadığını əlavə etdi. Ödədiyim pulu da kassaya yox, onun özünə verməli olduğumu dedi. Mən də pulu özünə verdim, lakin həkim mənə pulun qəbul edilməsi barədə qəbz vermədi. Əməliyyatdan çıxanda həkimin özünə də demişdim ki, əl işiniz ürəyimcə olmayıb. Mənə demişdi ki, üçüncü əməliyyat olduğu üçün ideal nəticə gözləmə. Amma burnumda sapın qalmasını düşünmürdüm. Həm də 6 ay ərzində tam düzələcəyinə ümüdləndirmişdi".
AİB sədri bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli təsdiq edilmiş 137 nömrəli əmri ilə təsdiqlənmiş "Həkimlərin etik davranış qaydaları"nın 15-ci bəndinə əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Eyni zamanda, həmin sənədin 36-cı bədinə görə, həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsindəvətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər. İndi L. Həsənova bildirir ki, sözügedən üç əməliyyata birlikdə 3977 AZN xərci çıxıb və ona dəymiş maddi ziyanın tam həcmdə ödənməsini tələb edir. Bildirir ki, ya hər iki klinika birləşib əməliyyatı uğurla başa çatdırsınlar, ya da ödədiyi 3927 AZN-ı geri qaytarsınlar: "Azad İstehlakçılar Birliyi müraciətlə əlaqədar zəruri işləri görəcək və istehlakçının hüququnun təmənnasız qorumaq, klinikalarda vəziyyəti insanların, dövlətimizin qanunlarının xeyrinə dəyişmək üçün tədbirlər həyata keçirəcəkdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31