“Kanal 13”ün direktorunun məhkəməsində şahidlər dindirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet-televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
24 Oktyabr 2017 14:24 SosialBakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet-televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Prosesdə şahid qismində "Kanal 13"də mühasib işləmiş Kübra Məmmədova ifadə verib. O, ifadəsində "Kanal 13" və Qafqaz Media Mərkəzi ilə 2009-cu ildən bəri əməkdaşlıq etdiyini göstərib: "Xidmət müqaviləsi ilə layihələrin icrasında iştirak etmişəm, ayrılan layihələrin hesabatını vermişəm. Vergidən yayınma halına rast gəlməmişəm. Həm Avrasiya Əməkdaşlıq Fondundan, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasından layihələr ayrılmışdı. Hesabatlar vaxtı-vaxtında verilib. "Kanal 13" Qafqaz Media Mərkəzinin nəzdində yaradılmışdı".
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov da şahid qismində dindirilib. Şahid ifadəsində Əziz Orucovla layihə icrası ilə bağlı əməkdaşlıq etdiyini göstərib: "Təşkilatımıza layihə icrası üçün QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant ayrılmışdı. Biz layihəmiz üçün 15 dəqiqəlik sənədli film çəkməli idik. Filmdə işğal altında olan tarixi abidələrimizin vəziyyəti barədə məlumatlar, görüntülər əks olunmalıydı. Buna görə də Əziz Orucova müraciət etdim. Bunun üçün də 6 min manata yaxın pul ödəmişəm".
Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Virtualaz.org